“Azərbaycan ora öz qoşun və texnikasını toplayıb, tezliklə...” - Politoloq SENSASİON DETALLARI açdı

“Erməni xuntasını ruhlandıran onların beynəlxalq miqyaslı qəyyumlarıdır. Burada ilk sırada Rusiya dayanır, daha sonra Fransanın adını çəkmək olar. Qarabağdakı xuntanın bu cür həyasızlıq etməsi və bununla guya müstəqilliyini nümayiş etdirməsi kimi hərəkətləri əslində dediyimiz qəyyumların verdiyi təlimatlarla bağlıdır”.

Bu fikirləri Musavat.com-a politoloq Qabil Hüseynli bildirib.

qabil.jpg (172 KB)

O qeyd edib ki, Rusiya bəlkə də gündə bir neçə dəfə təlimat verir:

“Fransa da “arxanızda durmuşuq, nə lazımdırsa, edəcəyik” deyərək onları ruhlandırır. Burada İranın da pozucu rolunu qeyd etmək mümkündür. Xüsusilə, İranın Hindistandan alınan silahları bölgəyə çatdırması, eləcə də bölgəyə humanitar və hərbi xarakterli yükləri göndərməsi də dediyimiz amillərdən biridir.

Müharibədən sonra bu ərazilərdə qalan, sayları təqribən 11-12 min arasında olan erməni silahlı qüvvələri həm də bu xuntanı ruhlandıran əsas qüvvələrdir. Məhz xunta bunlara əsaslanaraq “sona qədər döyüşəcəyik, sona qədər Azərbaycanın qəyyumluğunun altına girməyəcəyik” deyir. Bunların hamısı söz oyunudur. Onlar ətraflarına baxıb, reallıqları qiymətləndirsələr, görərdilər ki, dünya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Bundan sonra onların Azərbaycana tabe olmaqdan başqa yolları qalmır. Onlar axıra qədər beynəlxalq ictimaiyyətə, beynəlxalq hüquq prinsiplərinə meydan oxuya bilməyəcəklər. Artıq Azərbaycan Qarabağın dağlıq hissəsindəki strateji mövqelərə öz qoşun və texnikasını toplayıb. Bütün səbəblərə görə artıq antiterror əməliyyatlarının başlanacağına da şübhə yeri qalmır.

Üstəlik, bu adamlar yeraltı səngərlərdə gizlənməklə, oradan ətrafı minalamaqla guya Azərbaycan ordusuna müqavimət göstərə biləcəklərini sanırlar. Bunlar hamısı onların xam xəyallarıdır. Azərbaycanda ən müasir döyüş silahları, PUA-lar var, istənilən nöqtəni vuran raket qurğuları var. Beləliklə, Azərbaycanın onlara təklif etdiyi ultimatumu hələ ki, nəzərə almaq istəmirlər. Azərbaycan müəyyən müddət keçdikdən sonra hərbi əməliyyatlara start verəcək. Ağdərədən başlayaraq Sərsəng su anbarı boyu Əsgəran və Xankəndiyə qədər, Xocalı və Xocavənd də daxil olmaqla, böyük ərazidə çox dəqiqliklə hazırlanmış əməliyyatlar həyata keçiriləcək. Güman edirəm ki, Ağdərəyə ilk hücumdan sonra bu özündən deyən tör-töküntülər təslim olmağa üstünlük verəcəklər və humanitar koridorla haradan gəliblərsə, ora da gedəcəklər. Xunta hərbi rejiminin başçıları ya qaçıb canlarını qurtaracaqlar, ya da Azərbaycana təslim olmaq məcburiyyətində qalacaqlar”.

Xatırladaq ki, son dövrdə Azərbaycan danışıqlar və reinteqrasiya təklif etdi, müxtəlif dəvətlər, təşəbbüslər irəli sürdü, amma erməni xuntası razılaşmadı. Azərbaycan bütün kommunikasiyaların açılmasını da təklif etdi, Xankəndiyə əlavə yollar, istənilən yük daşımalarını təklif etdi – xunta yenə razılaşmadı. Bu azmış kimi “blokada və soyqırım”dan danışsalar da, nə yolun işləməsinə imkan verir, nə də Azərbaycanın göndərdiyi yükləri qəbul edirlər. Hazırda bu ərazidə təhlükəli hərəkətlilik var – qanunsuz hərbi birləşmələr – minalanma, səngər qazıntıları, mühəndis işləri aparılır. Bununla da bir daha təsdiqlənir ki, xunta bölgədə çox böyük təhlükə yaradır.

Afaq Mirayiq,
Musavat.com

13.09.2023 14:48
1653