"26 oktyabrda Gürcüstan taleyüklü parlament seçkilərinə gedir-seçim ya, suverenlik və müstəqillik, ya da 2003-cü ilin qanlı geosiyasi inqilabına qayıtmaq uğrundadır. Biz müstəqilliyi yeni qazananda sadəlövhcəsinə beynəlxalq hüquqa əsaslanıb başqa ölkələrin daxili işlərinə qarışmamağa çalışırdıq, lakin bu prinsiplər onu yazan və qanlı müharibələrlə postsovet ölkələrində hakimiyyətləri devirən dövlətlərə aid deyil".
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin iclasında deyib.
Deputatın çıxışının tamamını təqdim edirik:
"Avropa İttifaqı seçkiöncəsi Gürcüstan hakimiyyətinə təzyiqlər edir, ağır maliyyə-iqtisadi sanksiyalara məruz qoyur, məsələn, 151 milyon avroluq yardımı dayandırıb, Amerika əməkdaşlığa yenidən baxır, vizaların ləğvi hədəsi var, nəhəng Qərb mediasında müxalif qüvvələrə güclü dəstək verilir, “Gürcü arzusu” demonlaşdırılır.
Gürcüstanı Rusiyayaya qarşı ikinci cəbhə açmağa və sanksiyalara sövq edirlər. Halbuki 2008-ci ildə Qərbin fitnəsinə uyaraq separatçı Abxaziya və Cənubi Osetiyanı qaytarmaq uğrunda savaşa başlayarkən, gürcü xalqı hərbi meydanda Rusiya qarşısında tək qaldı.
Bidzina İvanişvili deyir ki, “2004-12-ci illərdə ölkəni xalqın seçdiyi hökumət deyil, kənardan təyin olunan inqilab komitəsi, xarici agentlik idarə edib”.
2003-cü ildə Qərbin həyata keçirdiyi rəngli inqilabın növbəti ünvanı Azərbaycan olmalıydı. Hakimiyyət dəyişsəydi, biz nəinki 44 günə qazandığımız torpaq bütünlüyündən məhrum olacaqdıq, üstəlik, Qarabağın müstəqilliyini də tanıyacaqdılar. İndi bildinizmi, bizi gürcü demokratiyasının yolu ilə aparmaq istəyənlərin məqsədləri nəydi.
İlham Əliyev rəngli çevrilişləri durdurdu. Avqust müharibəsində Gürcüstanı xilas edən və ona ilk kömək əlini uzadan da bizim dövlət oldu.
Əgər Milli Hərəkat Partiyası 2020-ci ildə iqtidarda olsaydı, Qərbin təzyiqi ilə bu ölkə ərazisindən İrəvana silah daşınmasına razılıq veriləcəkdi.
İndi sual olunur-xalqı Brüsseldən təyin olunan müasir ingilisdilli orconikidzelər idarə edəcəkdisə, onda Gürcüstan oğulları Qorbaçovun qanlı ordusunun qabağında niyə qurban gedirdilər. Azadlıq təkcə Kreml və rus imperiyasından deyil, bütün xarici müstəmləkəçilərindən xilas olmaqdır.
Gürcü xalqı gələcəyini özü müəyyənləşdirməlidir. Biz yaxşı görürük ki, Azərbayacana qarşı mübarizə həm də Gürcüstan üzərindən aparılır. Zəngəzur dəhlizinin açılması, Azərbaycan üçün tək nəfəslik olmaq istəyən rəsmi Tbilisinin və indiki hakimiyyəti devirmək istəyənlərin maraqlarına ziddir.
İlham Əliyevin “əlinizi Qafqazdan çəkin”, bəyanatının da məqsədi regionun bütün xalqlarının mənafelərini qorumaqdır.
Qərb dövlətləri Saakaşvilinin üzərinə qoyduqları missiyanı indi Paşinyana və İrəvana həvalə ediblər.
Müttəfiq olduğumuz ölkədə baş verənlər bütövülkdə regiona təsir edir. Strateji layihələrin keçdiyi, çoxmilyardlıq sərmayelər yatırmağımız və yarım milyona çatan azərbaycanlıların taleyi qarşıdakı seçkilərdən asılıdır.
Ukrayna, Suriya, Əfqanıstan hadisələri bir ibrətdir. Biz Gürcüstanda ictimai-siyasi xaos, regionda beynəlmiləl döyüşlər deyil, sabitlik və təhülkəsilziik tərəfdarıyıq. Qələbəmiz Gürcüstan üçün nümunə-idealdır. Ən böyük gürcü arzusu-bütöv Azərbaycandır".
Musavat.com