İlk yayın vaxtı 07.11.2023/21:07
“Ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və Sosial Siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.
O qeyd edib ki, hökumətin niyyəti bu prosesi tam vahid bir instituta çevirməkdir. Nazir bunun bir mexanizm, instrument olduğunu bildirib.
Ehtiyac meyarının mahiyyəti nədən ibarətdir? Əgər ehtiyac meyarı ləğv olunarsa, bunun əhali üçün hansı müsbət və mənfi cəhətləri olacaq?
İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında bildirib ki, ehtiyac meyarı anlayışından bu günə qədər ünvanlı sosial yardımın təyin olunmasında istifadə olunub.
“Vətəndaşın ehtiyac meyarı müəyyənləşirdi və onun rəsmi gəliri, bütün aktivlərdən ortaya çıxan gəlirləri ehtiyac meyarı ilə müqayisə olunurdu. Məsələn, beş nəfərlik ailəyə görə minimal orta aylıq gəlir tələbatı çıxarılırdı və bu da ehtiyac meyarı demək idi. Daha sonra isə ailənin gəlirlərinə baxılırdı. Azərbaycanın hazırkı ehtiyac meyarı 246 manatdır. Bu 246 manat ailə üzvlərinin sayına, yəni, beşə vurulurdu və nəticədə bu məbləğ 1230 manat olurdu. Bundan sonra ailənin həm rəsmi, həm də əlavə gəlirlərinə araşdırılıb toplanırdı. Tutalım ki, ailənin ümumi gəlirləri 1000 manat edir, qalan 230 manatı da hökumət onlara ödəyirdi. Çünki həmin beş nəfərlik ailənin yaşaya bilməsi üçün minimum 1230 manata ehtiyacı var”.
Ekspert qeyd edib ki, 2023-cü il yanvar ayının 1-dən yaşayış minimumu ilə ehtiyac meyarının eyniləşdirilərək 246 manat edilməsi ehtiyac meyarının qalmasına vacib etmir.
“Nəzərdə tutulan məbləğlər eyni olduğuna görə artıq sosial yardım hesablanarkən yaşayış minimumuna əsaslanılacaq. Yəqin ki, bununla bağlı qanunda da müəyyən düzəlişlər olunacaq”.