Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvan istiqamətində rəqəmsal həllərin tətbiqini davam etdirir.
Musavat.com bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, aviaşirkət rəqəmsallaşmanı və şəffaflığı artırmaqla yanaşı, sözügedən marşrut üzrə sərnişinlərə göstərilən xidmət keyfiyyətini yüksəltmək məqsədilə reyslərə onlayn qeydiyyat xidmətini istifadəyə verir.
Yeni xidmət sərnişinlərə uçuşa 48 saat qalmış www.azal.az saytında və ya aviaşirkətin mobil tətbiqində onlayn şəkildə qeydiyyatdan keçmək imkanı yaradır.
AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app linkindən yükləmək olar.
Onlayn qeydiyyat sərnişinlərə oturacaq yeri seçmək və uçuşa gecikmə riskini minimuma endirmək imkanı kimi bir sıra üstünlüklər təklif edir.
AZAL oktyabrın 1-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imzanı tətbiq etməyə başlayıb. Bu yenilik də aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.