Azay Quliyevin seçiciləri ilə daha bir yaddaqalan görüşü - FOTOLAR

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev avqustun 23-də Bakı Tennis Akademiyasında seçicilərlə növbəti yaddaqalan görüşünü keçirdi.

Himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azay Quliyevin səlahiyyətli nümayəndəsi Səlim Səlimov tədbiri açıq elan etdi və görüşə qatıldıqları üçün seçicilərə təşəkkürünü bildirdi: “Artıq seçki kampaniyasının bitməsinə cəmi 1 həftə vaxt qalır. Qalan müddət ərzində də biz görüşlərimizi davam etdirəcəyik. Həlledici gün isə sentyabrın 1-də, səsvermə günü olacaq. İnanıram ki, hər birimiz səsverməyə gələcək, daim yanımızda olmuş və bundan sonra da yanımızda olacaq Azay Quliyevi yenidən millət vəkili seçəcəyik”.

Sonra söz Azay Quliyevə verildi: “Havaların çox isti keçməsinə baxmayaraq siz əsl vətəndaşlıq nümunəsi göstərərək bugünkü görüşə gəlmisiniz. Səmimi deyim, hər görüşdə seçicilərin bu qədər fəallığını görmək və dəstəyini hiss etmək mənim üçün çox xoşdur, həm də, əlavə motivasiya və məsuliyyətdir. Bu coşquya və dəstəyə görə sizin hamınıza dərin minnətdarlığımı bildirirəm. Sizin nümayiş etdirdiyiniz bu fəallıq bir daha onu göstərir ki, siz artıq qərarınızı vermisiniz, qalır seçki günü bülletenlər vasitəsilə bu qərarı rəsmiləşdirmək. Əmin olun ki, mən də sizin bu seçiminizin və yüksək etimadınızın qarşılığında növbəti 5 ildə üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacam. Sizin hər birinizi 1 sentyabrda səsvermə məntəqələrində də belə mütəşəkkillik və birlik nümayiş etdirməyə çağırıram”.

23.08.2024 19:58
418