10 il keçid mərhələsi qoyulsun; nişanlılar, yaxud əvvəlcədən şərtləndirilənlər nəzərə alınsın; birdən-birə qadağa – bu, insanların günahı deyil...
Musavat.com xəbər verir ki, sabiq maliyyə naziri, professor Saleh Məmmədov maraqlı bir yazı ilə çıxış edib.
Həmin yazının həsr olunduğu mövzunun əhəmiyyətini nəzərə alaraq, onu paylaşırıq:
Azərbaycan Milli Məclisinin deputatları yaxın qohumların nikahlarının qadağan olunmasını müzakirə ediblər. Bu addım ölkədə ciddi müzakirələrə səbəb olub.
Mən bunu ən vacib qanun layihəsi kimi dəyərləndirirəm və tam dəstək verirəm. Qərarın əsaslandırılması üçün öz fikirimi bildirmək istəyirəm.
Bu zaman məsələlərlə bağlı ölkələr üzrə dünya təcrübəsini, bunun yeni nəslin sağlamlığı üçün əhəmiyyətini, islamda bunun qəbul olunması səbələrini, milli mentalitetə aidiyyatını, Quranın bu məsələ üzrə bir neçə ayələrini təhlil edərək bu qərara gəldim.
Birinci növbədə qeyd etmək lazımdır ki, yaxın qohumlar arasında nikahın qanuni olaraq qadağan edildiyi bir çox ölkə var. Məsələn, hər iki Çində, hər iki Koreyada, Filippində, Hindistanın bəzi yurisdiksiyalarında, Avropa ittifaqının bəzi ölkələrində, Balkanların bir sıra ölkələrində və ABŞ-ın 50 ştatından 30-da yaxın qohum nikahı qanunsuzdur. Bundan əlavə, bəzi yurisdiksiyalarda qanunlar cinsi əlaqə və evlilik tərəfləri arasında qadağan edilən qohumluq dərəcəsini müəyyən edir.
Əksəriyyəti müsəlman olan ölkələrdə əmiuşağı nikahı mədəni təcrübələrə görə adi hal olsa da, müsəlmanların çoxluq təşkil etdiyi ölkələrin sağlamlıqla bağlı narahatlıqlar səbəbilə bu təcrübədən çəkindirmək və ya tənzimləmək üçün addımlar atdıqları hallar var. Məsələn, Tunisdə əmiuşağı nikahlarını tənzimləyən, potensial genetik risklərin minimuma endirilməsini təmin etmək üçün qanun var. Çeçenistanda milli adət ənənələrə görə ciddi ayıb sayılan haldır. 57 müsəlman ölkələrinin hamısında bu proses normal sayılır və hətta stimullaşdırılır. Bu da Quranda qohum evliliyinə xüsusi önəm verilməsi ilə əlaqədardır (Quran Nisa surəsi -4:23, bir çox hədislər və s.). Türklərdə tarixən qohum evliliyi İslama qədər və ilk əsrlərdə təqdir olunan hal kimi qəbul olunmamışdır. Bəzən Azərbaycanda belə hallar milli dəyər kimi qiymətləndirilir. Amma qətiyyən Azərbaycan milli mentaliteti ilə bunun heç bir əlaqəsi yoxdur. Bu təmiz ərəb və müsəlman mentalitetidir.
Bununla belə, son zamanlarda qlobal miqyasda inkişaf dərinləşdikcə, intellektual güc artdıqca hətta müsəlmanlar arasında yaxın qohumlarla evlənmə praktikasına fikir əhəmiyyətli dərəcədə dəyişir.
Avropa və Şimali Amerika kimi bir çox Qərb ölkələrində və regionlarında yaxın qohumlar arasında nikahlar nisbətən nadirdir və çox vaxt qanunla məhdudlaşdırılır. Bunun əksinə olaraq, qohum evlilikləri geridə qalmış Yaxın Şərq, Şimali Afrika və bir çox mədəniyyətlərin ənənəvi aspekti olduğu Qərbi Asiyanın bəzi bölgələrində daha çox yayıllb. Deməli, bu bir qədər intellektual inkişaf səviyyəsi ilə də əlaqədardır. İQ indeksi yüksək olan ölkələrin əksəriyyətində belə qadağalar var. İslam ölkələrinin orta İQ indeksi bütün digər böyük dinlərdən aşağıdır, hətta buraxılan qırmızı həddən xeyli geridir.
Yeni nəsil üçün sağlamlığa gəldikdə qeyd etmək lazımdır ki, yaxın qohumlarla evlənmək, cütlüyün resessiv alləlləri paylaşma ehtimalının yüksək olması səbəbindən genetik xəstəliklər riskinin artmasına səbəb ola bilər. Oraqvari hüceyrəli anemiya, kistik fibroz və onurğa əzələlərinin atrofiyası kimi halların qohumluq səviyyəsi yüksək olan populyasiyalarda daha yüksək sürətlə baş verdiyi məlumdur.
Alimlər sübut edir: qan qarışığı uzaqlaşdıqca nəsil daha zəki, gözəl və qabiliyyətli olur. Tarixə də nəzər salsaq görərik ki, bu hipotez tam özünü doğruldur. Osmanlı, rus, alman və s. xalqların təcrübəsi də bunu isbat edir. Əmir Teymur Azərbaycanın Xoy şəhərini tutanda insanların gözəlliyinə heyran qalır, hətta əsgərləri şəhərdən kənara çıxarır, ağsaqqalları, hocaları toplayır və soruşur ki, belə gözəllik bu insanlarda haradandır. Onlar bu şəhərin Çindən, Avropadan, Orta Asiyadan gəlmə müxtəlif nəsillərdən formalaşdığını və buna görə də say seçmə olduğunu deyirlər.
Ümumiyyətlə, dinlərin çox qədim zamanlarda həm də idarəçilik mexanizmi kimi formalaşdığını nəzərə alaraq, hazırda səmərəli fəaliyyət göstərmə qabiliyyətini təsdiqləmək yaxşı nəticə verə bilməz və hər sahədə olduğu kimi, dinlərdə də davamlı islahatlar tələb olunur. İslamdan başqa bütün dinlər islahatlara açıqdır, islamda isə bütün təkmilləşmələr (hətta nöqtə vergülünə qədər) faktiki olaraq qadağan olunur. 1400 il əvvəl yaşaya insan üçün təyin olunan hər hansı qayda bu günün insanı üçün qətiyyən keçərli ola bilməz.
Beləliklə, yaxın qohumlar arasında nikahın qadağan edilməsi qərarı həm sağlamlıq, həm də sosial baxımdan əsaslandırıla bilər. Müxtəlif ölkələrin təcrübələri gələcək nəsillərin sağlamlığını qorumaq üçün qohum evliliklərinin qarşısının alınması tendensiyası olduğunu göstərir və çox fayda verir. Demoqrafik problemlərin genişlənməsi, doğumun, əhali artımının kəskin düşməsi şəraitində bu problem daha ciddi xarakter alır. Bu qanun qüvvəyə minərsə, Azərbaycan bu qadağanı qəbul edən ilk müsəlman ölkəsi olacaq.
Bununla bərabər, qanunun keçid mərhələsi mükəmməl hazırlanmalıdır, yumşaq keçid müəyyən olunmalıdır. Bunun üçün ən azı 10 il keçid mərhələsi qoyulması məqsədəuyğundur, Nişanlılar, yaxud əvvəlcədən şərtləndirilən, digər müxtəlif hallar var. Qanunun icrası stress yaratmamalıdır. Hər zaman din, dövlət, alimlər stimullaşdırıb bunu, indi birdən-birə qadağa – bu, insanların günahı deyil.
Saleh Məmmədov, professor