Bu ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4 milyard 562,6 milyon manat təşkil edib.
Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozla müqayisədə 216,7 milyon manat və ya 5,0 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 702,6 milyon manat və ya 18,2 faiz çoxdur.
Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 30,0 faizi və ya 1367,3 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 70,0 faizi və ya 3195,3 milyon manatını isə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunan neft-qaz gəlirlərinin 48,8 faizi və 667,9 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 34,0 faizi və ya 464,8 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 17,2 faizi və ya 234,6 milyon manatını ABƏŞ-in mənfəət vergisi təşkil edir.
Qeyd edək ki, ötən ilin eyni dövründə Vergi Xidmətinin xəttilə büdcəyə neft-qaz sektorundan 2 milyard 284 milyon manat daxil olmuşdu. Bu isə cari ildə bu mənbədən büdcəyə daxilolmaların 40 faizdən çox azalması deməkdir.
2023-cü ilin birincin rübündə “Şahdəniz”dən 1 milyard 545,7 milyon manat mənfəət vergisi ödənmişdi. Cari ildə bu mənbədən vergi ödənişi 56,8 faiz azalıb.
Bu ilin yanvar-mart aylarında SOCAR-ın büdcəyə vergi ödənişləri 9,4 faiz azalıb – ötən il şirkət 545,7 milyon manat vergi ödəmişdi.
Azəri-Çıraq-Günəşli yatağından ödənilən mənfəət vergisi isə ötən ilki 225,2 milyon manata qarşı 4.2 faiz artım nümayiş etdirib.
Musavat.com