"Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi yeni deyil. Hələ 16 il əvvəl, Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdi. Bunun üçün əla fürsət var".
Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
"Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 215 km-i Albaniya ərazisindən keçir. Başqa sözlə, Albaniya TAP-ın keçdiyi 3 ölkədən biridir. Yəni Albaniyaya Azərbaycan qazından istifadə üçün digər ölkələr kimi hansısa tranzit ölkədən istifadə etməyə ehtiyac yoxdur", - deyə ekspert əlavə edib.
İqtisadçı qeyd edib ki, 550 km-i Yunanıstan ərazisindən, 105 km-i isə Adriatik dənizindən keçən TAP ən yüksək hündürlüyü olan 1800 metrlik yüksəkliyə də məhz Albaniya ərazisində qalxır:
"Azərbaycan tərəfi bu fürsətdən istifadə edərək təkcə ixracatçı kimi deyil, eyni zamanda Albaniyanın qaz şəbəkəsinin qurulmasında ciddi investor kimi çıxış edə bilər. Belə ki, Albaniya elektrik enerjisi istehsalının 97%-i dağ rayonlarındakı kiçik SES-lərdən alır. Lakin inkişaf edən sənayesi qaz təsərrüfatının yaradılmasını tələb edir. Orada isə qaz ehtiyatları olsa da, bu günə qədər qaz şəbəkəsi yaradılmayıb. Odur ki, Azərbaycan nəzərdə tutulan həcmdə qaz ixracı ilə yanaşı, orada şəbəkənin qurulmasında investor kimi iştirak edə bilər".
Afaq Mirayiq,
Musavat.com