Azərbaycan icması Niderland parlamentinin üzvləri ilə görüşüb

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınları Birliyinin təşəbbüsü ilə Niderland parlamentində təşkil edilən görüşdə Xocalı soyqırımı ilə bağlı bəyanat təqdim olunub.

Görüş “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınları Birliyinin rəhbəri Mayisə Ağamirzəyevanın, Cəfər Gündoğdunun, Xocalıdan olan Ayxan Sadıxovun, Henri van Rensin, Gülnarə Əliyevanın, niderlandlı parlamentarilər Stephan van Baarlenin, Jesse Klaverin, Martin Oostenbrinkin, İsa Kahramanın və Erik van der Burqun iştirakı ilə baş tutub.

Əvvəlcə soydaşlarımızın Xocalı soyqırımı barədə çıxışları dinlənilib.

Əslən Xocalıdan olan Ayxan Sadıqov çıxışında soyqırımı qurbanlarından, o cümlədən əsir və itkin düşmüş, hələ də taleyi naməlum olan xocalılılardan bəhs edib. Xocalıdakı minaların və erməni tərəfinin xəritələri verməməsinin əsir düşmüş soydaşlarımızın taleyinin araşdırılmasına çətinlik törətdiyinə diqqət çəkib. Həmçinin parlamentdə 1987-ci ildən bəri Qarabağda törədilən cinayətlərə görə Azərbaycanda mühakimə edilən separatçıların azadlığa buraxılması üçün ölkəmizə yönələn təzyiqlərin əsassız olduğu da vurğulayıb. Azərbaycanın regionda sülh və əmin-amanlığın bərpası  istəyi deputatların diqqətinə çatdırılıb.

Mayisə Ağamirzəyeva Xocalıdan olan Dürdanə Ağayevanın erməni əsirliyində məruz qaldığı işgəncələrdən söz açıb. Dürdanə Ağayevanın Niderlandda dərc olunan “For You” jurnalındakı müsahibəsini və həyatı haqqında kitabı parlament üzvlərinə təqdim edib.

Bundan əlavə, görüş zamanı Səriyyə Müslümqızının müəllifi olduğu “Onlar heç zaman böyüməyəcək” (Ze werden nooit volwassen) və “Xocalıdan gələn var” (Geesten van Khojalı) adlı kitablar da parlamentarilərə təqdim edilib. Kitabın tərcüməçisi Henri van Rens Xocalı Soyqırımının bir çox ölkələr, o cümlədən Niderland Krallığı tərəfindən hələ də tanınmaması məsələsindən narahatlığını ifadə edib. Azərbaycanın əleyhinə qərəzli mövqedən təəssüfləndiyini bildirib.

Niderlandlı deputatlar eşitdiklərindən dərindən təsirləndiklərini söyləyiblər və bu məsələnin daha geniş şəkildə müzakirə edilməsinin vacibliyini vurğulayıblar.

Görüşün sonunda, Haaqada yerləşən Xocalı Soyqırımı abidəsi ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla anılıb.

30.03.2025 18:31
283