Azərbaycan Milandakı Astronavtika Konqresində elmi işlər üzrə rekorda imza atıb

Azərbaycan İtaliyanın Milan şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə elmi məqalələrin təqdim edilməsi üzrə rekord nəticə qazanıb.

Belə ki, ötənilki Konqresin ev sahibi Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim olunub. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə dünyada beş ölkədən biridir. Top beşlikdə olan digər ölkələr – İtaliya 985, Amerika Birləşmiş Ştatları 782, Çin 539, Hindistan isə 476 elmi məqalə təqdim edib.

Xatırladaq ki, ötən il Bakı Konqresində də Azərbaycan 214 elmi məqalə ilə ilk beş ölkə sırasında yer alıb. Ölkəmizin bu il yüksək göstəriciyə nail olmasında ötən il Bakıda keçirilən Konqresin xüsusi rolu olub. Diqqətçəkən məqamlardan biri də ötənilki Bakı Konqresindən sonra Milan Konqresinə qoşulan inkişaf etməkdə olan ölkələrin və yeni kosmik oyunçuların sayının artmasıdır. Bakı Konqresinin yaratdığı yüksəksəviyyəli tədbir standartı sayəsində builki Astronavtika Konqresinə dünyada maraq artıb və nəticədə 106 ölkədən ümumilikdə 7000-dən çox elmi məqalə təqdim edilib.

Qeyd edək ki, Milan Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin 90%-i gənclər tərəfindən hazırlanıb. Bu da ölkə gənclərinin və alimlərinin elmin, yeni texnologiyaların, innovasiyanın və kosmik sənayenin inkişafında təkanverici amil olan yüksək intellektual potensialının nəticəsidir. Belə ki, ölkəmizdə elm və təhsilin sürətli inkişaf tempi sayəsində məhz Azərbaycan gənci elm və texnoloji tərəqqidən geri qalmır, qlobal səviyyədə təmsil olunur. Azərkosmosun ölkədə kosmik ekosistemin inkişafı üçün apardığı davamlı maarifləndirmə işlərinin uğur indeksidir ki, gənclər kosmik sahədə dünyamiqyaslı və rəqabət apara biləcək elmi məqalələrini beynəlxalq auditoriyaya təqdim edir.

Dünyada hazırda kosmik sahə elmi əsaslı, innovativ texnoloji istehsal üzərində inkişaf edir. Azərbaycanın bu sahədə öz elmi-tədqiqat potensialını artırması ölkəmizin gələcək texnoloji profilinin inkişafına müsbət təsirini göstərəcək.

Qeyd edək ki, “Dayanıqlılıq naminə kosmik məsuliyyət” (Responsible Space for Sustainability) çağırışı ilə keçirilən Milan Konqresinə təqdim olunan elmi məqalələr iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji, maliyyə, şəhərsalma, rabitə, ətraf mühitin monitorinqi və təhlükəsizlik sahələrində kosmosun imkanlarından istifadə,  rəqəmsal, yaşıl və davamlı gələcəyin inkişafı üçün kosmik həllər mövzularında olub.

Musavat.com

14.03.2024 18:14
539