Kərbəla şəhidləri anıldı; qanvermə aksiyalarında izdiham yaşandı
İyulun 16-da Azərbaycanda Aşura mərasimləri keçirilib. Ölkə müsəlmanları Kərbəla şəhidlərinin xatirəsini hörmətlə yad ediblər. Bu münasibətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi ünvanlarda (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) qanvermə aksiyaları təşkil edilib.
“Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsəddilə könüllü qanvermə aksiyaları keçirilib".
Bu barədə “Yeni Müsavat”a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanvermə aksiyaları ölkənin 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilib: “Aksiyalar səhər 9:00-dan başlanıb. Saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub”.
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib. Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və millət vəkilləri aksiyada iştirak ediblər.
Jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə söyləyib ki, builki Məhərrəm ayı xüsusi əhəmiyyət daşıyır: “Suverenliyimiz tam bərpa olandan sonra birinci dəfədir ki, biz Aşura mərasimi, həmçinin qanvermə aksiyası keçiririk”.
Aşuranın əhəmiyyətini diqqətə çatdıran Şeyx qeyd edib ki, Azərbaycan xalqı bu tarixi hadisədən dərs almalıdır. “Biz İmam Hüseyn məktəbindən dərs almalı, öz torpağımız, Vətənimiz yolunda can verməyə, qan tökməyə hazır olmalıyıq. Allah bizə elə bil xasiyyət verib ki, biz hər zaman bu kimi məsələlərdə Liderimizin başçılığı ilə bir olmağı bacarırıq”, - deyə QMİ sədri vurğulayıb.
QMİ sədri mərasimlərində qan çıxartmanın, insanın özünə zərər vermənin qəbuledilməz olduğunu deyib: “İnsanlar ibadətlərini bu cür etməli deyillər: "Belə mərasimlərdə qan çıxartmaq, özünə zərər vermək qəbuledilməzdir", - A.Paşazadə bildirib və əlavə edib ki, bu cür ayinlərin yerinə qanvermə aksiyalarında fəallıq göstərmək daha məqsədəuyğundur: “Mən insanları belə əməllərə dəvət edirəm”.
İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov bizimlə söhbətdə ötən gün qanvermə aksiyasında iştirak etdiyini deyib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Azərbaycan İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyasında deputat həmkarım, "Qərbi Azərbaycan İcması"nın rəhbəri Əziz Ələkbərli ilə birlikdə iştirak etdik. Bu aksiyalarda iştirakla vətəndaşlarımız həm dini baxımdan, həm də çox sayda insanın qana ehtiyacını ödəməklə böyük savab qazana bilərlər".
Deputat Məhərrəm ayının fəzilətlərindən də bəhs edib: “Aşura hadisəsi dünya tarixində böyük faciələrdən biri olmaqla yanaşı, İslam tarixində dönüş nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir. İnsanların ali dəyərlər uğrunda özünü qurban verməsinin ən bariz nümunələrindən biridir. Heç şübhəsiz, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) nəvəsi Həzrət Hüseynin (ə) övladları və yaxınları ilə birlikdə şəhid olmaları İslam tarixində dərin iz buraxıb. Aşura eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti, poeziyası və musiqisinin formalaşmasında mühüm yer tutub, klassik ədəbiyyata ciddi təsir göstərib. Bu mənada Aşura sıradan bir dini-tarixi hadisə deyil, müsəlman dünyasında, xüsusən də Azərbaycan tarixində müstəsna yeri olan fenomendir.
Azərbaycan tarixində Məhərrəmlik ayının və Aşuranın xüsusi yeri var. Azərbaycan xalqı hər il bu hadisələrin ildönümünü yüksək səviyyədə keçirir. Bu ənənələr Azərbaycanda xalqımız tərəfindən daima yaşadılıb. Onu da unutmamalıyıq ki, İmam Hüseynin (ə) mübarizəsi ədalətin bərpası üçün idi. Burada bizim alacağımız bir çox dərslər var. Bu, Vətən, haqq, ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır. Biz o dövrdə baş verən hadisələrdən nəticə çıxararaq, Vətənimizin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda hər an canımızdan keçməyə hazır olmalıyıq. Necə ki, bunu Vətən müharibəsi zamanı etdik.
Onu da qeyd edək ki, bu gün ayrı-ayrı ölkələrdə bu mərasimlər baş yarmaq və qan çıxarmaqla qeyd edilir. Azərbaycanda bununla bağlı nümunəvi model ortaya qoyularaq, hər il qanvermə aksiyaları keçirilir. Yəni insanlar qan çıxarmaq əvəzinə, qan verməklə bu aksiyalarda iştirak edirlər. İnanırıq ki, hər il olduğu kimi, bu il də insanlarımız Məhərrəmliyi və Aşura mərasimlərini onun həqiqi mahiyyətinə və ruhuna uyğun keçirəcəklər. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Yeri gəlmişkən, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması barədə Fərman imzalayıb. Sənədə əsasən, müəyyən edilib ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir. Fərmanla Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla, beş üzvdən ibarət Müşahidə Şurası yaradılacaq, bankın fəaliyyətinə cari rəhbərliyi isə icraçı direktor həyata keçirəcək.
Bəs kimlər donor kimi qan verə bilməz?
Zülfüqar Yusifov
İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb: “İlk növbədə qeyd edim ki, bir neçə ildir belə bir aksiyanın həyata keçirilməsi olduqca faydalıdır. Çünki toplanan qan çox sayda xəstənin həyatını qurtarmaq üçün, onları həyata qaytarmaq üçün istifadə olunur, bu olduqca təqdirəlayiq addımdır. Donorlara gəlincə, analizlərdən keçməlidirlər. Bundan başqa, bir sıra hemotoloji xəstəliklər var ki, bunlar da istisna edilməlidir. Eyni zamanda qan verən adamların özünün səhhəti ilə bağlı problemləri olmamalıdır. Qan azlığı olan insanların qan verməsi onların orqanizmlərində neqativ hallara səbəb ola bilər. Təbii ki, ölkəmizdə bu kimi məsələlər lazımi şəkildə həyata keçirilir. Qanın keyfiyyətli olması şərt, infeksiyaların olmaması mütləqdir”.
Sonda onu da qeyd edək ki, hepatit B və C, HİV- (“SPİD”) daşıyıcıları, sifilis, vərəm kimi xəstəlikləri və qan azlığı olanlar, habelə qan xəstələri, hemoxromotoz (hemoqlobin çoxluğu ), hamilələr, bədən temperaturu 37.5 dərəcədən çox olanlar, narkotik asılılığı olanlar, orqan köçürülməsi olanlar, infarkt keçirənlər, 18 yaşadək və 65 yaşdan yuxarı şəxslər, bədən çəkisi 50 kq-dan az olanlar qan donoru ola bilməz.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”