“Azərbaycan azərbaycanlıların Ermənistan ərazisinə qaytarılması ideyasını irəli sürərək onu içəridən partlatmağı planlaşdırır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Qarnik Ambaryan deyib.
Onun sözlərinə görə, azərbaycanlıların Ermənistana geri qaytarılması məsələsi 2021-ci ildən Azərbaycan təbliğatı ilə gündəmə gətirilir:
“Bu məsələ əvvəlcə Ermənistanla münasibətlərin tənzimlənməsi üçün 7 prinsipə daxil edilmişdi, sonradan 5-ə endirildi”.
Ambaryanın fikrincə, rəsmi Bakı azərbaycanlıların “qayıtması” ilə məhdudlaşmaq niyyətində deyil:
“Artıq bu gün Ermənistan ərazisində yerləşən bəzi tarixi abidələrin mülkiyyətçiliyi ilə bağlı fəal müzakirələr gedir. Üstəlik, Azərbaycan tərəfi təkcə qayıtmaq planını həyata keçirməklə kifayətlənməyəcək. Ermənistanın müxtəlif yerlərində azərbaycanlıların kompakt yaşamaları, onların daxili özünüidarəyə malik olması, yaşadıqları ərazilərdə bütün proseslərin Azərbaycan dilində aparılması deməkdir. Azərbaycan həmçinin Türkiyə sülhməramlılarından öz təhlükəsizliyini qorumağı xahiş edəcək. Artıq bu gün Azərbaycan tərəfi bütün bunları açıq şəkildə bəyan edir, Ermənistandakı yer adlarını Azərbaycan toponimləri ilə göstərir, həmçinin Ermənistanı “Qərbi” Azərbaycan adlandırır”.
Ambaryana görə, Azərbaycan tezliklə öz planlarını həyata keçirməyə başlayacaq, çünki Ermənistanın hazırkı rəhbərliyi birtərəfli güzəştlər vasitəsilə sülhə nail ola biləcəyinə əmindir.
Musavat.com