Azərbaycan Fələstinə belə DƏSTƏK olur - “Bizim üçün prioritet ondan ibarətdir ki...” - İLGİNC DETALLAR

Azərbaycanın İsrail-Fələstin münaqişəsində yalnız İsraili dəstəkləməsi barədə fikirlər həqiqəti əks etdirmir. Bu fikirlər reallıqla tam ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Şərqi Əl-Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla münaqişənin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

2017-ci ilin 20-21 iyul tarixlərində Azərbaycan BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının İcrası üzrə Komitəsi və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “Qüds Məsələsi üzrə Beynəlxalq Konfrans”a ev sahibliyi edib. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikedə Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılıb.

26 noyabr 2022-ci ildə isə Prezident İlham Əliyev Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

serencam.jpg (60 KB)

Fələstinli qaçqınlara dəstək məqsədilə Azərbaycan BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verib.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin növbədənkənar iclasında çıxışı zamanı deyib. O, xüsusilə Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ölkəmizin Fələstin probleminə xüsusi diqqət yetirdiyini, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirib.

CEYHUN BMT.png (998 KB)

Nazir bundan sonra da Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərin davam etdiriləcəyini qeyd edib.

Təhsil sahəsinə gəlincə, Fələstindən olan tələbələrə Azərbaycanda təhsil üçün qrantlar verilir. Azərbaycanın Fələstində məktəb tikmək layihəsi də gündəlikdədir.

Azərbaycan bəziləri kimi yalnız danışmağa deyil, əməli işə üstünlük verir.

zaur.jpg (49 KB)

Mövzuya münasibət bildirən Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Musavat.com-a açıqlamasında qeyd edib ki, Azərbaycan daim müsəlman ölkələrini dəstəkləyib:

“İslam həmrəyliyi kontekstində çıxış edərək İslamın inkişaf etdirilməsi üçün əlindən gələni edib. Biz yaxşı bilirik ki, Azərbaycan və Türkiyə müsəlman dünyasında hər zaman çox vacib rol oynayıblar. İslamın bugünkü vəziyyətdə olmasında, vaxtilə İslam coğrafiyasının genişlənməsində və daralmamasında Türkiyənin və Azərbaycanın rolunun nədən ibarət olduğunu çox yaxşı bilirik.

Bilirik ki, hazırda Yaxın Şərqdə gərginlik davam etməkdədir. Bizim üçün prioritet ondan ibarətdir ki, hər iki tərəfdən dinc əhaliyə zərər dəyməsin, onlar bu müharibədən zərərsiz çıxsınlar.

Azərbaycan daim müsəlman dini abidələrinin qorunması, onların coğrafiyalardan asılı olmayaraq, hər zaman restavrasiyasında da aparıcı beynəlxalq subyekt kimi çıxış edib”.

Politoloq vurğulayıb ki, bizim həm İsraillə, həm də Fələstinlə münasibətlərimiz yaxşıdır:

“Hər iki ölkə ilə əlaqələr inkişaf etməkdədir. Hazırda davam edən savaş müəyyən qüvvələrin Yaxın Şərqi qarışdırmaq və öz geosiyasi maraqlarını həyata keçirmək üçün atdığı addımlardır. Ümid edək ki, tezliklə bölgədə sülhü görəcəyik”.

Aytən Novruz
Musavat.com

22.10.2023 19:09
2963