Azərbaycan elektrik enerjisi ixracını artırır - hazırda kim alır və perspektiv planlar...

Ekspert: “Ölkəmiz Avropanın tək qaz təchizatında deyil, elektrik enerjisi təchizatında da mühüm yer alacaq”

Azərbaycan bir müddətdir ki, elektrik enerjisi ixracının artırılması layihələri üzərində çalışır. Bu istiqamətdə bir sıra beynəlxalq sazişlər də var. Yada salaq ki, ötən ilin dekabrında Buxarestdə Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Bu anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpa olunan enerjinin istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoydu. Dördtərəfli hökumətlərarası Saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur. Prezident İlham Əliyev plenar iclasda çıxışında bildirib ki, ölkəmiz Avropanın mühüm elektrik enerjisi əsasən yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır: “Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır”.

Beləliklə,  “Yaşıl enerji”yə keçid üzrə bir sıra müqavilələr imzalanıb ki, artıq bu yöndə nəticələr var. Bu ilin yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin ixracı 1 841,8 mln. kVt-saat saat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur. Bu barədə mediaya Energetika Nazirliyindən bildirilib. Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan 1,8 mlrd. kVt-sat elektrik enerjisi ixrac edib. Nazirliyin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 179,6 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da illik müqayisədə 71,2% çoxdur. Belə ki, ötən ilin 9 ayında elektrik enerjisinin idxalı 104,9 mln. kVt-saat təşkil edib. Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr ayları respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 mln. kVt-saat, yəni 0,13 % artaraq 21 538,6 mln. kVt-saat olub.

Bəs hazırda Azərbaycandan elektrik enerjisi alanlar hansı ölkələrdir və perspektivdə kimlər olacaq?

Fikrət Yusifov: Müharibələrin və terrorun ali məqsədi - İqtisadi maraqlar

Fikrət Yusifov 

Keçmiş maliyyə naziri Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, son 20 il Azərbaycanın iqtisadiyyatı 4 dəfədən çox böyüyə bildi: “Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan Ümumi Daxili Məhsulun nominal həcmi 16 dəfəyə qədər, dövlət büdcəsinin gəlirləri 30 dəfəyə qədər, Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları 67 dəfədən çox artıb. Bu rəqəmlər Azərbaycan iqtisadiyyatının son 20 ildəki ümumi mənzərəsini əks etdirən əsas göstəricilərdir.

Ötən 20 il ərzində ölkə iqtisadiyyatın real sektorunun üstün artımı təmin edilməklə, qeyri-neft sektorundan ixracın həcmi də sürətlə artıb. Belə ki, 2022-ci ildə real sektordan ixracın həcmi 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq ilk dəfə olaraq 3 milyard ABŞ dollarını ötə bildi. Son illər Azərbaycanda elektrik enerjisi istehsalının və onun ixracının sürətli artımı baş verir. Biz artıq regionun ən etibarlı elektrik enerjisi təchizatçılarından birinə çevrilə bilmişik. Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına nəzər salmaq yetərlidir ki, son 14 ildə elektrik enerjisi ixracı sahəsində hansı inqilabi dəyişikliklərin baş verdiyini əyani şəkildə görə bilək. Belə ki, 2022-ci ildə Azərbaycan $121 milyon 598,37 min dəyərində 1 milyard 711 milyon 432,88 min kVt.saat elektrik enerjisi ixrac edib. Ötən ildə elektrik enerjisinin ixracı ölkələr üzrə belə olub. Beləliklə, 2022-ci ildə Rusiyaya $3 milyon 644,23 min dəyərində 91 milyon 529,56 min kVt.saat, Gürcüstana - $33 milyon 213,97 min dəyərində 551 milyon 878,8 min kVt.saat, Türkiyəyə - $79 milyon 267 min dəyərində 964 milyon 453,7 min kVt.saat, İrana - $5 milyon 473 min dəyərində 103 milyon 571,21 min kVt.saat elektrik enerjisi ixrac olub".

Ekspert əlavə edib ki, cari ilin yanvar-iyul aylarında Azərbaycan ümumi dəyəri 314 milyon ABŞ dollarından çox olan 2 milyard 829 milyon kVt/saat elektrik enerjisi ixrac edib: “Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 dəfə və 8,9 dəfə artım deməkdir. Ötən 7 ayda elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında xüsusi çəkisi 1,5 %, qeyri-neft sektorundan ixracda isə 15,7 %  təşkil edib. Azərbaycan artıq elektrik enerjisi ixracının yeni müstəvisinə keçid edir. Bərpa olunan enerji resurslarının yetərincə geniş olduğu ölkəmiz yaşıl enerji istehsalını və onun ixracını sürətlə artırmaq kimi hədəflər müəyyən edib. Bu istiqamətdə atılan ən real addımlardan biri 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin imzalanması oldu. Saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək.

Beləliklə, Azərbaycan Avropanın tək qaz təchizatında deyil, elektrik enerjisi təchizatında da layiqli yer alacaq. Bu isə Azərbaycana iqtisadi dividentlər qədər siyasi dividentlər qazandıracaq".

Vüqar Bayramov: “Nazirlər Kabinetinin Qərarı sahibkarlar üçün prosedurları  asanlaşdırır”

Vüqar Bayramov

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib: “Elektrik enerjisinin Azərbaycan ixracatında xüsusi paya malik olması bu sahədə dövlət gəlirlərimizin artması mənasına gəlir. Nəzərə alsaq ki, Azərbaycanda alternativ enerji sektoruna kifayət qədər böyük investisiya yönəldilib. Xarici şirkətlərlə bağlanmış müqavilələr də ondan xəbər verir ki, enerji ixracatımız artacaq. Digər tərəfdən, Azərbaycan 2026-cı ildən sonra Avropa ittifaqına da elektrik enerjisi ixrac edəcək. Qara dəniz vasitəsilə enerjinin Gürcüstan, Rumıniya və Macarıstana ixracı mümkün olacaq. Birinci rübün yekunları da göstərir ki, bir tərəfdən qeyri-neft ixracatının strukturu şaxələnib, digər tərəfdən, Azərbaycan elektrik enerjisi istehsalında və ixracında regional olaraq xüsusi aparıcı ölkəyə çevrilib. 4 ölkəyə elektrik enerjisi ixrac edirik. Xüsusən də Avropa İttifaqı ilə bağlanmış müqavilə ixracın genişlənməsinə və şaxələnməsinə imkan yaradacaq. Azərbaycan artıq Avropa İttifaqına ənənəvi enerji məhsulları deyil, həm də innovativ yaşıl enerji ilə çıxa biləcək. Bu da enerji ixracatının mənbə olaraq şaxələndirilməsi baxımından vacibdir. Perspektivdə Azərbaycanın elektrik enerjisi ixracatından əldə etdiyi gəlirlərdə artımların olacağı gözlənilir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

19.10.2023 08:25
1078