Azay Quliyev seçkiyə hesabatla başladı – 4 ildə görülən işlər

1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyasına seçicilərə müraciətlə, eyni zamanda ötən - VI çağırış millət vəkili olduğu dövrdə görülən işlərlə bağlı geniş hesabatı təqdim etməklə başlayıb.

Azay Quliyevin müraciətində deyilir:

- 8 saylı Binəqədi birinci seçki dairəsinin Seçicilərinə!
 Hörmətli Seçicilər!
 Əziz Dostlar!

Bildiyiniz kimi, 1 sentyabr 2024-cü il Milli Məclisə növbədənkənar seçkilər günüdür.

Müstəqillik tariximizdə ilk dəfədir ki, Milli Məclisə seçkilər ərazi bütövlüyünü bərpa etmiş suveren Azərbaycanımızın hər yerində, hər bir bölgəsində həyata keçiriləcək.

Biz artıq torpaqları işğal altında olan dövlət yox, cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlıq missiyası, sarsılmaz qətiyyəti, siyasi dühası və diplomatik məharəti, şanlı Ordumuzun döyüşkən ruhu və misilsiz qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin cəsurluğu, canı və qanı hesabına torpaqlarını işğalçılardan təmizləyən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, 200 illik erməni separatizminə birdəfəlik son qoyan qüdrətli dövlət və xalqıq.

Bu şərəfli və müqəddəs amal uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və veteranlarımıza möhkəm cansağlığı diləyirəm!

44 günlük böyük Zəfər və 1 günlük antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcəyin, yeni bir inkişaf mərhələsinin və yeni bir tarixi eranın əsasını qoyub.

Bu tarixi eranın bütün şərtlərinə və çağırışlarına hazır olmaq, hazırkı geosiyasi təlatümlarda milli maraqlarımızı güzəştsiz şəkildə qorumaq, dövlətimizin daha da güclənməsi və xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində cənab Prezident tərəfindən həyata keçirilən siyasətin uğurla davam etməsi baxımından sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər xüsusi əhəmiyyətə malikdir.

Əziz Seçicilər!

Məhz belə bir tarixi mərhələnin ruhuna uyğun olaraq “Birlikdə Güclüyük!” Seçicilərin Təşəbbüs Qrupu”nu yaradaraq namizədliyimi 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən irəli sürdüyünüzə, qısa müddətdə lazım olan imzaları verərək seçkilərdə iştirak etməyimə şərait yaratdığınıza, göstərdiyiniz yüksək etimada və inama görə Sizə bir daha sonsuz minnətdarlığımı bildirirəm.

Dəyərli Seçicilər!

VI çağırış Milli Məclisdəki təmsilçiniz olmaq kimi şərəfli vəzifəni mənə həvalə etdikdən sonra bu etimadın yüksək məsuliyyətini dərk edərək qarşıma bir məqsəd qoydum:

“mənim seçicim heç vaxt diqqətdən kənarda qalmamalı, seçdiyi deputat hər zaman əlçatan olmalı və Milli Məclisdə onun sözünü deməyi bacarmalıdır!”

İndi könül rahatlığı ilə deyə bilərəm ki, keçən müddət ərzində qarşıya qoyulan bu məqsədin və vəzifənin öhdəsindən layiqincə gəlmək, hər birinizin yanında olmaq, etdiyiniz müraciəti və qaldırdığınız məsələləri səlahiyyətlərim çərçivəsində həll etmək, Sizi və ölkəmizi aidiyyəti beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etmək üçün var gücümlə çalışdım.

Bu gün isə görülən işlərlə bağlı hazırladığım yazılı hesabatı (aşağıdakı linkdə əlavə olunur) məmnuniyyətlə Sizə təqdim edirəm!

Hesabatdan da göründüyü kimi, pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərə baxmayaraq Sizinlə təması kəsmədim, hər ay onlayn görüşlər təşkil etdim, tibbi və maddi yardıma ehtiyacı olanlara mümkün köməkliyi göstərdim.

Pandemiyanın yaratdığı məhdudiyyətlər azaldıqdan və ya tam aradan qaldırıldıqdan sonra hər ay mütəmadi olaraq (bəzən bir neçə dəfə) yaşadığınız evlərə, həyətlərə, məhəllələrə gəlib Sizinlə görüşdüm, qəbullar keçirdim, Sizi narahat edən problemlərin yerində və dərhal həlli üçün müvafiq dövlət qurumlarına müriacət etdim, eyni zamanda, bu problemlərin bir çoxunu Milli Məclisdə səsləndirdim.

Sizinlə məhəllə və həyətlərdə keçirdiyim canlı görüşlər (hesabatda bu görüşlərin bir qismi fotolarda təqdim olunur) bizi daha da doğmalaşdırdı. Çox şadam ki, məhz bu cür məsuliyyətli yanaşmanın nəticəsində tərəfinizdən qaldırılan əksər məsələlərin həllinə nail olmaq mümkün oldu. Həlli yubanan məsələlər isə ətraflı təhlil olunub, onların həllini sürətləndirmək üçün müvafiq hazırlıqlar görülüb və mənə yenidən etimad göstərəcəyiniz təqdirdə bu istiqamətdə səylərimi davam etdirəcəm.

Əminəm ki, faktlarla müşaiyət olunan hesabatla yaxından tanış olduqdan sonra Milli Məclisdə Sizi təmsil edən deputatınızın fəaliyyəti və gördüyü işlər haqqında daha dolğun və müfəssəl məlumat əldə edə biləcəksiniz.

Əziz Seçicilər!

Yuxarıda qeyd etdiyim kimi, 1 sentyabr 2024-cü ildə Milli Məclisə keçiriləcək seçkilər Azərbaycan üçün çox ciddi və taleyüklü bir tarixi eranın başlanğıcına təsadüf edir. Ona görə də bu seçkilər hər birimizdən daha məsuliyyətli, daha fəal olmağı və səsvermədə mütləq və mütləq iştirak etməyi tələb edir.

Mən ilk növbədə hamınızdan təbliğat-təşviqat kampaniyasında və səsvermədə yaxından iştirak etməyi xahiş edirəm!

Təbliğat-təşviqat mərhələsində müvafiq qaydada müəyyən edilmiş yerlərdə Sizinlə görüşlərimiz davam edəcək, lakin hər hansı bir obyektiv səbəbdən bu görüşlərdə iştiral etmək imkanınız olmasa, 8-ci mikrorayon, Azadlıq prospekti, 20 saylı binanın qarşısında yerləşən Seçki Qərargahıma Sizi maraqlandıran məsələ ilə bağlı müraciət edə bilərsiniz.

Hörmətli Seçicilər!

Bu seçkilərdə “Birlikdə Güclüyük!” şüarını seçməyiniz xüsusi məna daşıyır. Çünki biz nəyə nail olduqsa, birlikdə nail olduq. Birgə səsinizlə Siz məni deputat seçdiniz, mən də daim Sizinlə birlikdə olmağa, Sizə xidmət etməyə və göstərdiyiniz yüksək etimadı doğrultmağa çalışdım.

İnanıram ki, sentyabrın 1-də hamınız bir nəfər kimi seçkilərə gəlib artıq sınaqdan çıxmış bu Birliyə səs verəcək, Milli Məclisin deputatı kimi Sizə göstərdiyim xidmətin davamı üçün mənə verdiyiniz mandatı yeniləyəcəksiniz!

Dərin hörmətlə,
Sizin Azay Quliyev

09.08.2024 13:14
879