“Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü formal, mərasim xarakteri daşıyıb və heç bir məsələni həll etməyib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli türkoloq Andranik İspiryan danışıb.
“Rusiya-Ukrayna müharibəsi oyun kartlarını qarışdırdığından bölgədə Rusiyanın, Ermənistanın ziyanına və Türkiyə-Azərbaycan tandeminin xeyrinə yeni reallıqlar yaratdı. Azərbaycan bu vəziyyətdən istifadə edə bilər. Çünki hazırda Ermənistanın Rusiya ilə münasibətləri donma dərəcəsindədir”, - deyə İspiryan bildirib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Rusiyanın zəifliyindən istifadə edərək Qarabağ məsələsini öz xeyirlərinə həll ediblər.
“Onların xeyrinə qərar verildikdən sonra bölgədə vəziyyət dəyişdi. Bu vəziyyətdə Türkiyənin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində aktivləşməsi və Aİ-nin Qafqazdakı nümayəndəsinin bəyanatı sübut edir ki, burada Qərblə razılaşdırılmış məsələlər var. Qərb Rusiya Federasiyasını bölgədən tez bir zamanda çıxarmaq istəyir. Yəni Türkiyənin son fəaliyyəti buna yönəlib”, - deyə erməni türkoloq iddia edib.
“Qərb Cənubi Qafqazı Türkiyənin təsir dairəsi hesab edir. Türkiyəyə bu bölgədə hökmranlıq etmək mandatı verirlər”, - deyə İspiryan sözlərini bu cümlə ilə yekunlaşdırıb.
Musavat.com