Azərbaycan hökuməti iqtisadi artım proqnozunu açıqladı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında ortamüddətli dövr üçün makroiqtisadi proqnozlar hazırlanıb.

Musavat.com Maliyyə Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadən xəbər verir ki, proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70,0 ABŞ dolları və 2026-2028-ci illər üçün 65,0 ABŞ dolları götürülüb. Təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti isə baza ssenaridə 2025-ci il üzrə 242,0 ABŞ dolları, 2026-2028-ci illər üzrə isə 236,0 ABŞ dolları olaraq hesablanıb.

Bu qiymətlər əsasında hazırlanan proqnozlara əsasən 2025-ci ilin sonuna Azərbaycanda ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi, 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in 117,2 milyard manata qədər artacağı gözlənilir. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft/qaz ÜDM-in 5,0 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı proqnozlaşdırılır.

 

Musavat.com

17.09.2024 23:08
443