Azərbaycan-Çin əməkdaşlığında TARİXİ SƏFƏR: Meqa iqtisadi layihələrdə yeni mərhələ başlayır

"Ölkə başçısı, cənab İlham Əliyevin Çinə işgüzar səfərinin məhsuldar olacağı gözləniləndir. Səfər çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında bir sıra əməkdaşlıq sazişlərinin imzalanması mümkündür. Bundan başqa, iki dövlət arasında bir sıra iqtisadi layihələri, o cümlədən, "Bir kəmər - bir yol" irəli gələn və gələcək perspektivləri özündə əhatə edəcək meqa iqtisadi projelərlə bağlı dövlətlərarası sənədlərin imzalanması ehtimalı böyükdür. Hətta informasiya texnologiyaları, eko-kommunikasiya və kibertəhlükəsizliklə bağlı ikitərəfli danışıqların aparılması və mühüm razılaşmaların əldə olunması da istisna edilmir. Hətta Azərbaycanın ŞƏT-dəki statusunun artırılması ilə bağlı həlledici məsləhətləşmələrin aparılacağını düşünürəm".

Bu sözləri Musavat.com-a siyasi təhlilçi Sona Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə sıx iqtisadi, geostrateji əlaqələrə malikdir:

"İndi Azərbaycanın ŞƏT-də statusunun daha da yüksəldilməsinə böyük zərurət yaranıb. Çünki Azərbaycanın beynəlxalq aləmdə yüksələn nüfuzu, geostrateji çəkisinin daha da artması bunu deməyə əsas verir. Digər tərəfdən, Şanxay Əməkdaşlıq Təşkilatının əsas iki qütbü - Çin və Rusiya Azərbaycanı öz yanında görmək istəyir. Hətta müşahidəçi üzvlərdən olan İran da Azərbaycanı bu qurumda görməkdə maraqlıdır. Bir müddət sonra Zəngəzur dəhlizi açılacaq.

"Bir kəmər - bir yol" layihəsi işə düşəcək. Pekindən Londona uzanan əsas ticarət yolunun qan-damar sistemi məhz Azərbaycan hesab olunur. Rusiya və İran da bu dəhlizdən istifadə etməklə Qərb sanksiyalarından müəyyən qədər yaxa qurtarmaq niyyətindədir. Azərbaycan isə Çin-Rusiya-İran qütbü ilə Qərb qütbü arasında əsas neytral partnyor hesab edilir. Ona görə də hər bir nüfuzlu təşkilat üçün Azərbaycan önəmli oyunçu, hətta oyun qurucusu hesab olunur. Düşünürəm ki, yaxın illərdə ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatının həqiqi üzvünə çevriləcək. İndi Çinin də əsas istəklərindən biri məhz budur".

Cavanşir ABBASLI,
Musavat.com

30.08.2025 21:12
1526