Azay Quliyevdən cərimələrlə bağlı MÜHÜM AÇIQLAMALAR 

Deputat Azay Quliyev Milli Məclisin iclasındakı çıxışında Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərdən bəhs edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, COP-29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşan bir ölkə olaraq Azərbaycanın ətraf mühitin, yaşıllıqların və heyvanlar aləminin etibarlı şəkildə qorunması və bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə atdığı addımlar təqdir olunmalıdır.

“Hazırda müzakirə etdiyimiz Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər bu baxımdan əhəmiyyətlidir. Hər iki məcəlləyə təklif olunan dəyişikliklərin əsas məqsədi ağacların, kolların və yaşıllıqların qanunsuz kəsilməsinin və məhv edilməsinin qarşısını daha effektiv şəkildə almaq üçün həm cinayət məsuliyyətini, həm də inzibati məsuliyyəti artırmaqdır.

Əgər təklif olunan dəyişikliklər qəbul olunarsa, bu cür əmələ görə sanksiyalar sərtləşdirilir, cərimənin miqdarı 5-7 min manat deyil, cinayət nəticəsində vurulmuş ziyanın iki misli qədər, azadlıqdan məhrumetmə cəzası isə 2 ildən 3 ilə qədər artırılır. Bu əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə cərimənin həcmi 3 və ya 4 dəfə, azadlıqdam məhrumetmə cəzasının müddəti isə 6 ildən 8 ilə kimi artırılır”, - deputat qeyd edib.

Azay Quliyevin sözlərinə görə, ədalətli şəkildə layihədə o da qeyd olunur ki, təklif olunan dəyişiklik kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsinə şamil edilmir:

“Ancaq təəssüflər olsun ki, cəmiyyətdə cərimələrin artırılmasını bilərəkdən və ya bilməyərəkdən fərqli cür yozanlar da az deyil. Məişət tullantılarının, xüsusən də tütün məmulatlarının ətraf mühitə atılmasına görə cərimələrin artırılması ilə bağlı ictimai müzakirələrdə yol verilən manipulyasiyalar ciddi təəssüf hissi doğurur. Biri deyir ki, cərimələrin həcmi maaş və pensiyalara uyğun deyil, digəri isə deyir ki, cərimələr insanların cibinə görə deyil. Bu məntiqi başa düşmək çox çətindir, dünyanın heç bir yerində çəkindirici xarakter daşıyan cərimələrin məbləği pensiya və maaşlara görə müəyyən edilmir.

Axı cərimə məcburi ödəniş və vergi deyil. Burada çox sadə bir prinsip var - hər kəs qanuna əməl etsin, yəni qaydanı pozma və cərimə ödəmə. Ətraf mühitə hörmətlə yanaşmaq, şəhərimizin təmizliyinin qayğısına qalmaq həm də bir mədəniyyətdir. Hər il yüz minlərlə turist ölkəmizə gəlir, əcnəbilər Bakını dünyanın ən təmiz və ən gözəl şəhərlərindən biri kimi təsvir edəndə hamımız qürurlanırıq. Ona görə də yaxşı olardı ki, ictimai fəallar, media mənsubları və sosial şəbəkə iştirakçıları cərimələrlə bağlı edilən dəyişikliyin fəlsəfəsini və ruhunu olduğu kimi izah etsinlər, eyni zamanda ətraf mühitə və sağlamlığımıza zərər vuranların əməllərini ictimai qınaq obyektinə çevirsinlər”.

A.Quliyev sonda bir məsələyə də toxunub:

“Yaxşı olardı ki, inzibati xətalara görə cərimə sanksiyalarının artırılması haqqında təkliflər hazırlayan müvafiq qurumlar mövcud vəziyyətin statistikası barədə Milli Məclisə arayış təqdim etsinlər. Belə bir arayışın olması bizə imkan verər ki, cərimə sanksiyalarının artırılmasından sonra baş verən dəyişikliklərin dinamikasını aydın şəkildə görə bilək. Misal üçün, Milli Məclis 2 il öncə sürət həddinin artırılmasına görə cərimələrin həcmini artırandan sonra 2023-cü ildə yol-nəqliyyat hadisəsi 2022-ci illə müqayisədə 2 faiz azalıb. Yəni bu, özü-özlüyündə bir indikatordur.

Düşünürəm ki, bu cür məlumatlar həm də ictimai rəyin düzgün formalaşmasına əlavə töhfə vermiş olar”.

“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi ilə bağlı müzakirə zamanı isə A.Quliyev deyib: "İlk növbədə onu qeyd etmək lazımdır ki, hər iki qanun layihəsində irəli sürülən təkliflər "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" cənab Prezidentin 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərmanın icrası baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hər iki layihə ədalət mühakiməsinin institusional təminatı üçün yeni yanaşmalar təklif edir və ən vacibi isə təkliflərin məzmunu və mahiyyəti elə hazırlanıb ki, bunlar bir-birini tamamlayır.

1-ci, vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi, hakimlərin seçim prosesinin sürətləndirilməsini və şəffaflaşdırılmasını nəzərdə tutur.

Əgər əvəllər hakimlər yalnız yazılı və şifahi imtahan əsasında seçilirdilərsə, yeni təklifə əsasən hakimlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər.

Bu cür yanaşma daha bacarıqlı və bilikli, hakimin yüksək adına hörmət gətirə biləcək şəxslərin hakim seçilməsi, digər tərəfdən mümkün subyektiv amillərin qarşısını alınması baxımından faydalı ola bilər.

2-ci, xüsusi əhəmiyyət kəsb edən yenilik hakimlərin qiymətləndirilməsi ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır.

Layihəyə görə hakimlərin qiymətləndirilməsi birbaşa Məhkəmə Hüquq Şurası tərəfindən deyil, birinci, appelyasiya və ali məhkəmə hakimlərinin hər birindən 3 hakim olmaqla yaradılan Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən həyata keçiriləcək.

Məlum olduğu kimi, qüvvədə olan mətndə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası 112-c i maddədə detallı şəkildə əks olunub, lakin yeni layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən intizam tədbirlərinin görülməsi Məhkəmə Hüquq Şurası tərəfindən müəyyən edilən metodologiya və qaydalar əsasında həyata keçiriləcəkdir.

Qiymətləndirmənin məhkəmənin və hakimin fəaliyyəti ilə bağlı mütəmadi olaraq aparılan monitorinqin nəticələri, bu barədə elektron qaydada sistemləşdirilən baza məlumatları və müəyyən edilmiş konkret meyarlar əsasında aparılması imkan verəcək ki, qiymətləndirmə daha obyektiv və ədalətli olsun, eyni zamanda intizam tədbirləri yol verilmiş nöqsana adekvat və proporsional şəkildə müəyyən edilsin.

Ən azı qanun layihəsinin mahiyyətindən belə bir qənaətə gəlmək mümkündür.

Digər tərəfdən, qiymətləndirmənin yalnız hakimlər tərəfindən aparılması, məsələyə aid müvafiq səsvermə zamanı Məhkəmə Hüquq Şurasının yalnız hakim üzvlərinin səsvermədə iştirak etməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə də əlavə töhvə verəcək.

3-cü Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının yaradılması ilə bağlıdır. Bu da şəfaflığın təmin olunması və verilən şikayətlərin daha təkmil və operativ formada baxılması üçün yaxşı mexanizm rolunu oynaya bilər.

Göründüyü kimi, qanun layihəsində əks olunan müddəalar mütərəqqi xarakter daşıyır və bizim də gözləntimiz odur ki, bu dəyişiklər ölkəmizdə ədalət mühakiməsinin təntənəsinə xidmət etmiş olsun.

Ədalət mühakiməsindən söz düşmükşən, burada vəkillərlə bağlı bir məsələyə toxunmaq istərdim. Hazırda dövlət hesabına hüquqi yardımın hər saatına görə vəkilə cəmi 6 manat vəsiyyət ödənilir. Etiraf etmək lazımdır ki, bu vəsait keyfiyyətli hüquqi yardım üçün olduqca azdır.
Bu səbəbdən bir çox vəkillər dövlət hesabına hüquqi yardım göstərməkdə maraqlı olmurlar. Belə vəziyyət vəkillik institutnun inkişafına, xüsusilə regionlarda fəaliyyət göstərən vəkillərin sayının artmasına mənfi təsir göstərir.
Hətta, bu gün elə rayon var ki 1 nəfər vəkil, elə rayonda var ki, ümumiyytələ, vəkil fəaliyyət göstərmir.
Düşünürəm ki, bu məsələni gündəmə gətriməyə dəyər və yaxşı olar ki, aidiyyəti qurumlar vəkillik institutunun üzləşdiyi bu problemin həllinə diqqət ayırsın".

E.Paşasoy,
Musavat.com

18.10.2024 14:27
699