Cənubi Qafqaz uğrunda savaş yeni məzmun və keyfiyyət qazanmağa başlayıb. Hər halda, dünya nəhənglərinin bu regionda geopolitik qarşıdurmasında yeni istiqamətlər müşahidə edilir. Üstəlik, həm Rusiyanın, həm də ABŞ və Qərbin Cənubi Qafqaza yönəlik strateji hədəflərində yanlış hesablamaların olduğu da inkaredilməz reallıqdır. Və hazırda indi həmin yanlış hesablamaların həlledici nəticələri tədricən ortaya çıxmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, dünya nəhənglərinin regional qarşıdurmasında Ermənistana “geopolitik alət” rolunun ayrılması həm ABŞ və Qərbin, həm də Rusiyanın manevr məkanını məhdudlaşdırır. Çünki Ermənistan Cənubi Qafqazda “zəif bənd” rolundan başqa heç nəyə yaramır. Bu regiona isə hər hansı “geopolitik alət” üzərindən yerləşmək mümkün deyil. Və dünya nəhənglərinin strateji hədəflərində əsas yanlış hesablama da məhz bu önəmli məqamın nəzərə alınmamasıdır.
Məsələ ondadır ki, Cənubi Qafqazda lider dövlət və geopolitik iradə mərkəzi statusu yalnız Azərbaycana məxsusdur. Ona görə də, dünya nəhəngləri bir-biri ilə nə qədər savaşsalar da qalibi və məğlubu müəyyən etmək mexanizmləri məhz rəsmi Bakının əlində cəmləşib. Yəni, həm ABŞ və Qərb, həm də Rusiya Ermənistan üzərindən real nəticələrdən tamamilə uzaq qalacaq bir mübarizə içərisindədir. Və bu savaş ən yaxşı halda, yalnız Ermənistana nəzarət hüququnun qazanılmasına yol aça bilər.
Beləliklə, ümumilikdə Cənubi Qafqazın gələcək taleyini məhz Azərbaycan təkbaşına həll etmək hüququna malikdir. Hətta Ermənistana kənar güclərin nəzarəti də böyük ölçüdə Azərbaycanın geopolitik mövqeyindən asılı olacaq. Rəsmi Bakı Azərbaycanın şəriksiz regional orbitr statusundan maksimum səviyyədə yararlanmağı bacarır. Hətta rəsmi Bakı öz mövqeyi ilə həm ABŞ və Qərbi, həm də Rusiyanı məğlub duruma salmaq üçün kifayət qədər ciddi mexanizmlərə sahibdir. Və bu baxımdan, Azərbaycanın Cənubi Qafqaz üçün regiondan kənar güclərin müdaxiləsinə qapalı bölgə modelinə üstünlük verəcəyi də qətiyyən istisna deyil.
Göründüyü kimi, Azərbaycan Cənubi Qafqazda yeganə geopolitik supergücdür. Bu supergücdən yan keçərək, regionun fərqli kənar maraqların girovuna çevirmək mümkün olmayacaq. Rəsmi Bakı öz davranışları və atdığı prinsipial addımlarla artıq bunu dünya nəhənglərinə də qəbul etdirməyə başlayıb. Hər halda, rəsmi Bakı ABŞ, Avropa Birliyi və Fransanın regiona kobud müdaxilə cəhdlərini prinsipial reaksiya ilə bloklamağa nail oldu. Və indi dünya nəhəngləri növbəti addımlarını bu önəmli faktora uyğunlaşdırmaq məcburiyyətində qalıblar.
Məsələ ondadır ki, Ağ Evdən Bakıya göndərilən son iki rəsmi məktubda Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, ümumiyyətlə, dünyada aparıcı mövqeyini dolayısı da olsa, etiraf edib. Eyni zamanda, ABŞ və Qərb Ermənistan üzərindən bu regiona yerləşə bilməyəcəyini artıq qəbul etməyə başlayıb. Kreml isə Azərbaycanın strateji tərəfdaşlığı olmadan Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin qorunmasının əlçatmaz hədəf olduğu qənaətinə gəlib. Və bütün bunlar regional proseslərin son istiqamətlərində açıq-aşkar müşahidə edilir.
Maraqlıdır ki, ABŞ və Qərb son vaxtlar Cənubi Qafqaz siyasətinə müəyyən düzəlişlər etməyə meyilli görünür. Hər halda, Ağ Ev ABŞ-ın Cənubi Qafqaz planlarının reallaşması üçün Ermənistandan istifadə edilməsinin yetərli olmayacağını qəbul etməyə başlayıb. İndi Ağ Evdə Azərbaycanın Cənubi Qafqazda yeganə hegemon geopolitik iradə mərkəzi olduğunu etiraf etməyə üstünlük verirlər. Və ABŞ rəsmi dairələrinin Azərbaycana yönəlik son açıqlamaları da bunu təsdiqləyir.
Ağ Ev Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qabartmağa üstünlük verir. Hər halda, Ağ Evdə Cənubi Qafqazın yeganə açarının rəsmi Bakının əlində olduğunu artıq anlayırlar. Ona görə də, ABŞ-ın geopolitik maraqlarının Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafından asılı olduğunu qəbul etmək məcburiyyəti ilə üzləşiblər. Və böyük ehtimalla Ağ Ev bundan sonra da Ermənistanı dəstəkləmiş olsa belə, Azərbaycanın maraqlarına qarşı çıxmayacaq.
Belə anlaşılır ki, ABŞ və Qərb Azərbaycan faktorunun real təsirləri ilə artıq ciddi şəkildə üzləşib. Bundan sonrakı mərhələdə daha çox Azərbaycanla qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa cəhd göstəriləcəyi qətiyyən istisna deyil. Yəni, indi Ermənistan deyil, məhz Azərbaycan ABŞ və Qərb üçün əvəzolunmaz tərəfdaş rolunu oynamaq imkanlarına malikdir. Və rəsmi Bakı bu önəmli faktoru həm regional, həm də beynəlxalq məkanda Azərbaycanın maraqlarına yönəldəcəyi qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, yeni regional situasiya ən çox Ermənistanın əleyhinə yönəlib. Çünki ABŞ və Qərb Ermənistana təhlükəsizlik təminatı ilə bağlı vədləri reallaşdırmağa tələsmir. Əksinə, Qərbin bu vədlərdən tamamilə yayınaraq, imtina etmə ehtimalı indi kifayət qədər inandırıcı görünür. Nəticədə Ermənistan öz “müttəfiqlər”ini növbəti dəfə itirmək təhlükəsi ilə üzləşməyə yaxındır. Və belə vəziyyət yenidən təklənmək təhlükəsi qarşısında qalmış Ermənistanı Rusiya ilə qarşıdurma mühitini nisbətən yumşaltmaq məcburiyyətində də buraxır.
Bütün bunlar onu göstərir ki, güclü Azərbaycan prinsipial manevrlərlə Ermənistanın “müttəfiqlər”ini artıq oyundankənar vəziyyətə salmağa başlayıb. Belə davam edərsə, Ermənistan Qərbdə regional hədəflərin reallaşdırılması baxımından, yararsız “geopolitik alət” hesab oluna bilər. Bu haldasa, Ermənistanın dəstək və təhlükəsizlik təminatı üçün artıq Qərbə deyil, məhz birbaşa Azərbaycana üz tuta biləcəyi qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu