"Milli Mətbuat günündə media işçilərinə ən böyük hədiyyə Prezident İlham Əliyevin Şuşada keçirilən Qlobal Media Forumunun açılış mərasimində iştirakı oldu".
Bu barədə Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov bildirib. O qeyd edib ki, dövlət başçısı Forumda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən dəvət olunmuş media işçilərinə onları düşündürən sualların verilməsinə şərait yaratdı və hər biri ilə səmimi görüşərək, media işçilərinin dostu olduğunu bir daha nümayiş etdirdi:
“Dünyanın heç bir ölkəsinin dövlət başçısı Prezident İlham Əliyev qədər mətbuata açıq deyil və dostluq etmir. Dövlət başçımız özünü media işçiləri arasında çox rahat hiss edir.
Azərbaycan azad söz azadlığı və mətbuat azadlığının təmin olunduğu ölkədir. 1998-cı ildə senzura ləğv olunub. Dövlət medianın inkişafına dəstək verir. Belə ki, Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Bu gün milli mətbuatımız yaranmasının 148-ci ilini qeyd edir. Əsası 1875-ci ildə “Əkinçi” qəzetinin ilk sayının işıq üzü görməsi ilə tarixə düşmüş bu böyük tariximizlə fəxr edirik".
Deputat əlavə edib ki, mətbuatın azad inkişafı dövlətin inkişafına dəstək verir: "Mətbuat işçisi olmaq çətin və məsuliyyətli peşədir. Çünki işıqlanan hər bir informasiya insanlarda rəy formalaşdırır. Çox təəssüf ki, bəzi hallarda obyektiv olmayan , qeyri-peşəkar, qərəzli informasiyalar da mətbuatda yer alır. Amma ümumi şəkildə qeyd etmək olar, Azərbaycan mətbuatı hadisələrə obyektiv yanaşır, informasiyanı reallıqlarla, vaxtında işıqlandırır və ictimaiyyəti məlumatlandırır. Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı media işçilərinin döyüş ruhunun yüksəlməsinə xidmət etdiyini qeyd etmək olar. Bununla mediamız dövlət və xalqın taleyi üçün vacib anlarda həmrəylik nümayiş etdirə biləcəyini bir daha sübut etdi. Bu gün mediamız qarşısında beynəlxalq informasiya müharibəsində reallıqları və ədalətli səsimizin dünyaya çatdırılması ilə bağlı mühüm vəzifə dayanır. Ona görə də Milli Mətbuat Günündə KİV-in beynəlxalq informasiya müharibəsindəki uğurlu fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm.
Jurnalistlər öz həyatlarını təhlükə altına alaraq müharibə bölgələrində güllə atəşləri altında reportajlar hazırlayaraq, ictimaiyyətə çatdırırlar. O cümlədən işğaldan azad olunmuş ərazilərdə öz peşə vəzifəsini icra edərkən düşmənin basdırdığı minaların qurbanı olan media işçilərimiz də var. Öz peşə borcunu yerinə yetirərkən şəhid olmuş media işçilərinə Allahdan rəhmət diləyirəm.
Sonda Milli Mətbuat Günü münasibətilə media sahəsində fəaliyyət göstərən bütün əməkdaşları təbrik edir, onlara can sağlığı və fəaliyyətlərində uğurlar diləyirəm".
Afaq Mirayiq,
Musavat.com