Çinin dövlət borcu qlobal iqtisadiyyat üçün təhdidə çevrilir
Ötən ildən böyük iqtisadiyyatlarda başladılan faiz dərəcələrinin artımı, gözləntilərin əksinə olaraq, qlobal resessiyaya gətirib çıxarmadı. Artıq heç bir analitik mərkəz resessiya ehtimalını ciddi bir risk kimi dəyərləndirmir. Lakin indi diqqətlər qlobal borclanmaya yönəlib. Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatına əsasən dünya üzrə faiz dərəcələrinin artmasına baxmayaraq, qlobal borc 2023-cü ilin ikinci rübündə rekord həddə - 307 trilyon dollara çatıb. Qlobal borc dedikdə bütün ölkələrin hökumətlərinin, banklarının, qeyri-maliyyə korporasiyalarının və ev təsərrüfatlarının borcları nəzərdə tutulur. IIF-in hesablamasına əsasən bu borc 2023-cü ilin birinci yarısında 10 trilyon dollar, son on ildə isə 100 trilyon dollar artıb. Qlobal borcun qlobal ÜDM-ə nisbəti ikinci rübdə 336 faizə yüksəlib. Göstərici iki rüb ardıcıl olaraq artıb, halbuki 2023-cü ilə qədər yeddi rüb azalmışdı.
İnstitut ekspertlərinin fikrincə, bu nisbətin artmasının əsas səbəbi ÜDM-in artım tempinin aşağı düşməsi və inflyasiya olub. Üstəlik, yığılmış borcun 80 faizindən çoxu inkişaf etmiş ölkələrin payına düşür. Göstəricidə ən böyük artım ABŞ, Yaponiya, Böyük Britaniya və Fransada qeydə alınıb. İnkişaf etməkdə olan ölkələr arasında Çin, Hindistan və Braziliya borclarını ən sürətlə artırıb.
Ekspertlərə görə, hazırda dünya iqtisadiyyatı üçün əsas təhdid ABŞ, Yaponiya, Britaniya kimi ölkələrin borcundan deyil, Çinin borcundandır. Özü də söhbət Çinin xarici deyil, daxili borcundan gedir.
"Scope Ratings" Avropa Reytinq Agentliyinin hesabatına görə, 2027-ci ildə Çinin dövlət borcu ölkə ÜDM-nin 100 faizinə çatacaq. 2010-cu ildə Çin ÜDM-nin 34 faizini təşkil edən dövlət borcu 2019-cu ildə 60 faizə, pandemiya dövründə isə 77 faizə çatıb. Agentlik ekspertləri Çin daşınmaz əmlak və əmək bazarında yaranan problemlərin aradan qaldırılması üçün Pekinin daxili borclanmanı sürətləndirəcəyini gözləyirlər.
Uzun illər boyu Çinin əyalətlərinə daxili borclanmaya getməklə iqtisadiyyata investisiya qoyuluşunu artırmaq sahəsində verilən müstəqillik artıq böyük fəsadlara yol açmaqdadır. Əvvəl ölkə ÜDM-ni 1 yuan artırmaq üçün dövlət 1,5 yuan borclanırdısa, indi bu göstərici 3 yuana qədər artb. Ölkə daxilində borclanma potensialı artıq tükənmək üzrədir. 2023-cü ilin ikinci yarısında belə borclanma hesabına iqtisadiyyatın dəstəklənməsi sıfır səviyyəyə düşüb.
Pandemiyadan sonra iqtisadiyyatdakı bərpanı sürətləndirmək cəhdləri Çin hökumətinə çox baha başa gəlir. 2022-ci ildə hökumət iqtisadiyyatı dəstəkləmək üçün 1 trilyon yuan - 150 milyard dollara qədər intervensiya həyata keçirib. Bu vəsait 2 aya tükənib. Əyalət hökumətləri ötən il ərzində infrastruktur layihələri üçün 4,15 trilyon yuan - 600 milyard dollar borclanmaya gediblər. Yerli hökumətlərin LGFV adlanan borc kağızları vasitəsilə üst-üstə yığılan borcları uzun müddət açıqlanmayıb. Lakin bir neçə il əvvəl onun həcmini müəyyənləşdirmək mexanizmi yaradılıb.
S&P Qlobal Reytinq Agentliyinin hesablamalarına əsasən, 2022-ci ilin sonuna Çinin daşınmaz əmlak bazarında və infrastruktur layihələrində ödənməyən borcların həcmi 46 trilyon yuana - 6,5 trilyon dollara çatıb. "Goldman Sachs"ın hesablamaları isə Çinin ümumi dövlət borcunun 23 trilyon dolları keçdiyini göstərir.
Əgər ABŞ-ın borc kağızlarının alıcıları əsasən ölkə xaricindədirsə, Çində, əksinə, ölkə daxilindədir. Ölkənin daxili borcları o qədər artıb ki, artıq hökumətin onları yenidən maliyyələşdirmək, yaxud ləng gedən iqtisadi bərpa prosesini sürətləndirmək üçün iqtisadiyyata əlavə pul intervensiyası etmək imkanları kəskin məhdudlaşıb. Bu isə qlobal iqtisadiyyatın əsas drayverlərindən biri olan Çin iqtisadiyyatında problemlərin dərinləşməsinə gətirib çıxarır.
Analitik mərkəzlər bildirirlər ki, Çin hökuməti artıq son 30 ildəki kimi iqtisadiyyatı daxili borclanma hesabına genişləndirə bilmir ki, bu da qlobal iqtisadiyyat üçün ciddi təhdid formalaşdırır.
Maliyyəçi alim, ABŞ Şimali Dakota Universitetinin professoru Fariz Hüseynlinin sözlərinə görə, dünyanın ən böyük iqtisadi gücləri ABŞ, Yaponiya, İngiltərə və Çin getdikcə daha çox borc problemi ilə üzləşir: “Mərkəzi banklar faizləri artırdıqca bu borcların faiz yükü də artır. Düzdür, yatırımçılar üçün sərf edir, amma o biri tərəfdən vətəndaş və büdcə üzərində yük artır.
Bu iqtisadi güc ölkələrində faizlər qalxdıqca başqa, əsas da inkişaf etməkdə olan ölkələrin borcunun faizi də sürətlə artır. Məsələn, hazırda ABŞ dövlətinin on illik borc faizi 4.7 faizə, İngiltərədə 4.6 faizə, Almaniyada 3 faizə qalxıbsa, Türkiyədə 26 faizə, Nigeriyada 15 faizə, Meksikada 10 faizə, Braziliyada 11.8 faizə qalxıb. Bu ölkələrdə həm də yüksək inflyasiya əhaliyə mənfi təsir edir. Gözlənilir ki, faizlər yüksələndən sonra inflyasiya düşəcək. Bu ola bilər, amma başqa tərəfdən inkişaf etmiş ölkələrin faizlərinin yüksək olması həm də onların valyutasına marağı artırır və inkişaf etməkdə olan ölkələrin valyutası düşdükcə inflyasiya təzədən artacaq".
Alimin sözlərinə görə, bəzi ölkələrə sərf edir ki, neftin, qazın və taxılın qiyməti qalxsın: “Amma bu, dünyanın qalan hissəsinin xərclərini artırır. Bəzi ölkələr ixrac gücünə güvənir, amma bu da asılıdır başqa ölkələrin satınalma gücünə. Həm də bu böyük natarazlıq daxildə əlavə problemlər yaradır. Bu risklər özü-özünü bəsləyən mexanizmə çevrilir, risklər artır, faiz artır, dollara yatırım artır, dollar güclənir. Əksi olanda da dollar ucuzlaşır, faizlər azalır, dollarda borclanma daha da artır.
Bütün bunların kökündə dünya ticarət və istehsalındakı qeyri-bərabərsizliklər yatır. Maliyyə kanalları da bunu izləyir. Son 30 ildə faizlərin düşməyinə öyrənmiş bir iqtisadi-maliyyə sistemi var. İndi faizlər artanda çətinlik çəkəcək. Bu vəziyyətdən qısa müddətdə çıxmaq olar, amma uzun müddətdə gərək dünya ticarəti və istehlakı daha taraz olsun".
Qeyd edək ki, Azərbaycanda dövlət borcunun həddi dünya ortalamasından xeyli aşağıdır. Maliyyə Nazirliyinin məlumatına görə, bu il iyulun 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 6 milyard 576,9 milyon ABŞ dolları və ya 2023-cü il üçün proqnozlaşdırılan ÜDM-in 10,0 faizini təşkil edib. Ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, 2023-cü ilin 01 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 116,3 milyon ABŞ dolları və ya 1,7 faiz azalıb.
2023-cü ilin 01 iyul tarixinə daxili dövlət borcu 4 milyard 970,3 milyon manat və ya ÜDM-in 4,5 faizini təşkil edib. 2022-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 782,1 milyon manat və ya 18,7 faiz artıb. Nazirlik bildirir ki, daxili dövlət borcunun artması dövlət büdcəsi üçün tələb olunan vəsaitin təmin olunması, dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun tədricən əvəzlənməsi məqsədilə xarici dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarlarında emissiya olunan dövlət qiymətli kağızlarının yerləşdirilməsindən əldə olunan vəsaitlər hesabına təmin olunması ilə bağlıdır.
Beləliklə, 1 iyula ölkənin dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 151,0 milyon manat və ya ÜDM-in 14,5 faizini təşkil edib. 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk 6 ayı üzrə ümumi dövlət borcunun səviyyəsi mütləq ifadədə 584,4 milyon manat və ya 3,8 faiz, ümumi dövlət borcunun ÜDM-ə nisbəti isə 2,9 faiz bəndi artıb.
Maliyyə Nazirliyi ortamüddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, təkmilləşdirilmiş büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, DNF-nin aktivlərinin dayanıqlı səviyyədə saxlanılması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə qeyri-neft/qaz sektorundan əldə olunan gəlirlərin dövlət büdcəsi kəsirini tam təmin etməyə kifayət edəcəyi müddətədək daxili bazarda dövlət qiymətli kağızlarından daha aktiv istifadə etmək niyyətindədir: “Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən, enerji və nəqliyyat sektoru, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsi üçün əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi nəzərdə tutulur”.
Nazirlik 2027-ci ilin sonuna xarici dövlət borcunun 5,4 milyard ABŞ dolları və ya ÜDM-in 6,8 faizi həcmində, daxili dövlət borcunun 22,2 milyard manat və ya ÜDM-in 16,4 həcmində qərarlaşacağını gözləyir.
Belə olan halda, 2027-ci ilin sonunda ümumi dövlət borcu 31,4 milyard manat və ya ÜDM-in 23,2 faizi həcmində olacaq ki, bu da dünya üzrə ortalama göstəricidən aşağıdır.
Dünya SAKİT,
“Yeni Müsavat”