Azadlığa buraxılan Əfqanıstan vətəndaşı: "Bakıda qalıb, burada yaşamaq istəyirəm"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb

Əfv olunan şəxslər arasında 16 saylı cəzaçəkmə müəssəsində məhkumluqda olan Əfqanıstan vətəndaşı Həbibi Muytullah da var. Azərbaycan dilində çox yaxşı danışan Həbibi Muytullah əfv olunduğuna görə Azərbaycan Prezudentinə təşəkkür edib:

"1 il 6 ay cəza müddətim var idi. Astara rayonunda sərhəd pozuntusuna görə saxlanılmışdım. Biz üç nəfər idik. Digər bir nəfər artıq azadlığa buraxılıb, digərinin isə tezliklə azadlığa çıxmasını arzulayıram.

Mənim isə cəzamın 1 ili tamam olmuşdu. Şükürlər olsun ki, bu gün azadlıqdayam".

O, bildirib ki, bundan sonra Azərbaycanda yaşamaq və ölkəmizin vətəndaşı olmaq istəyir: 
"Azərbaycan dilini həbsxanadakı məhbuslardan öyrənmişəm. Əgər mənə burada vətəndaşlıq verilsə, həmişəlik Bakıda qalıb, burada yaşamaq istəyirəm".

Xatırladaq ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən üç nəfər azadlığa buraxılıb.

Onların hər üçü əcnəbidir. İki nəfər Əfqanıstan, bir nəfər isə Rusiya vətəndaşıdır. Sərəncama əsasən, ümumilikdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Ümumilikdə sərəncamla əfv olunanlar sırasında səkkiz nəfər əcnəbi vətəndaş var.



Xalidə Gəray
Musavat.com

26.05.2024 11:15
982