“2023-cü ildə müxtəlif markalar üzrə 1 barel neftin orta qiyməti 80,9 ABŞ dolları olub, əvvəlki ilə nisbətən 16,8 ABŞ dolları ucuzlaşıb. Dünya Bankının hesablamarına görə, neftin qiymətinin 10% artması, bir il ərzində qlobal inflyasiyanı 0,35 faiz artırır”.
Musavat.com xəbər verir ki, bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə, 2023-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Komitə rəhbərinin sözlərinə görə, Azərbaycanda 2023-cü ilin büdcə zərfində neftin bir barelinin qiyməti 60 dollardan götürülsə də, Azerilight neftinin bir barelinin orta illik qiyməti keçən il 86.1 dollar, 43.5% olub: “Hesabat ilində dünya üzrə büdcə kəsirinin ÜDM-ə nisbəti 5,5%-ə bərabər olub. Müqayisə üçün qeyd edim ki, ölkəmizdə dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-nin 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz-bənd az olub. Dünya üzrə dövlət borcunun ÜDM-ə nisbətində artım müşahidə olunub, 2023-ci ildə də bu göstərici 93.2%, neft ixrac edən ölkələrdə isə 50.8% təşkil edib. Müqayisə üçün qeyd edim ki, Azərbaycanın cari ilin əvvəlinə olan dövlət borcu 26 850.4 milyon manat təşkil edib ki, bu da 2023-cü ildəki ÜDM-ə nisbəti 21.8%-ə bərabər olub”.
T.Mirkişili bildirdi ki, qlobal geosiyasi çağırışlara rəğmən, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların nəticəsi olaraq 2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilmiş, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımlar inflyasiyanın birrəqəmli səviyyəyə enməsini şərtləndirib: “Yeni reallıqlar müstəvisində 2023-cü il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft/qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. 2023-cü ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 1,1 faiz artmış və nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123,0 milyard manat təşkil edib. Qeyri-neft/qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb. 2023-cü ildə əsas kapitala yönəldilən vəsaitin məbləği əvvəlki ilə nisbətən 9,8 faiz artaraq 20,3 milyard manat təşkil edib. Bu investisiyaların 80,9 faizi daxili mənbələr hesabına formalaşıb, 6,3 milyard manatı (30,9 faiz) neft, 14,0 milyard manatı isə (69,1 faiz) qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 9,3 faiz artım qeydə alınıb”. Komitə rəhbəri qeyd etdi ki, təqdim edilmiş məlumatlara görə 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil edib, hər nəfərə düşən illik gəlir orta hesabla 7687manata çatıb: “Əlverişli beynəlxalq konyunktur tədiyyə balansının cari əməliyyatlar balansında əvvəlki illərdə olduğu kimi 8.3 mlrd dollar həcmində profisit formalaşdırıb. 2023-cü ildə ixracımız 27.6 milyard dollar təşkil etməklə 17.3 milyard dollarlıq idxalımızı 10.3 milyard dollar üstələyib. Qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 3,9 faiz artaraq 3348,0 milyon dollara bərabər olub. Əvvəlki illərdən fərqli olaraq, idxalın artımında dövlətin rolu azalıb, fiziki şəxslərin rolu isə artıb. Fikrimizcə, Fiziki şəxslərin idxalının artması ölkədə yerli istehsalın və rəqabət mühitinin gücləndirilməsi ilə bağlı tədbirlərin daha gücləndirilməsini zəruri edir. 2023-cü ilin sonuna olan məlumata əsasən, ölkənin məcmu valyuta ehtiyatları 17,1 faiz artaraq 68,5 milyard dolları ötüb. Bu göstərici ÜDM-in 94,7 faizinə bərabər olmaqla, xarici dövlət borcunu təqribən 10,6 dəfə üstələyib, 34 aylıq mal və xidmət idxalına bərabər olub”.
E.Paşasoy,
Musavat.com