İlham Şaban: “İsrail və İran qarşılıqlı olaraq bir-birinin neft infrastrukturuna zərbə endirərsə, bu, bazarda böyük təlatümlərə səbəb ola bilər”
İsrail-İran hərbi qarşıdurmasının neft bazarındakı qiymətlərə mümkün təsiri son günlər müzakirə olunan əsas mövzulardan biridir. Əlbəttə, heç kim müharibə arzulamır. Amma regionda sülhü qorumaq da getdikcə çətinləşməkdədir. Yeni regional müharibə isə ənənəvi logistikanın daha da pozulması və qlobal iqtisadiyyat üçün yeni risklər deməkdir.
Həm İsrailin, həm də İranın zərbə hədəfi kimi neft-qaz infrastrukturunu göstərməsi bütün dünyada belə addımların doğuracağı nəticələrin dəyərləndirilməsinə gətirib çıxarıb. İran tərəfi açıq şəkildə İsrail ona zərər vuracaq qədər ciddi zərbələr endirəcəyi təqdirdə qarşı tərəfin neft-qaz infrastrukturunu hədəf alacağını bəyan edir.
Tarixi təcrübə göstərir ki, Yaxın Şərqdəki müharibələr neft qiymətlərinə kəskin artırıcı təsir göstərir. 1973-cü ildə Ərəb-İsrail müharibəsi dövründə neft dəfələrlə bahalaşdı, üstəlik, əsas ixracatçılar bazara məhsul çıxışını dayandırdılar. 1990-cı ildə Fars körfəzindəki müharibə neft qiymətlərini 240 faiz, 2003-cü ildə İraqdakı müharibə 45 faiz, 2011-ci ildə Liviyadakı müharibə isə 40 faiz bahalaşdırdı. Lakin az sonra qiymətlər yenidən əvvəlki məcarına qayıtdı.
Yəni təcrübə göstərir ki, 1973-cü il istisna olmaqla, əksər müharibələr zamanı neft qiymətlərindəki artım qısamüddətli xarakter daşıyıb. Çünki neft infrasturkturlarına zərər dəyməyib, yalnız neftin dünya bazarına çıxışı müvəqqəti çətinləşib. İndi isə həm İsrail, həm də İran məhz infrastrukturu hədəf alacaqlarına işarə edirlər. Bu isə uzunmüddətli dövrdə dünya bazarına çıxarılacaq neftin həcmində azalmaya səbəb ola bilər. Bu, ilk növbədə İran nefti ilə bağlıdır. Məlum məsələdir ki, İranın hava hücumundan müdafiə imkanları İsraillə müqayisədə qat-qat aşağıdır. Xüsusilə İranın açıq şəkildə neft-qaz obyektlərini hədəf alacağını elan etdikdən sonra İsrailin həmin obyektlərin müdafiəsini daha da gücləndirməsi qaçılmazdır. İranın isə öz infrastrukturunu hava zərbələrindən müdafiə imkanları çox aşağı səviyyədədir. İsrail rahatlıqla bu infrastrukturu böyük ölçüdə məhv edə, yaxud ağır zərər yetirə bilər. Bu isə neft bazarına neft təklifinin gündəlik 2 milyon bareldən yuxarı azalması demək olar. Hansı ki, bu həcmlər əsasən Asiyadakı alıcılara, xüsusilə də Çinə çatır. Məlum olduğu kimi, Çinin neft aldığı ölkələr arasında İranın adı yoxdur, lakin reallıqda Pekin bu ölkədən gündə 1,7 milyon bareldən çox neft idxal edir. ABŞ sanksiyalarına görə İran nefti gizli yolla Asiya sahillərinə çatdırılaraq, orada əsasən Malayziya tankerlərinə yüklənərək, bu ölkənin məhsulu kimi Çinə daxil edilir.
İranın cavab olaraq Hörmüz boğazını bağlaması variantında dünya bazarından çəkiləcək neft həcmi 22 milyon barelə çata bilər: boğazdan hər gün qlobal neft təklifinin 20 faizə qədəri keçir. Hazırda dünya bazarına gündə 100 milyon barel civarında neft çıxarıldığını nəzərə alsaq, Hörmüzün bağlanması ilə 20 milyon barelin bazara yolunun qapanacağı realdır.
Onu da qeyd edək ki, oktyabrın 3-də jurnalistlərin sualına cavab olaraq ABŞ prezidenti Co Bayden İsrailin İranın neft infrastrukturuna zərbələrinin doğru olmayacağını açıqlayıb. Bu, faktiki olaraq, İsraillə ABŞ arasında məsələnin müzakirə olunduğu, yəni Təl-Əvivin bu variantı nəzərdən keçirdiyi deməkdir. Səhəri gün Bayden İsrailin cavab zərbələrinin obyekti barədə qərar verilmədiyini elan edib.
ABŞ prezidentinin açıqlamalarından sonra əksər analitik mərkəzlər neft infrastrukturlarının hədəf olacağı təqdirdə neft bazarında vəziyyətlə bağlı müxtəlif qiymətləndirmələr ediblər. Məsələn, "Goldman Sachs" hesab edir ki, gələn il Brent neftinin qiyməti 100 dollar/barelə qədər qalxa bilər. "Fitch" analitikləri Yaxın Şərqdə genişmiqyaslı müharibənin baş verəcəyi təqdirdə Brent markalı neftin qiymətinin “barel üçün 100 dollardan yuxarı qalxacağını” və potensial olaraq hətta 150 dollara çatacağını bildiriblər. İsveçin SEB bankının əmtəə analitiklərindən biri Amerikanın CNBC telekanalına müsahibəsində hətta 200 dollarlıq qiymətdən bəhs edib. Bütün bu proqnozlar İranın Hörmüz boğazını bağlaması şərtinə əsaslanıb. Çünki dünyada Yaxın Şərqdən kənarda olan neft hasilatçılarından hamısı birlikdə belə qısa müddətdə hasilatı 20 milyon barel artırmaq imkanında deyil.
"Reuters"in hesablamalarına əsasən, İranın neft infrastrukturu ixrac imkanından məhrum olarsa, OPEK+ razılaşması iştirakçıları qısa müddətdə onun boşalan yerini doldura bilərlər. Ümumilikdə, OPEC+ hazırda təxminən 5,9 milyon barel ehtiyat hasilat gücünə malikdirlər. Analitiklərin hesablamalarına görə, təkcə Səudiyyə Ərəbistanı hasilatı sutkada 3 milyon, BƏƏ isə 1,4 milyon barel artırmağa qadirdir. Lakin İranın cavab olaraq Hörmüz boğazını bağlaması, yaxud bölgədə ABŞ-ın müttəfiqi olan ölkələrin, xüsusilə də Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbə vurması neft bazarında ciddi kollapsa səbəb ola bilər. Yaxın Şərqin əsas neft ixracatçılarından yalnız Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin Hörmüz boğazından asılılığı çox cüzidir, qısa müddətdə ixracı boru kəmərləri ilə yoluna qoya bilərlər. İraq, Küveyt, Qətər və Bəhreynin isə Hörmüz boğazı vasitəsilə xammal tədarükünün real alternativi yoxdur.
Oktyabrın 7-də yeni həftənin ilk günü neft bazarında qiymətlərin artımı müşahidə olunub. Ötən həftəni 9,1 faizlik bahalaşma ilə başa vuran xammalın qiyməti dünən 80 dollara qədər artıb. Bunun səbəbi "Hizbullah"ın uzun illərdən sonra ilk dəfə İsrailin Hayfa şəhərinə zərbə endirməyə nail olmasıdır. Mülki əhalinin yaşadığı əraziyə düşən raket dağıntılara və 10-a yaxın insanın yaralanmasına səbəb olub. Bu hadisədən sonra İsrailin Livan və İrana ağır zərbələr endirəcəyi təhlükəsi yenidən artıb.
Bütün bunlara rəğmən analitiklər İsrailin İranın neft infrastrukturunu hədəf alacağı ehtimalını yüksək qiymətləndirmirlər. Bu zaman əsas arqument kimi ABŞ-ın mövqeyi göstərilir. Belə zərbələr neft bazarında qiymət kollapsı yaratmaqla demokratların namizədi olan Kamala Harrisin seçilmək şansını əhəmiyyətli şəkildə azalda bilər. Buna görə də Vaşinqtonun belə gərginliyə imkan verməyəcəyi gözlənilir.
Digər tərəfdən, İranın son vaxtlar siyasi münasibətləri istiləşməyə başlayan Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbələr endirəcəyi də real hesab olunmur.
Onu da qeyd edək ki, İsrailin neft infrastrukturuna zərbə endirilməsi onun neft idxalı imkanlarını ən azı bir neçə həftə müddətində məhdudlaşdıra bilər. Hazırda ölkənin üç terminalı var: Aralıq dənizində Aşkelon və Hayfa, Qırmızı dənizdə Eylat. Neft idxal terminallarının ən əhəmiyyətlisi olan Aşkelon gündə təxminən 180 min barel neft qəbul edir. O, Qəzza zolağının yaxınlığında yerləşir. İran oktyabrın 1-də raket hücumu zamanı məhz oranı hədəf almışdı.
İsrail terminallarının fəaliyyətsizliyi Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər. Belə ki, İsrail Azərbaycan neftinin ikinci böyük alıcısıdır. Gömrük statistikasına əsasən, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 23 ölkəsinə 10 milyard 308 milyon 18,86 min ABŞ dolları dəyərində 16 milyon 475 min 802,81 ton neft ixrac edib. Bu dövrdə İtaliyaya 3 milyard 940 milyon 368,79 min dollar dəyərində 6 milyon 226 min 91,81 ton neft ixrac edilib. Bununla da, İtaliya əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın ümumi neft ixracında yenə birinci olub. Ölkəmizin ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 milyard 377 milyon 514,65 min dollar dəyərində 2 milyon 233 min 526,78 ton neft göndərilib. Sıyahıda ilk üçlüyü isə Çexiya tamamlayıb. Belə ki, 8 ayda bu ölkəyə 738 milyon 773 min dollarlıq 1 milyon 165 min 388,19 ton neft ixrac olunub.
İsrail Azərbaycanın İtaliya, Türkiyə, Rusiya və Çindən sonra 5-ci ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanla İsrail arasında xarici ticarət dövriyyəsi 1 milyard 409 milyon dollar olub. Bu, ölkəmizin ümumi xarici ticarətinin 4,55 faizini təşkil edir.
İsrail ixracda İtaliya və Türkiyədən sonra 3-cü yerdədir. Bu il Azərbaycandan İsrailə 1 milyard 388 milyon dollarlıq mal göndərilib. Bu, ümumi ixracın 7 faizini təşkil edir. İsraildən isə Azərbaycana cəmi 21 milyon dollarlıq mal gətirilib ki, bunun da ümumi idxalda payı cəmi 0,16 faizdir. Azərbaycandan İsrailə ixrac olunan məhsullar arasında əsas yeri, əlbəttə, xam neft tutur.
Azərbaycandan idxal İsrailin ümumi neft istehlakının 30 faizə qədərini təmin edir. Daha 30 faizi isə Qazaxıstan hesabına təmin olunur. Azərbaycandan İsrailə orta aylıq neft ixracı 280-290 min tondur. İsrailin bu həcmləri qəbul etmək imkanları olmazsa, onu digər ölkələrə reallaşdırmaq mümkün olarmı?
Sualı cavablandıran enerji məsələləri üzrə ekspert İlham Şabana görə, İsrail və İran qarşılıqlı olaraq bir-birinin neft infrastrukturuna zərbə endirərsə, bu, bazarda böyük təlatümlərə səbəb ola bilər: “Bu baxımdan, İsrailin neft qəbul edən terminallarına zərbə endirilərsə, Azərbaycan neftinin bu ölkəyə satışı qısa müddətdə dayana bilər. O zaman da başqa alıcı tapmaq elə çətin olmayacaq. Çünki Azərbaycan nefti ən çox tələb olunan neftdir, alıcıların həvəslə aldığı məhsuldur. Bu baxımdan, qısamüddətli dövr üçün Azərbaycan öz neftini satmağa rahatlıqla alıcı tapacaq, sonra da İsrail alışları bərpa edəcək”.
Dünya SAKİT,
"Yeni Müsavat"