“Azərbaycan 1918-1920-ci illərin xəritələrini ortaya qoymalıdır”

Qafar Çaxmaqlı: “ABŞ nə qədər çalışsa , Rusiyanı Ermənistandan çıxara bilməyəcək”

Ermənistan bəzi Qərb paytaxtlarının təhriki ilə bölgədə vəziyyəti gərginləşdirməkdədir. ABŞ-ın Rusiyanı Ermənistandan çıxarmaq planı və İrəvanla sövdələşmə heç şübhəsiz ki, həm də Azərbaycan əleyhinə yönəlmiş məkrli addımlarla müşayiət olunmaqdadır. 

Bu da  faktdır ki, Ermənistanla həll olunmamış çoxsaylı məsələlərimiz var və hələlik sülh üfüqdə görünmür. Ən əsası Ermənistana sülh imzalamağa imkan verməyən paytaxtlar var, Avropa İttifaqının Ermənistan missiyası prosesin başında dayanır. Mövcud durumu politoloq, Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı ilə müzakirə etdik.

- Qafar bəy, artıq 2023-cü  il başa çatmaqdadır. Bu arada Nikol Paşinyan növbəti dəfə “Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Bu razılaşma danışıqlar zamanı, o cümlədən Brüsseldə üçtərəfli görüşlər zamanı əldə edilib”, - deyərək, sülh imzalamaq üçün iradəsinin olduğunu iddia edib. Siz yekun sülh müqaviləsi ilə bağlı hansı fikirdəsiniz?

- İlin sonuna  bir şey qalmayıb. Amma sülh sazişi ilə bağlı hələ ciddi görüş olmayıb, yəni masaya hər hansı mətn qoyulmayıb, Paşinyan Parisdə deyəndə ki, 70% razılaşdırılıb, nəyi nəzərdə tutur, bilmirəm. Onun məsələyə üç prinsipdən yanaşma tezisi də, sadəcə, fikirdir. Hələ Qərblə Rusiya arasında mövqe mübarizəsi gedir. Kimin araçılığı ilə bu müqavilənin bağlanacağı müəyyən edilməyib. Ona görə bu, xeyli vaxt alacaq. Amma  müqavilənin imzalanması üçün də şərait yetişib. Ermənistanın Qarabağ erməniləri ilə bağlı, onların  təhlükəsizliyi ilə əlaqədar iddiaları artıq yoxdur. Azərbaycanın da ərazi bütövlüyünün tam təmin edilməsi ilə bağlı  qayğısı ortadan qalxıb. Prinsipcə, müqavilə imzalana bilər. Buna isə hər iki ölkənin siyasi iradəsi lazımdır.

- Paşinyan Azərbaycanla razılaşmalardan danışsa da, fakt budur ki,  anklavlar məsələsi də həllini tapmayıb və rəsmi İrəvan bu məsələ ilə bağlı da öhdəliyini icra etməyə tələsmir. Məsələnin həllini necə görürsünüz? 

- İşğal altında olan Qazağın 7, Sədərək rayonunun isə Kərki kəndinin və Ermənistanın bizdə olan Başkənd kəndinin məsələsi həll edilməsə, sülh anlaşmasından söhbət gedə bilməz. Azərbaycan haqlı olaraq bu ərazilərin anlaşma imzalanmadan öncə təhvil verilməsini tələb edir. Ermənistan bu ərazilərin dəyişdirilməsi variantını təklif edir, amma bu qəbul edilə bilməz, çünki strateji baxımdan bu kəndlərin mövqeyi Azərbaycan üçün əhəmiyyət daşıyır.  Sülh sazişindən öncə bu kəndlər geri verilməlidir, əgər Ermənistan buna getməsə, Azərbaycan onları güc yolu ilə almalıdır. Hesab edirəm ki, Ermənistanda bunu anlayırlar, Paşinyanın özü də bir suala cavab olaraq bu kəndlərin tanıdığını elan etdiyi  86, 6 min kvadratkilometrlik Azərbaycan ərazisinə daxil olduğunu deyib. Amma işğal altında yalnız bu kəndlər deyil. Göyçə, Dərələyəz, Vedibasar və başqa yerlərdə Azərbaycanın SSRİ vaxtı istifadə etdiyi yaylaqlar, örüş sahələri var, ayrı- ayrı illərdə Ermənistana verilmiş torpaqlar - məsələn, Qazağın Kəmərli, Qaymaqlı əraziləri - var və Ermənistan bunları qaytarmalıdır. Bunun  sülhlə, yoxsa savaşla baş verəcəyi Ermənistan rəhbərliyinin tutacağı mövqedən asılı olacaq.

“Qarabağ ermənilərinin dönüşünü qərbi azərbaycanlıların qayıdış mübarizəsi ilə eyniləşdirmək olmaz”

- Bu arada Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərlə görüşdə deyib ki, Xankəndidə və Qarabağ ərazisində yaşayan erməni sakinlərin ilkin qeydiyyatı həyata keçirilir. Sizcə, Qarabağ ermənilərinə münasibət bundan sonra necə olmalıdır: onların dönüşü ilə bağlı məsələdə azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı şərt kimi irəli sürülməlidirmi? 

- Məncə, Qarabağ erməniləri ilə Qərbi Azərbaycan türklərinin durumunu müqayisə etmək qüsurludur və bunlar tamamilə fərqli baxış tələb edir. Qarabağ ermənilərinin dönüşünü qərbi azərbaycanlıların qayıdış mübarizəsi ilə eyniləşdirmək olmaz. Şərt kimi də Qarabağ ermənilərinin dönüşünə bizim Qərbi Azərbaycana qayıdışımızı  irəli sürmək siyasi cəhətdən yanlış olardı. Qərbi Azərbaycandan olan əhali öz doğma torpaqlarına beynəlxalq konvensiyalarda nəzərdə tutulan qanunlarla dönməlidir. Biz isbat etməliyik ki, bu ərazilərdə yaşayan əhalinin rəyi nəzərə alınmadan 1918-ci ildə ədalətsizcəsinə süni bir dövlət qurulmuş və buranın aborigen əhalisi dövlət səviyyəsində verilən qərarlarla basqılara məruz qalmış, ölkədən çıxarılmış, deportasiya cinayəti işlənilmişdir. Bu, yalnız 1988-ci illə məhdudlaşmır. Hamımız şahidik ki, ermənilər yaxın zamanda Qarabağı könüllü tərk ediblər. Yuxarıda dediyim kimi, onların geri dönüşü üçün erməni əhalinin kim olduğu, hansı beynəlxalq əhali  kateqoriyasına aid olduqları bəlli olmalıdır. Onlar qaçqındırmı? Məcburi köçkündürmü? Hansı deportasiya aktı ilə evlərini tərk ediblər? Bunlar aydınlaşdırılmalıdır. Azərbaycan onlara öz vətəndaşları ilə eyni haqlar verməyə hazır idi, ancaq istəmədilər. Bu, artıq həmin toplumun seçimidir. İkinci tərəfdən, onların böyük əksəriyyəti ya Ermənistan vətəndaşıdır, ya da vətəndaşlığı yoxdur.  Gəlsələr, onları ölkəyə kim kimi qəbul edəcəyik? Sülh danışıqları prosesində bunlar gündəmə gələ bilər, amma erməni manipulyasiyalarına hazır olmalıyıq.

- Türkiyə prezidentinin Daşkənddə keçirilən toplantıda kommunikasiyaların açılması ilə bağlı Ermənistana ünvanlı çağırışı o demək deyilmi ki, Türkiyə üçün Zəngəzur dəhlizi məsələsi bitməyib? Azərbaycan İranla anlaşmanın ardınca Zəngəzur dəhlizinin cəlbediciliyini itirdiyinə işarə etdi və bundan sonra İrəvanda ajiotaj yarandı. Sizcə, Ermənistanın bu layihəyə razılığı olacaqmı, yaxud bu ölkənin razılıq verməsinə icazə veriləcəkmi “ağa”ları, “bacı”ları tərəfindən?

- Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi budur ki, buradan keçən kommunikasiya xətlərinə Ermənistan dövlətinin qanunları tətbiq olunaraq aparılsın. Amma 10 noyabr 2020-ci il razılaşmasında bura Rusiyanın Federal Təhlükəsizlik xidmətinin nəzarəti ilə maneəsiz keçid olmalıdır. Bu anlamda Ermənistan razılaşmanı pozur. İndi Ermənistanda belə hesab edənlər var ki, 10 noyabr 2020-ci il sənədinin anlamı qalmayıb, Ermənistan həmin sənəddən imzasını çəkməlidir. Ancaq Ermənistan bunu edə bilməz, çünki nəzərdə tutulan öhdəliklər sonunadək yerinə yetirilməyib. Həm də Zəngəzur yerinə alternativ dəhlizin, yəni İrandan keçən bu yolun işə düşməsi halında o, yenə bu kommunikasiya imkanından məhrum olacaq, blokadadan çıxa bilməyəcək. Üstəlik, Ermənistan Azərbaycandan Rusiyaya və başqa ölkələrə uzanan dəmiryollarından və  digər kommunikasiya əlaqələrindən məhrum olacaq. Ərdoğan Özbəkistandan Ermənistana Zəngəzur dəhlizi ilə bağlı müraciət etməklə bu ölkəyə növbəti şans tanıdı. Əgər Ermənistan Zəngəzurla bağlı fikir dəyişikliyi edib addım atarsa, Türkiyənin özü də Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı qərarını verər. İndi Ermənistan rəhbərliyində Zəngəzur dəhlizinin açılması ilə bağlı bir yumşalma var və Paşinyanın  Azərbaycanla sülh prosesinin aparılmasında elan etdiyi prinsiplərdən biri də Zəngəzur məsələsidir. Bu da təbii ki, masa arxasında danışıqlar predmeti olacaq. Amma Ermənistanda hesab edirlər ki, Ermənistanın Zəngəzur mövqeyi açıqlanmasa, sabah gec ola bilər. Azərbaycan üçün başqa variantlar var və bu iş üçün xərc çəkiləndən sonra Ermənistan üçün çox  gec ola bilər. Türkiyə prezidenti Ermənistanı son dəfə xəbərdar etdi. Mənə elə gəlir ki, Ermənistanın Azərbaycanla sülh sazişi danışıqlarında Zəngəzur məsələsi məntiqi həllini tapacaq. Ermənistanın başqa yolunun olmadığını düşünürəm.

- Qafar bəy, siz sərhədlərin hansı xəritə ilə dəqiqləşdiriləcəyini proqnozlaşdırırsınız? Necə bilirsiniz, Parisdə dərc edilən və Paris Sülh Konfransında müstəqilliyimiz tanınarkən istinad olunan 1918-20-ci il xəritəsi masada olmalıdırmı?

- Sərhədlərin müəyyənləşməsi də sülh müqaviləsinin tərkib hissəsidir. Xəritədə sərhədləri cızmaq asandır, amma onu sahədə etmək çətinliyi var. Amma tərəflər razılaşsalar, onu müqavilədən sonrakı mərhələdə də apara bilərlər. Ermənistan 1975-ci il xəritələrini təklif edir. Amma nə üçün 1975? Çünki həmin tarixə Ermənistan minlərlə kilometrlik əraziləri özünə birləşdirməyə nail olmuşdu. Ermənistanın ərazisi 1918-ci ildə 9 min idi, 20-ci illərdə Zəngəzur  və başqa əraziləri birləşdirməklə o, heç 20 minə çatmamışdı. SSRİ-nin mövcud olduğu  digər onilliklərdə bu ərazilər daha da genişləndirilib. Gürcüstandan  Ermənistana heç bir ərazi verilməyib, bu genişlənmə yalnız Azərbaycan ərazisi hesabına olub. Bunların cavabı axtarılmalı və tapılmalıdır. O da 1975-ci il xəritələrində deyil. Məncə, Azərbaycan 1918-1920-ci illərin xəritələrini ortaya qoymalıdır, bu fikri artıq biz bir neçə dəfə səsləndirmişik.

Sülh sazişinin bağlanmasına Ermənistan daha çox çalışmalıdır. Əks təqdirdə, Ermənistan öz dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qala bilər. Bu mənim fikrim deyil, çoxsaylı erməni analitiklərinin gəldiyi nəticədir. Əgər Azərbaycanla konfrontasiyaya gedilərsə, onun 29, 8 min kv. km elan etdiyi ərazinin böyük bir hissəsi haqqı olanın tərkibinə keçə bilər. Çünki bu ölkədə anlayırlar ki, 1918-ci ildə Ermənistan 9 min kv km-də elan olunub, 20 mindən artıq ərazi sonradan Ermənistana verilib, bütün bunlar qanunsuz və ədalətsiz qərarlar nəticəsində baş verib. Azərbaycan  AXC-nın varisidir və onun elan etdiyi əraziləri geri almaq haqqını özündə saxlayır. O zaman isə Azərbaycanın ərazisi 114 min kv. km olub. Ermənistanla Azərbaycan arasında dövlət sərhədi yoxdur, onları müəyyən etmək üçün əsaslar olmalıdır. Məncə, bütün bunlar sülh danışıqlarının predmeti olacaq və Ermənistanın 1975, yaxud 1991-ci ilin xəritələrini önə sürməsi bu qorxudandır.

- ABŞ və İrəvan arasında son anlaşmalar, Rusiyanın Ermənistandan çıxarılması istiqamətində planlar nə vəd edir?

- ABŞ nə qədər çalışsa, Rusiyanı Ermənistandan çıxara bilməyəcək. Ermənistan iqtisadiyyatının müəyyən hissəsi Rusiya kapitalı olduğundan onu qoparmaq hələ ki mümkün deyil. Rusiyanı strateji olaraq Ermənistanda lap zəif nöqtəyə gətirmək də çətin olacaq. Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə Ermənistan əslində anklav vəziyyətinə düşəcək, o zaman Rusiya üçün çətin olacaq. Amerika atdığı addımların dərhal nəticə verməsinə tələsmir, işi zamanın axarına buraxır...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

17.11.2023 12:51
1471