İctimai Televiziyanın efirində yayımlanan “Gündəlik” serialında “müəllim-jurnalist münasibəti” ilə bağlı kiçik bir epizod dünəndən gündəmi zəbt edib. Bu epizod sözügedən serialın ssenari müəllifi Qan Turalının da tənqidinə yol açıb.
Qan Turalı Musavat.com-a açıqlamasında müzakirələrə və tənqidlərə belə cavab verib:
“Serialın mərkəzində “Maarif” jurnalı və jurnalın redaksiyası, redaksiyada çalışan insanlar durur. Serialda Dilarə, Sənan və Kəmalənin bütün jurnalistika uğruna necə aktiv mübarizə apardıqlarını, əzilənlərin hüquqlarını necə qoruduqlarını görə bilərsiniz. Onlar intihar edən uşaqlarla, erkən nikaha məcbur edilən, eləcə də öldürülən, valideyn təzyiqi nəticəsində intihar edən uşaqlarla bağlı mövzuları işıqlandırırlar. Orada bir obraz var. Seriala baxsalar, görəcəklər ki, pul əvəzində başqa jurnalistlərə vəsiqə satır, onları obyektlərə göndərir. Bizim jurnalistlərin tənqid etdiyi obraz da məhz budur ki, niyə bunu ifşa etmişəm. Baxanda görəcəklər.
Gələn il jurnalistika fəaliyyətimin 20 ili tamam olacaq. Mən jurnalistikanın içərisində böyümüşəm, hələ universitetdə oxuduğum illərdən bu yana. Azərbaycan jurnalistikasının bu məsələyə bu qədər birtərəfli yanaşması sözün həqiqi mənasında məni heyrətə salır. Bunu mütləq yazın, bu, siyasi sifarişin nəticəsidir. Müəyyən bir qruplaşmanın siyasi sifarişinin nəticəsidir. Başqa cür ola bilməz. İstənilən bir əsərin içərisindən müəyyən parçanı götürüb əsərin kontekstindən çıxarıb tamam başqa yerlərə çəkmək olar. Biri yazır, videoçarxdır, o biri yazır, sosial çarxdır, digəri yazır, sənət əsəridir. Hansısa bir romandan bir səhifə oxuyub onun haqqında fikir bildirmək olarmı? Əsəri kontekstdən çıxarıb bütün ölkəyə təqdim etmək olarmı? Təqdim olunan səhnədə Dilarənin əsəbiləşməyinin səbəbi nədir? Həmin obraz gəlib uşaqları canlı yayımla TikToka çəkir. Azərbaycan qanunvericiliyinə və jurnalistikanın etik kodeksinə görə, uşaqlar valideynlərindən icazə almadan müsahibə verə bilməz. Cinayət faktoru olsa belə, onun yanında psixoloq, müəllim olmalıdır. Dilarə də öz tələbələrinin hüquqlarını qoruyur. Kimə qarşı qoruyur? Əxlaqı olmayan bir insana qarşı. Azərbaycan jurnalistləri isə bu əxlaqı olmayan adamın yanında dayanırlar. Bu, məni narahat edir. 30 seriyadır, hər seriya da cəmi 25 dəqiqə çəkir. Otur bax, ondan sonra nə desən, başım üstünə.
Mən də Azərbaycan jurnalistlərinin içərisində varam. Azərbaycan jurnalistlərinin görkəmli simaları da var. Məsələn, Zamin Hacı.
Bir adam oturub mən jurnalistləri təhqir edəcəm deyə serial yazmaz. Belə bir şey ola bilərmi? Bizim nə qədər fədakar, qəhrəman jurnalistlərimiz var. Eləcə də özünü bu peşəyə soxub öz məqsədləri üçün istifadə edən, reketliklə məşğul olan, reketlikləri məhkəmə tərəfindən tövsüfə bağlanılan jurnalistlər də var. Biz hansısa bir jurnalisti tənqid edəndə bu o deməkdir ki, bütün jurnalistlərə aiddir? Hansısa bir müəllimi tənqid edəndə bütün müəllimlərə, hansısa həkimi tənqid edəndə bütün həkimlərə aiddir? Belə bir yanaşma ola bilməz axı. Bədii ümumiləşdirmə dediyimiz bu deyil. Bir jurnalisti tənqid etmək o demək deyil ki, bütün jurnalistlər elədir. Bu nəticəni çıxarmaq nadanlıqdan xəbər verir. Serialın bütün seriyalarına baxanlar jurnalistika peşəsinə rəğbət duyacaqlar, jurnalistikanın Azərbaycan cəmiyyəti üçün nə qədər əhəmiyyətli olduğunu başa düşəcəklər. Amma təəssüf ki, bunu başa düşməyənlər dünəndən o yazıları yazan jurnalistlər olurlar. Hər kəsin öz mövqeyi var, mən bu mövqeləri qəbul edirəm, problem yoxdur. Amma seriala baxın, ondan sonra qiymət verin”.
Aytən Novruz
Musavat.com