Azərbaycan-Özbəkistan müttəfiqlik yolunda - rəylər

İki qardaş dövlət arasında strateji tərəfdaşlıq bütün sahələri əhatə edir

Ötən həftə Azərbaycanın türk dövlətlərindən biri Özbəkistanla münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verəcək daha bir önəmli addım atılıb. 1-4 avqust tarixlərində Bakıda Özbəkistan mədəniyyəti günləri keçirilib. Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşaları nümayiş etdirildi, kitab sərgisi və digər tədbirlər keçirildi.

Dörd gün davam edən mədəniyyət günləri çərçivəsində məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış ediblər.

Azərbaycan Milli Kitabxanasında “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri” çərçivəsində “Özbəkistan ədəbiyyatı guşəsi”nin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimat mərasimi keçirilib. Tədbirin açılış mərasimində çıxış edən Özbəkistanın mədəniyyət naziri xalqlarımız arasında mədəni bağların qədimliyini vurğulayıb. Mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi, şübhəsiz ki, dövlətlərimiz və xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində özünəməxsus rol oynayır.

Ekspertlər hesab edir ki, Bakıda Özbəkistan mədəniyyət günlərinin keçirilməsi  Azərbaycan və Özbəkistan xalqlarının daha sıx inteqrasiyasında öz möhürünü vuracaq. Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin arasındakı dostluq və qardaşlıq münasibətləri ölkələrarası əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayır: Ölkələrimiz arasında əlaqələr siyasi, iqtisadi, mədəniyyət, həmçinin digər bütün sahələrdə sürətli inkişaf dinamikasına malikdir. Ötən ay Özbəkistanın baş naziri Abdulla Aripovun Azərbaycana səfərinin reallaşması da iki qardaş ölkə arasında münasibətlərin, əlaqələrin dərinləşməsi istiqamətində daha bir addım kimi qiymətləndirilib. Siyasi ekspertlər və siyasətçilər Azərbaycan-Özbəkistan münasibətlərinin sürətlə inkişaf etdiyini və çoxşaxəli olduğunun böyük perspektivlər vəd etdiyini düşünürlər.

Bu məsələlərlə bağlı ciddi təhlillər aparılsın" - AYDIN HÜSEYNOV

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, türk dövlətlərinin birliyinin möhkəmlənməsində Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin xüsusi çəkisi var. Son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Prezident İlham Əliyevin ötən il üç dəfə Özbəkistana səfərləri, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin bu il Bakıya səfəri, digər hökumət, dövlət rəsmilərinin intensivləşən səfərləri, son olaraq Özbəkistan baş nazirinin Bakı səfəri, əldə olunan razılaşmalar, imzalanan sənədlər bunu deməyə əsas verir: “Azərbaycan Özbəkistanla həm ikitərəfli dostluq, əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətlərindədir, həm də Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı kimi təşkilatlarda birgə təmsil olunur, əlaqələrini həm də bu müstəvidə dərinləşdirir, bir-birinə dəstək verir. Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 160-dan yuxarı sənəd imzalanıb. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Ötən il  Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın iclası da keçirilib. İclas zamanı ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub. Bu razılaşmalar əsasında fəaliyyət davam etdirilir”.

Deputat qeyd etdi ki, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Dövlətimizin başçısının keçən il Özbəkistana səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” Azərbaycan vasitəsilə Özbəkistan məhsullarının daşımalarının həcminin daha da artmasına təkan verib. Özbəkistanla Azərbaycan arasında mədəniyyət sahəsində də çox yüksək səviyyədə əlaqələr mövcuddur: “Avqustun ilk həftəsində Bakıda Özbəkistan Mədəniyyət Günləri çərçivəsində möhtəşəm tədbirlərin keçirilməsi də bunun bariz nümunəsidir. Bir sözlə, iki qardaş ölkə arasında bütün sahələr istiqamətində əməkdaşlıq, əlaqələr qurulub və ilbəil dərinləşir. Bu əlaqələr dövlətlərimizin inkişafında əhəmiyyət daşıyır”.

Yazını hazırladı: Etibar SEYİDAĞA

08.08.2023 11:42
1195