Azərbaycan Dünya Bankının Qadın, Biznes və Hüquq reytinqində son bir ildə 35 pillə irəliləyərək 190 ölkə arasında ötən ildəki 104-cü pillədən bu il 69-cu pilləyə yüksəlib. Azərbaycanın bu hesabatda yerinin kəskin yaxşılaşması nə ilə bağlıdır?
Musavat.com xəbər verir ki, millət vəkili Vüqar Bayramov bununla bağlı fikirlərini paylaşıb. Millət vəkili qeyd edib ki, Dünya Bankının qənaətinə görə, ötən il hökumətlər qadın hüquqları və biznes sahəsində 3 istiqamətdə irəliləyişlərə nail ola biliblər: "Bunlar ödəniş, valideyn hüquqları və iş yerlərinin müdafiəsidir.
Azərbaycan, İordaniya, Malayziya, Oman, Syerra-Leone və Özbəkistan birlikdə “ödəniş” bölməsi üzrə reytinqini yaxşılaşdıra bilib. Belə ki, ölkəmizdə sosial qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində qadınların sənaye və ya təhlükəli işlərdə fəaliyyət göstərməsi və bərabər ödəniş sistemi formalaşdırılıb. Bu islahatadək qanunvericilik qadınların 674 iş yerində işləməsini məhdudlaşdırırdı. Qanunvericiliyə edilən dəyişikliklər bu məhdudiyyətlərin aradan qaldırılmasına gətirib çıxarıb".
Vüqar Bayramov hesabata istinadən bildirib ki, Azərbaycan Mərkəzi və Şərqi Avropada bu sahədə 9 islahat həyata keçirən 5 ölkədən biridir: "Bütövlükdə isə, dünyada 18 ölkə hesabat ilində islahatlara imza ata bilib. Qeyd edək ki, hesabatda ölkəmiz mümkün 100 baldan 85 bal toplayıb. Qardaş Türkiyə və Özbəkistan 82.5, Qırğızıstan 76.9, Qazaxıstan 75.6 və Rusiya 73.1 bal ilə qiymətləndiriblər. 100 faizlik nəticəni isə 14 ölkə nümayiş etdirib. Onlardan Kanada istisna olunmaqla, digər 13-ü Avropanı təmsil edir".
Nigar HƏSƏNLİ,
Musavat.com