Azərbaycan-Bolqarıstan əlaqələri - Gələcək nə vəd edir? - TƏHLİL

Mayın 8-də Azərbaycanın siyasi gündəminin əsas hadisəsi Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevinin Azərbaycana rəsmi səfəri idi. Hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyan bu səfər çərçivəsində əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək, daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə liderlərin ikitərəfli əməkdaşlığın hazırki səviyyəsi və inkişaf perspektivləri barədə fikirlərini açıqladılar. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Bolqarıstan arasında iqtisadi, enerji, nəqliyyat sektorları sahəsində əməkdaşlıq çox yaxşı səviyyədədir.


Azərbaycan-Bolqarıstan münasibətləri sürətlə inkişaf etməkdədir »  XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri

Prezidentlərin çıxışından:

“Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək”, -Prezident İlham Əliyev çıxışında vurğulayıb.



Bolqarıstan Prezidenti isə çıxışında əsas diqqəti enerji sektorunda qarşılıqlı əməkdaşlığa yönəltdi və məmnunluğunu bildirdi. Prezident Rumen Radevin son iki il ərzində biz çoxlu iş görüldüyü, Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən Prezident İlham Əliyevin iştirak etdiyini xatırlatdı:

“Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memoranduma əsasən həyata keçirilir. Biz Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkənizlə birlikdə işləyə biləcəyimizə görə çox məmnunuq. Aydındır ki, biz birlikdə işləməklə təkcə ikitərəfli əməkdaşlığımızı gücləndirmirik. Bu, Qafqaz və Qara dəniz regionunun sabitliyi və iqtisadi inkişafı üçün atılan bir addımdır. Bu, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün atılan bir addımdır”.

İkitərəfli münasibətlərin tarixinə dair

Azərbaycan ilə Bolqarıstan arasında hər zaman sıx əlaqələr və dostluq münasibətləri mövcud olub. Bolqarıstan Azərbaycanın müstəqilliyini (14 yanvar 1992-ci il) ilk tanıyan ölkələrdən biridir. Diplomatik əlaqələr və dostluq münasibətlərinin əsası isə 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti əsasında bu ölkəyə səfəri ilə qoyulub.
04 mart 2015-ci il tarixli “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə isə münasibətlər strateji tərəfdaşlıq müstəvisinə keçib. Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldırıb.

Azərbaycan-Bolqarıstan münasibətləri - Busaat.az

Genişlənən əməkdaşlıq, əməkdaşlıqdan strateji tərəfdaşlığa gedən yol

Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

Bolqarıstan Avropa ölkəsidir, Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) üzvüdür.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib.

Son illərdə iki dövlət arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. İki ölkənin enerji sektorundakı əməkdaşlığının bugünkü səviyyəsi qənaətbəxşdir və müsbət perspektiv vəd edir. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycan enerji məsələlərində Bolqarıstanın əsas tərəfdaşıdır. Bolqarıstan Azərbaycanın təbii qaz satdığı 8 ölkədən biridir və qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının bu ölkəyə ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr olub. Rəsmi məlumatlara görə, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.
Bundan başqa, Bolqarıstan Azərbaycanın qazının nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq və Bolqarıstan Azərbaycan qazından fayda götürəcək.

Bakıda imza atılan yeni sənədlər, əməkdaşlığın yeni dövrü

İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü olub »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bu gün Bolqarıstan Prezidenti Rumen Radevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında bir sıra sənədlər də imzalanıb. Onlar aşağıdakılardır:

• “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”;

• “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”;

• “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

• “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”.

Beləliklə, Azərbaycan xarici siyasətində vacib istiqamətlərdən biri olan Avropa ölkələri ilə ikitərəfli qaydada münasibətlərini dərinləşdirir və özünün, tərəfdaşlarının mənafelərinə, eləcə də regionda təhlükəsizlik və əməkdaşlığın genişlənməsinə töhfə verir.

56debd39-7516-4317-9107-baa26d2ebe13.jpg (86 KB)

Polad Mehdiyev
Musavat.com

09.05.2024 15:32
924