Azərbaycan iqtisadiyyatından 2024 gözləntiləri - hədəflər və imkanlar...

Ekspertlər deyir ki, xüsusi sıçrayışlı nələrsə gözlənilən deyil; iqtisadi artım turizm, nəqliyyat, rabitə, tikinti sektorunda, emal sənayesində mümkündür

2023-cü il arxada qalmaq üzrədir. Hər il olduğu kimi, bu il də ötən 12 aya nəzər yetirib, əldə olunanları, olunmayanları qiymətləndirmək zamanıdır. 2023-cü il Azərbaycan üçün iqtisadi baxımdan nə ilə əlamətdar oldu? Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində cari ildə iqtisadi sahədə əldə olunan nəticələrdən danışıb: “Biz, həmçinin xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm ümumi daxili məhsulun (ÜDM) 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir”.

Gələn il iqtisadi artımın daha böyük olacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti vurğulayıb: “Lakin həmin rəqəmlər, əslində iqtisadiyyatın səmərəliliyi və insanların yaşayış standartlarının 100 faizini əks etdirmir. Elə ölkələr var ki, iqtisadi artımı olduqca aşağı səviyyədədir, lakin iqtisadiyyatı çox inkişaf etmişdir. Beləliklə, ölkənin ÜDM-i nə qədər çoxdursa, artıma nail olmaq da o qədər çətin olur. Xüsusilə də bugünkü geosiyasi vəziyyətdə. Çünki bizim iki qonşumuz və əsas ticarət tərəfdaşlarımızdan olan Rusiya və İran sanksiya altındadır. Bunu nəzərə almaq lazımdır. Ancaq bizim 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir”.

Qeyd edək ki, Azərbaycan hökumət növbəti ildə iqtisadi artımla bağlı 3 ssenari əsasında proqnozlaşdırma aparıb. ÜDM-in artım tempi 2024-cü ildə baza ssenarisində 2,4 faiz və ya 118,4 milyard manat gözlənilir. Baza ssenarisi ilə müqayisədə optimist ssenaridə real artım 3,3 faiz (0,9 faiz-bənd çox) və ya 128,7 milyard manat (10,3 milyard manat çox), pessimist ssenaridə isə real artım -0,1 faiz (2,5 faiz-bənd az) və ya 103,0 milyard manat (15,4 milyard manat az) təşkil edəcək.

“Fitch Group”a məxsus “Fitch Solutions” (FS) şirkəti 2024-cü ildə Azərbaycanda iqtisadi artımın 3,1 faiz olacağı, nominal ÜDM-in 168,6 milyard manata, adambaşına düşən ÜDM-in isə 16 115 manata çatacağını proqnozlaşdırır: “Bizim neft və qaz sahəsi üzrə komandamız orta illik neft qiymətlərinin 2023-cü ildə bir barel üçün 80 ABŞ dollarından 2024-cü ildə 83 ABŞ dollarına yüksələcəyini proqnozlaşdırır. Gələn il neftin qiymətinin artması və neft hasilatı iqtisadi artımı sürətləndirəcək. Gözləntilərimizə görə, 2024-cü ildə orta illik inflyasiya 7,5 faiz, ilin sonunda isə 6,2 faizə qədər azalacaq”.

Xatırladaq ki, Azərbaycan hökuməti 2023-cü ilin büdcə layihəsində cari il üçün iqtisadi artımı 2,7 faiz proqnozlaşdırsa da, sonradan iki dəfə proqnozuna dəyişiklik edib, azaltmaya getdi. Son proqnozlaşmaya görə, ilin yekununda iqtisadi artımın 1,9 faiz təşkil edəcəyi nəzərdə tutulur.

2024-cü ildə hökumət Azərbaycanın neft-qaz sektorunda 1,7  faiz azalma, qeyri-neft-qaz sektorunda isə 4,6  faiz artım proqnozlaşdırır. Bu zaman kənd təsərrüfatında 4.6 faiz , tikintidə 3.4 faiz, ticarətdə 3 faiz, turizm sahəsində 15.8 faiz , nəqliyyat sahəsində 4.5 faiz, informasiya və rabitə sahəsində 9.5 faiz artım olacağı gözlənilir.

Standard & Poors  Beynəlxalq Reytinq Agentliyi isə 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulunda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabrda Azərbaycanda iqtisadi artım tempi 0,8 faizdən 0,5 faizə enib. Bu dövrdə ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. 

Elman Sadıqov: “Gələn il devalvasiya qərarı verilsə...” -

Elman Sadıqov

İqtisadçı-eskpert Elman Sadıqovun fikrincə,  2023-cü ilin ÜDM artımının zəif olacağı gözlənilirdi: “Niyə? Bu səbəbi daha yaxşı dərk etmək üçün 2022-ci ildə ÜDM-nin yüksək göstəricisinin səbəblərini təhlil etdikdə görürük ki, 2022-ci ildə 133.8 milyard manatlıq ÜDM-nin əsas səbəbləri Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya bazarlarında yüksək neft qiymətləri ilə yanaşı, qiyməti az qala 6-7 dəfəyə qədər bahalaşan qaz qiymətləri və qaza olan yüksək tələb oldu. Qaz gəlirləri az qala neft gəlirlərinə yaxınlaşırdı. Bu isə azalan neft hasilatını artıqlaması ilə kompensasiya etdi. Biz qaz bazarında 2022-ci ilin anormal qiymətlərini 2023-cü ildə görmədik və əslində görə də bilməzdik. Neft hasilatımız, nəticədə isə SOCAR-ın neft gəlirləri və müvafiq olaraq neft gəlirləri üzrə büdcə daxilolmalarının (vergilərin) aşağı düşməsinin şahidi olmaqdayıq və bu temp böyük ehtimalla, davam edəcək. Bütün bunların fonunda 2023-cü ildə neft-qaz sahəsində ÜDM-in 2022-ci il ilə ciddi şəkildə rəqabətə girərək artım göstərəcəyini gözləmək doğru deyildi. Əksinə, yanvar-oktyabr aylarında neft sektorunda 2.3 faizlik azalma müşahidə olunur ki, bu da gözlənilən idi. Burada məsələnin digər tərəfinə baxmalıyıq. Qeyri-neft sektorunda müşahidə olunan 3.1 faizlik artım kifayətdirmi? İnkişaf etməkdə olan bir ölkə üçün bu temp məqbuldurmu? Biz bu tempi artırmaq üçün nə etməliyik? Bu tempin zəif olmasına mane olan amillər hansılardır? Xüsusilə son 2 sualın hər biri bir kitabın mövzusudur. Qısaca deyim. Əvvəla, resurs ölkələri üçün (burada Norveç və BƏƏ istisnadır) xarakterik olan cəhət budur ki, bu ölkələrdə qeyri-neft sektorunun artım tempi şaxələndirilmiş iqtisadiyyata malik inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının artım tempindən geri qalır. Primitiv olaraq yanaşdıqda düşünməliyik ki, neft-qaz gəlirləri qeyri-neft sektorunun inkişafını sürətləndirməlidir. Təəssüf ki, belə deyil. Neft-qaz gəlirləri əslində qeyri-neft sektoruna dəstəkləyici deyil, bir çox hallarda boğucu təsir göstərir”.       

Ekspertə görə, bu vəziyyətin səbəbləri çoxdur: “Resurs gəlirləri ölkələrdə "Holland sindromu"nun formalaşmasına səbəb olur. İqtisadi sahədə formalaşan bu sindrom iqtisadi konyukturaya, yanaşma və düşüncə tərzlərinə, mentalitetə və sair sosial, psixoloji amillərə təsir edərək dərin iz buraxır. Sonra hökumət bu sindromun qırılması üçün addımlar atır, islahatlar aparır. Lakin həmin islahatların həyata keçirilməsi zamanı yenə də illər öncə kök atmış və düşüncələri dəyişmiş həmin sindromun mənfi təsirləri bəzən açıq şəkildə hiss olunmasa da demək olar ki, bütün sahələrdə həlledici rol oynayır. Çünki bu sindrom bütün sahələrə səssiz və ağrısız bir şəkildə metastaz vermə xüsusiyyətinə malikdir. Bu səbəbdən bizim əsas məqsədimiz bu təsirləri müəyyən edərək kənarlaşdırmaq, düşüncə və yanaşma tərzini kökündən dəyişməkdir".

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənova görə, Azərbaycan 2024-cü ilə passiv iqtisadi dinamika, ənənəvi iqtisadi yanaşma, modellə daxil olur: “Eyni zamanda baxmayaraq ki, bu il müəyyən yavaşıma var, gələn ilə həm də kifayət qədər yüksək inflyasiya ilə gedirik. 2024-cü ildə Azərbaycanın qlobal iqtisadi artım tempindən xeyli geri qalacağına dair proqnozlar çox güclüdür. İqtisadiyyat yenə də dövlət xərcləmələri hesabına aktivləşəcək. Təəssüf ki, 2024-cü ilə yeni iqtisadi model, yeni iqtisadi yanaşma ilə getmirik. Müsbət məqamlardan biri ondan ibarətdir ki, ölkə yeni ilə artıq işğal qayğısı olmadan, işğal faktorunun yaratdığı məhdudiyyətlərdən azad şəkildə gedir. Bu faktor eyni zamanda ölkədə mütərəqqi və liberal iqtisadi modelə keçid üçün əlverişli imkanlar açır. Müəyyən dövrlərdə sərt mərkəzləşdirilmiş iqtisadi siyasətə işğal faktorunun təsiri ilə məcburi addım kimi haqq qazandırılıb. Artıq belə əsaslandırma üçün şərtlər yoxdur”.

Ekspert hesab edir ki, 2024-cü ildə Azərbaycanda iqtisadi artım tempi zəif olacaq: “Bu, əksər beynəlxalq təşkilatların da proqnozlarında əksini tapıb. Bu baxımdan, xüsusi sıçrayışlı nələrsə gözlənilən deyil. İqtisadi artım turizm, nəqliyyat, rabitə, tikinti sektorunda, emal sənayesində mümkündür. Bütövlükdə sənayedə azalma gözlənilir. İnflyasiya mərhələli şəkildə azalacaq. İlin ortalarına doğru 6-7 faiz ətrafında inflyasiya dinamikası müşahidə edə bilərik. Əlbəttə, qlobal səviyyədə kəskin təsirli proseslər qeydə alınmasa. 2024-cü ildə manatın məzənnəsində hansısa dəyişiklik gözlənilən deyil. Hökumətin əlində məzənnəni sabit saxlamaq üçün yetərincə imkanlar, iqtisadi və maliyyə əsasları var”. 

Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 9,4 faiz inflyasiya qeydə alınıb. Rəsmi statistika orqanı bildirir ki, 11 ayda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,6 bahalaşma baş verib. Noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 2,6 faiz təşkil edib.

Dünya SAKİT,
“Yeni Müsavat”



12.12.2023 08:50
1406