Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması

 
Azərbaycanın görkəmli dövlət xadimi Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə Klassik Gimnaziyasında aldıqdan sonra o, 1902-ci ildə Odessada (Novorossiyskidə) Universitetin hüquq fakultəsində oxumuşdur. 
 
1905-1907-ci illərdə Rusiyada baş verən inqilab dövründə tələbələrin inqilabi fəaliyyətindən ehtiyatlanan çar hökuməti Odessa Universitetini müvəqqəti olaraq bağladı. Bundan sonra N.Yusifbəyli Krımın Baxçasaray şəhərinə köçmüş və burada görkəmli ictimai-siyasi xadim İsmayıl bəy Qaspıralının (1852-1914) redaktor olduğu “Tərcüman” qəzetində müxtəlif məqalələr çap etdirmişdir. O, burada İsmayıl bəyin qızı Şəfiqə Sultan xanım Qaspıralı ilə (1886-1975)tanış olub  ailə həyatı qurmuş və bir müddət bu şəhərdə yaşamışdır. 
 
N.Yusifbəyli çar hökuməti tərəfindən təqib edildiyindən 1908-ci ildə İstanbula getmiş, burada “Türk dərnəyi” adlı cəmiyyətin yaradıcılarından olmuşdur. O, 1909-cu ildə Gəncəyə qayıtmışdır.
 
N.Yusifbəyli o illərdə Gəncədə fəaliyyət göstərən Müsəlman Xeyriyyə Cəmiyyətinin, Müsəlmanlar İçərisində Maarifi Yayan cəmiyyətin və Aktyorlar Cəmiyyətinin fəaliyyətində iştirak etmişdir.
 
N.Yusifbəyli 1915-ci ilin oktyabrın 2-dən Bakıda nəşrə başlayan “Açıq söz” qəzeti ilə yaxınlıq etmiş, redaktor M.Ə.Rəsulzadə ilə dostluq münasibətində olmuşdur.
Qeyd edək ki, Azərbaycan milli istiqlal tarixində N. Yusifbəylinin 1917-ci ilin fevralından sonra Gəncədə rəsmi olaraq yaratdığı Türk Ədəmi-Mərkəziyyət  Partiyasının böyük rolu olub. 
 
1917-ci ilin iyun ayının 17-də M. Ə. Rəsulzadənin lideri olduğu Müsavatla N. Yusifbəylinin başçılıq etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyasının Birləşmə qurultayı keçirildi.İstiqlalımızın 1918-ci ildə qazanılması baxımından bu, çox mühüm hadisə idi. Müsavatın Bakı və Bakı ətrafında, Türk Ədəmi-Mərkəziyyətin isə Gəncə və Gəncə ətrafında təsiri güclü idi. Hər iki təşkilatın birləşməsi sayəsində istiqlal uğrunda yeni güclə mübarizəyə atılan Ümumazərbaycan partiyası yaranırdı.
 
Bu hadisələrdən sonra N.Yusifbəyli 1918-cilin fevralında formalaşan Zaqafqaziya seymində fəallıq göstərirdi. O, Zaqafqaziya Seyminin  üzvü idi və 1918-ci ilin aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin  də Maarif naziri oldu.
 
1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra (onun yaradıcılarından biri də N.Yusifbəyli idi) F.X.Xoyskinin başçılığı ilə təşkil olunan  birinci Hökumət kabinəsində N.Yusifbəyli Xalq Maarif naziri vəzifəsini icra etmişdir. N.Yusifbəyli F.Xoyskinin sonradan formalaşdırdığı ikinci və üçüncü kabinələrdə də həmin vəzifələrdə çalışmışdır.O,eyni zamanda iki dəfə hökumət kabinəsini formalaşdırıb ölkənin Baş naziri olmuşdur.
 
Azərbaycan Nazirlər Şurasının Sədri və Daxili İşlər naziri vəzifəsində N.Yusifbəyli qətiyyətli əmrlər, sərəncamlar verir, məktublar yazır, dövlət idarəçilik sistemini möhkəmlədirdi. 
 
 
N.Yusifbəyli 1919-cu ilin dekabrın 24-də yeni Hökumət kabinəsini (sayca beşinci) formalaşdırır və bu fəaliyyət 1920-ci ilin aprelin 1-nə qədər davam edir.
 
1919-cu ilin 28 Mayı Azərbaycan hökumətinin xüsusi diqqətində oldu və ölkədə böyük bayram kimi qeyd edildi. Baş Nazir N.Yusifbəyli Azərbaycan Hökuməti adından vətəndaşlara müraciət ünvanladı. Həmin müraciətdə yazılırdı: “Azərbaycan vətəndaşları! Bir il bundan əvvəl məbuslarımızın rəyi və arzusu istəyincə Azərbaycan xalqı müstəqil yaşayış yoluna  qədəm qoydu. 1919-cu ilin Mayın 28-i Azərbaycan Cümhuriyyətinin milli bayramıdır. Öylə bir bayram ki, onun xatiri ümum Azərbaycan vətəndaşları üçün daima möhtərəm və müqəddəs sayılacaqdır. Çünki öz dövlətinin milli bayrağı altında keçmiş olduğumuz birillik azad və zəhmətli həyatınız Azərbaycanın belə tarixi bir günü olduğunu sizə sözdən artıq izah edir”. 
 
N.Yusifbəyli Nazirlər Şurasının sədri vəzifəsini 1920-ci ilin aprelin 1-nə qədər icra etmişdir.
 
Qeyd edək ki, N.Yusifbəylinin bir dövlət xadimi kimi fəaliyyətinin öyrənilməsində onun Azərbaycan Parlamentindəki çıxışları əhəmiyyətli yer tutur.
 
Onun  Maarif və Dini-Etiqad naziri olarkən Azərbaycan Parlamentindəki ilk çıxışına 1919-cu ilin yanvarın 25-də keçirilən 9-cu iclasda rast gəlirik. N.Yusifbəyli çıxışında “hökumətin şəhərləri unudaraq yalnız kəndlərə kömək etdiyi” fikrini təkzib edir. O, eyni zamanda səhiyyə sahəsində müəyyən işlərin uğurla görüldüyünü, kəndlərə göndərilmək üçün təbib, feldşerlərdən ibarət səyyar dəstələr hazırlandığını vurğulayır və əlavə edirdi ki, şəhərlər isə bu sahədə nəzarətə kömək etdiyindən onlar pul istəyirlər.
 
Bu dövrdə F.X.Xoyskinin istefasını qəbul edən parlament yeni hökumət təşkilini N.Yusifbəyliyə tapşırdı. 
 
1919-cu ilin 19 aprelində saat 12-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Parlamentinin növbəti iclası keçirildi.İclasda yeni hökumət kabinəsinin təşkili haqqında Baş Nazir N.Yusifbəylinin məktubu oxundu.
 
Sonra N.Yusifbəyli çıxış etdi. O, kürsüyə çıxanda alqışlarla qarşılandı. N.Yusifbəyli çıxışında böyük bir məsuliyyəti üzərinə götürdüyünü, Azərbaycan İstiqlalı elanından bu günə qədər millətin müstəqil yaşamağa layiq olduğunu  qeyd etdi. Nəsib bəy bildirdi ki, Azərbaycan türkləri yaxın zamanda dünyanın mədəni millətləri sırasına da daxil olacaqdır. Baş Nazir çıxışında Azərbaycanın ayrılmaz bir hissəsini təşkil edən Lənkəran qəzasının özgələr əlində olduğunu, 100 minə qədər vətəndaşın həyatına qəsd edildiyini, Tiflis və İrəvan vilayətlərində olan torpaqlarımıza göz dikənlərin olduğunu söylədi. O, bildirdi ki, torpaq məsələsinin də qəti surətdə həllinə tərəfdardır. 
 
N.Yusifbəyli Azərbaycanda ali təhsil sisteminin də düşünüldüyünü, ali ziraət məktəbi qanun layihəsinin hazırlanıb təqdim edildiyini də söylədi. O,Tiflisdəki Mavərayi-Qafqaz universitetinin Bakıya köçürülməsi üçün müzakirələrin aparıldığını, sentyabrın əvvəllərindən tədrisin burada davam etdiriləcəyinə səy göstərilməsi haqqında məlimat verdi. 
 
O, həmçinin, çıxışında “bizim sərvətimiz, rifah halımız neft ticarətinə bağlıdır” fikrini önə çəkir, neftimizin ən böyük bazarı olan Rusiyanın yolunun bağlı olduğunu söyləyirdi. Eyni zamanda Rusiyanın Azərbaycan neftinə böyük ehtiyacı olduğunu, “Astraxan tərəfdən ticarət qapılarının açılması” təklifini irəli sürərsə, müəyyən şərtlərlə qəbul ediləcəyini bildirirdi. 
 
N.Yusifbəylinin başçılıq etdiyi Nazirlər Şurası − Azərbaycan hökuməti 1919-cu ilin avqustuna qədərki dövrdə böyük uğurlu işlər görmüşdü. Əsas işlərdən biri Azərbaycanın ərazi probleminin həlli sahəsindəki doğru fəaliyyət idi. Həmin dövrdə aşağıdakı uğurlu nəticələr var idi: 1) Lənkəran düşmənlərdən təmizlənmiş; 2) Qarabağ erməniləri Azərbaycan hakimiyyətinə tabe oldu; 3) Naxçıvan, Şərur və Dərələyəz qəzaları erməni əsgərlərindən təmizlənmişdir; 4) Zəngəzur məsələsinin yaxın vaxtlarda həlli gözlənilirdi; 5) Borçalı və Gürcüstan da sülh yolu ilə həll ediləcək bir vəziyyətdə idi. Bu müddət ərzində Azərbaycan ordusunda fərarilik halları aradan qalxmış, xalq isə əvvəlki kimi orduya əsgər verməkdən imtina etmirdi.
 
1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması xəbəri yanvarın 12-də axşam saat 6-da Azərbaycan hökumətinə çatdı. Bu xəbərin sabahı günü Bakıda bayram əhvalı hiss edilməyə başladı. Yanvarın 14-ü isə Azərbaycan hökuməti tərəfindən rəsmi elan edildi. Bayram tədbirləri belə sıralanmışdı: saat 11-də Təzəpir məscidində dua edilir, saat 12-də Azərbaycan Parlamentinin iclası keçirilir, saat 13-də Hürriyyət meydanında qoşunların rəsmi keçidi olur, saat 14-də Xarici İşlər Nazirliyi binasında hökumət tərəfindən təbriklər qəbul edilir, gecə şəhər çırağban bəzədilir.
 
Yanvarın 14-də Təzəpir məscidinin həyəti xalqla dolu, içərisində isə N.Yusifbəyli, X.Məlikaslanov, H.Şahtaxtinski, X.Xasməmmədov, C.Hacıbəyli, H.Məmmədbəyov və digər hökumət nümayəndələri, məmurlar var idi. Şeyxülislamın dua oxuyub xalqa müraciətindən sonra Rəisi-Vükəla (Baş Nazir) N.Yusifbəyli tədbirdə çıxış etdi. Yanvarın 14-də, saat 12-də Azərbaycan Parlamentinin binası qarşısında çoxlu sayda insanlar toplaşıb Parlament üzvlərinin Təzəpir məscidindən gəlişini gözləyirdi. Keçirilən toplantıda natiqlər çıxış edərək xalqı təbrik edirdilər.
 
N.Yusifbəyli təmiz əqidəli və saf bir insan idi. Azərbaycan İstiqlal mücadiləsinin önəmli şəxsiyyətlərindən olan Nağı Şeyxzamanlı “Xatirələrim” kitabında N.Yusifbəyli ilə bağlı onun dediyi bir söhbəti belə təsvir edir: “Sən bilirsən. Mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratmaq qayəsilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağ ilə məşğul olacaq vaxt tapa bilmədim. Atama bir məktub yazaraq, bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki  kimi qamış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam məktubda ürəyində nə var hamısını yazıb: “Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib Bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək, Seymin Maarif Naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin göndərdim, sonra Azərbaycan İstiqlalını elan etdiniz. Gəldin Cümhuriyyətimizin Maarif Naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan göndərdim sənə. Bu gün isə Baş Nazirsən. Dövlət başçısısınız, yəni ölkəmizin padşahı olmuşsunuz. Yenə bağının qamışını mən alım. Sən, pul göndərə bilərsənmi?”.
 
1920-ci ilin 27 aprelində Azərbaycan sovet rejimi tərəfindən işğal edildikdən sonra N.Yusifbəyli Bakını tərk edir (çox ehtimal ki, o da digər silahdaşları kimi hələ bolşeviklər tərəfindən işğal edilməmiş Gürcüstana − Tiflisə getməyi qərara alıb). Nəsib bəy Kürdəmir qəzasında, Yevlağa yaxın bölgədə qətlə yetirilir. Bəzi məlumatlara görə, N.Yusifbəylinin Yevlağın Qarxunlu kəndindən olan Əşrəfin dəstəsi tərəfindən öldürüldüyü söylənilsə də, bu, təsdiqini tapmayıb. Qarxunlu Əşrəflə bağlı sovet dövründə aparılan istintaq materiallarında da hadisəyə toxunulmayıb. Çox ehtimal ki, N.Yusifbəylini onu izləyən, yaxud həmin bölgədə rastlaşdığı bolşeviklər tanıyaraq qətl ediblər. Bir mənbədə isə, N.Yusifbəylinin qətli zamanı qatillərin əlindən qaçmağı bacaran sürücüsünün İstanbula getdiyi və orada Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanımla görüşüb hadisəni danışdığı qeyd olunur.  
 
M.Ə.Rəsulzadə isə 1923-cü ilin əvvəllərində Türkiyədə nəşr edilən “Azərbaycan Cümhuriyyəti” əsərində N.Yusifbəylinin sağ və yaxud ölümü ilə bağlı bir məlumatın olmadığını  qeyd edirdi.
 
1920-ci ildə Azərbaycan işğal edildikdən sonra xanımı Ş.Qaspıralı övladları ilə birgə Türkiyəyə − İstanbula getmişdir. O, 1975-ci ildə İstanbulda vəfat etmiş, qızı Zəhra xanım isə 1996-cı ildə bu şəhərdə dünyadan köçmüşdür. N.Yusifbəylinin digər övladı − oğlu Niyazi Kürdəmir isə 1962-ci ildə Türkiyədə dünyasını dəyişmişdir.
 
Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə 1929-cu ildə İstanbulda nəşr etdiyi “Odlu Yurd” jurnalının 27 aprel tarixli 3-cü sayındakı “İstila qurbanları − Nəsib bəy” məqaləsində yazırdı: “Bunu söyləməyə bilmərik ki, o, milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formula etmək onun adı ilə bağlıdır. Bu sadə əlavə, Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına gətirilməsi kifayətdir. Aprel matəmində intiqam milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də, heç şübhəsiz, Nəsib bəyin şəhidliyidir. Müzəffər istiqlal nəslinin ilk görəcəyi şükran (hörmət, ehtiram) vəzifələrdən birincisi − Nəsib bəy adını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqdan ibarət olmalıdır”.
21.05.2024 11:28
1540