Nyu-Yorkun məşhur Tayms Meydanında 8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə genişmiqyaslı məlumat kampaniyası təşkil olunub.
Musavat.com xəbər verir ki, bu möhtəşəm layihə Azərbaycan-Amerika Gənclər Federasiyası (AAYF) tərəfindən Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.
Bu tədbirin məqsədi dünya ictimaiyyətinə Azərbaycanın müstəqillik və suverenlik simvollarını, həmçinin xalqımızın Qarabağ müharibəsində qazandığı tarixi qələbəni tanıtmaq olub. Tayms Meydanında yerləşdirilən nəhəng ekranlarda Azərbaycan bayrağının rəngləri, Qarabağ və Şuşa görüntüləri nümayiş etdirilib. Şəhərin sakinləri və turistlər bu ekranlarda Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər.
AAYF nümayəndələri tədbirin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bu layihə ABŞ-da yaşayan azərbaycanlıların və Azərbaycanın dostlarının güclü dəstəyi ilə mümkün olub. Tədbirdə Azərbaycanın tarixi nailiyyətlərinin, dövlət bayrağımızın və milli kimliyimizin təbliği xüsusi diqqət mərkəzində olub.
Bu məlumat kampaniyası Azərbaycan bayrağının və dövlət rəmzlərinin dünya səhnəsində daha geniş tanıdılmasına xidmət edir. ABŞ ictimaiyyətində Azərbaycanın tarixi nailiyyətləri, ədalət uğrunda mübarizəsi və beynəlxalq səviyyədə qazandığı uğurlarla bağlı məlumatlılıq artmışdır. Bu cür tədbirlər Azərbaycan həqiqətlərinin tanıdılması və beynəlxalq səviyyədə dəstəyin gücləndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur.
@@TVmusavat/100630@@
Musavat.com