Azay Quliyev: ”Bu da digər 14 partiyanın dövlət büdcəsindən maliyyə alması deməkdir”

Milli Məclisin iclasında siyasi partiyalarla bağlı bir sıra qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Azay Quliyev bir sıra məsələlərdən bəhs edib.

Bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə ölkənin inkişafında siyasi partiyaların rolunun artırılması və demokratik təsisatların gücləndirilməsi məqsədilə yenis siyasi konfiqurasiya, siyasi partiyalarla etimad və dialoq mühiti yaradıldı və 2022-ci ildə “Siyasi Partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ilə bu sahədə dövlət siyasətinin etibarlı hüquqi bazası formalaşdırıldı:

“Məhz bunun nəticəsidir ki, daxildə milli məsələlər ətrafında güclü siyasi həmrəyliyə nail olundu, o cümlədən sonuncu parlament seçkilərində ölkədə fəaliyyət göstərən 26 partiyadan 25-i iştirak etdi. Düşünürəm ki, müzakirəmizə təqdim olunan dəyişiklər də bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir. Belə ki, bu dəyişiklər qanunvericilikdə mövcud boşluqların aradan qaldırılmasını, siyasi sistemin daha da təkmilləşdirilməsini və siyasi partiyaların fəaliyyətinin şəffaf və qanuni əsaslarla tənzimlənməsini nəzərdə tutur. Bu baxımdan təklif olunan 3 dəyişiklik haqqında bir sıra məqamları qeyd etmək istərdim.

Birinci, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında qanunda dövlət qeydiyatına alındıqdan sonra fəaliyyət göstərən qurumların siyahısına siyasi partiyalar da əlavə olunur. Çünki istənilən siyasi təşkilat qanunla müəyyən olunmuş qaydada rəsmi dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyətə başlamalıdır ki, bu da mövcud dünya praktikasına tam uyğundur.

İkinci dəyişiklik dövlət reyestrində qeydə alınmış partiya üzvləri haqqında məlumatların aşkarlığı ilə bağlıdır. Yeni dəyişikliyə əsasən siyasi partiya üzvlərinin reyestri haqqında məlumatlarla hər kəsin tanış olmaq imkanı olmayacaq və üzvlər haqqında məlumatlar yalnız müvafiq sorğu əsasında qanunla müəyən edilmiş qurumlara təqdim olunacaq. Bu da çox prinsipial dəyişiklikdi, çünki xatırlayırsınızsa siyasi partiyalar haqqında qanun qəbul olunan zaman bəzi müxalifət partiyaları iddia edirdilər ki, onalrın üzvləri haqqında məlumatların açıq olması, bu şəxslərə təzyiq üçün şərait yarada bilər. Baxmayaraq ki, bu iddianın heç bir əsası yox idi, ancaq yenə də, bugünkü dəyişiklik qəbul olunarsa bu məsələ də qanun səviyyəsində birdəfəlik həll olunacaq.

Üçüncü dəyişiklik partiyaların fəaliyyətində şəffaflıq və hesabatlılıq əmsalının artırılması haqqındadır. Belə ki, yeni dəyişikliyə əsasən bundan sonra Hesablama Palatası siyasi partiyaların da maliyyə fəaliyyətini yoxlaya biləcək. Bu da məntiqi yanaşmadır və məlum olduğu kimi, dünyanın bir çox ölkələrində dövlət büdcəsindən maliyyələşən partiyalara münasibətdə maliyyə nəzarət mexanizmləri tətbiq olunur”.

A.Quliyevin sözlərinə görə, həm də nəzərə alsaq ki, “Siyasi Partiyalar haqqında Qanuna” əsasən gələn ildən etibarən ilk dəfə olaraq yalnız parlamentdə mandat əldə edən 11 partiya deyil, parlament seçkilərində iştirak edən bütün partiyalar da namizədlərinin topladıqları etibarlı səs sayına görə dövlət tərəfindən maliyyələşdiriləcək:

“Bu da digər 14 partiyanın dövlət büdcəsindən maliyyə alması deməkdir. Beləliklə, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i büdcədən maliyyə alacaqdır. Hesab edirəm ki, dövlətin bu addımı həm siyasi partiyaların maliyyə müstəqilliyinə töhvə verəcək, həm də hakimiyyətin dialoq siyasətinin nəticələrindən biri kimi siyasi institutlara öz missiyalarını yerinə yetirmək və təşkilatlanmaq üçün əlavə imkanlar yaradacaq”.

E.Paşasoy,
Musavat.com

22.10.2024 13:48
244