“Azərbaycan Gürcüstan və Ukrayna kimi axmaq deyil” - Zərdüşt Əlizadə

Bir neçə gün öncə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ölkəmizə yüksəksəviyyəli rəsmi səfəri baş tutdu. Bu görüş iki ölkə arasında yüksələn xətlə davam edən qarşılıqlı əlaqələrin olduqca müsbət tempdə davam etməsindən xəbər verir. Ötən gün isə hər iki ölkə başçısının səfərlə bağlı telefon danışığı oldu. Siyasi analitiklərin fikrincə, Rusiyanın Azərbaycanla sürətlə yaxınlaşmasının arxasında daha fərqli məqamlar var. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın Qafqazdakı ənənəvi müttəfiqi Ermənistan artıq ondan tamamilə üz döndərib: 

“Ermənistan Qarabağı itirəndən sonra qəti şəkildə Rusiyadan üz döndərib. Hazırda İrəvan çalışır ki, Rusiya ilə olan bağlarını addım-addım qoparsın. Azərbaycan isə əvvəlcədən açıq şəkildə bildirmişdi ki, NATO və Avropa İttifaqına üzv olmaq kimi bir niyyəti yoxdur. Bakı yaxşı başa düşür ki, Gürcüstanı, Ukraynanı yarı yolda qoyan Qərb Azərbaycana ümumiyyətlə xeyir verə bilməz. Azərbaycan Gürcüstan və Ukrayna kimi axmaq deyil. Elə Ermənistanın özü uzun illər Avropa İttifaqının qapısını döyəcək ki, onu üzvlüyə qəbul etsinlər. Amma indidən onu Rusiyadan qoparırlar. Avropa artıq illərdir ki, müxtəlif vədlərlə region ölkələri ilə Rusiyanın arasını vurur, son məqamda isə addım atmır”.

Politoloq Azərbaycanın Rusiya ilə münasibətlərinin hər iki ölkənin mənafelərə tam uyğun olduğunu bildirib:

“Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, bunu ölkəmizin geosiyasi, iqtisadi və milli maraqları tələb edir. Mən həmişə bunu demişəm, xəritəyə diqqətlə baxın. Başımızın üstündə ucu-bucağı olmayan, nüvə silahına malik, dünyanın ən qüdrətli dövlətlərindən biri olan Rusiya yer alır. Bu ölkə bizim üçün hər an təhlükə yarada bilər və biz bu təhlükədən sığortalanmaq üçün Rusiya ilə hər zaman xoş münasibətlər qurmalıyıq. Eyni zamanda bu İrana da aiddir. Bu iki dövlətlə normal münasibətlər Azərbaycanın təhlükəsizliyinin təməl daşıdır. Bu baxımdan Azərbaycan-Rusiya münasibətlərinin bu səviyyədə olması milli mənafelər baxımından olduqca düzgündür”. 

Nazim Hacıyev 

29.08.2024 14:07
946