“Birlikdə Güclüyük” Seçicilərin Təşəbbüs Qrupu 8 saylı Binəqədi birinci seçki dairəsindən Azay Quliyevin deputatlığa namizədliyini irəli sürüb.
Musavat.com xəbər verir ki, bu barədə Təşəbbüs Qrupunun mətbuat xidmətindən məlumat verilib.
Xəbərdə qeyd olunur ki, 17 iyul 2024-cü il tarixdə 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində yaşayan seçicilər 1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Azay Quliyevin deputatlığa namizədliyini irəli sürmək məqsədi ilə təşəbbüs qrupu yaradıb.
8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində yaşayan ağsaqqalların, gənclərin, Vətən müharibəsi qazilərinin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi toplantıda təşəbbüs qrupunun “Birlikdə Güclüyük” adlandırılması barədə qərar qəbul olunub.
İclasda çıxış edən təşəbbüs qrupunun üzvləri Azay Quliyevin deputat kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirakını, beynəlxalq təşkilatlarda ölkəmizi uğurla təmsil etməsini qeyd ediblər. Çıxışçılar Azay Quliyevin 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərini VI çağırış Milli Məclisdə layiqincə təmsil etdiyini, seçiciləri ilə daim görüşdüyünü, onların qaldırdıqları məsələlərin həllinə hər zaman köməklik göstərdiyini və heç bir seçicini diqqətdən kənarda qoymadığını vurğulayıblar.
İclasa sədrlik edən Səlim Səlimov “Birlikdə Güclüyük” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən Azay Quliyevin 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi haqqında təklifi səsə qoyub və təklif yekdilliklə dəstəklənib.
VI çağırış Milli Məclisin deputatı Azay Quliyev göstərdikləri yüksək etimada görə Təşəbbüs Qrupunun üzvlərinə təşəkkür edib və bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və siyasi dühası, şanlı ordumuzun qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin şücaəti, xalqımızın fədakarlığı sayəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda, müstəqillik tarixindən bəri ilk dəfə olaraq ölkəmizin hər bir guşəsində, Qarabağda və Şərqi Zəngəzurda Milli Məclisə keçirilən seçkilərdə iştirak etmək hamımız üçün qürurvericidir.
Toplantıda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədlərin 8 saylı Dairə Seçki Komissiyasına təqdim olunması üçün səlahiyyətli nümayəndələr seçilib.
Musavat.com