Azər Bağırov: “Daha danışmaq istəmirəm, hər şeyin vaxtı var”

Azərbaycan Premyer Liqasının XI turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Maraqlı oyun alındı. Uşaqlar yaxşı futbol oynadılar, sadəcə bəzi nüanslar çatmadı. Mənimçün sürprizlər də oldu, yaxşı şeylər də. Digər məsələləri də görüb, özünüz qiymətləndirəcəksiniz.

– Son anlarda xalı əldən verməyiniz nə ilə bağlıdır?

– Son iki dəqiqədə hakim olmayan cərimələri verdi. Baxın, Raufun epizodunda qayda pozuntusu varsa, deməli mən heç nə bilmirəm.

– Qarşıda “Səbail”lə 6 xallıq oyun var…

– Komandamda psixoloji problem yoxdur. Uşaqlar futbol oynadılar. Bu gün hər iki hissədə maraqlı mübarizə apardıq. Bizim daha üstün oynadığımızı demək olar. Digər məsələlərin necə olacağını deyə bilmərəm. “Qarabağ”la oyunda da hər epizoda faul verilirdi. Hakimlərə təşəkkür edirəm. Hər şeyin vaxtı var, əsas hakim Allahdır.

– “Qarabağ”la oyunda Romao sizin oyunçunuza zərbə endirsə də, hakim bağışlamışdı. Amma dünən Avropa Liqasında “Ayaks”la oyunda eyni epizod “qırmızı” ilə nəticələndi…

– Bu gün 40-cı dəqiqədə bir epizod var, Avropa Liqasında hansı oyun olsa, həmin epizoda penalti verərdilər. Daha danışmaq istəmirəm, hər şeyin vaxtı var. Hakimlər öz işlərində olsunlar, görək, nə olacaq… “Qarabağ”la oyunda Paçunun ayağını tapdaladılar, penalti verilmədi. Amma Avropa Liqasında cüzi toxunuşa penalti verildi, kimsə danışmadı. Bilirsiz, ötən oyunların birində hakim deyir ki, futbolçunun niyyəti rəqibini vurmaq deyildi. Adama deyərlər, sən futbol oynamısanmı ki, bilirsən niyyət nədir? Gülüncdür. Hakim hardan bilir futbolçunun niyyətini? Çox danışmaq istəmirəm. Mənimçün bir hakim var, o da Allahdır.

25.10.2024 22:41
944