Azad olunan ərazilərin bərpası üçün 8,1 milyard manat haradan alınacaq?

Yaxın 5 il ərzində (2022-2026) işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin köçürülməsi üçün 30,5 milyard manat tələb olunur.

Musavat.com iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, hökumətin açıqladığı 2024-cü il üzrə büdcə sənədinə əsasən, 2023-cü ili də nəzərə alsaq, artıq bu vəsaitin təxminən 11,9 milyard manatı xərclənib:

“Yəni qarşıdakı 3 ildə əlavə təxminən 18,6 milyard manat da xərclənməlidir, amma bücədən növbəti 3 ildə cəmi 10,6 milyard manat xərclənəcəyi göstərilir. Sənəddən aydın olur ki, dövrün sonuna (2026-cı il) qayıdış proqramının icrası üçün dövlət büdcəsindən tələb olunandan 8,1 milyard manat az -ümumilikdə 22,4 milyard manat xərclənəcək.

Yerdə qalan 8,1 milyard manatın hansı mənbədən cəlb olunacağı sualı açıq qalır.

Bu açıqlamada diqqəti çəkən bir məqam da qayıdış üçün bərpa xərclərinin gözləntilərin çox üzərində olmasıdır. Müharibənin yenicə bitdiyi dövrdə ekspert müzakirələrində tam bərpanın 20-25 milyard dollara (cari məzənnə ilə 35-40 milyard manat) başa gəlməsinin mümkünlüyü səsləndirilirdi.

Doğrudur, ilk mərhələdə əsas xərc aparan infrastruktur layihələrinin əhəmiyyətli hissəsinin icra olunacağı gözlənilir. Amma nəzərə alaq ki, 2026-cı ilin sonuna qədər köçürüləcək potensial əhalinin cəmi 20 faizinin qaytarılacağı, bərpa olunacaq yayayış məntəqələrinin isə təxminən dörddə birinin qurulacağı planlanır. Yəni 2-ci mərhələ üçün daha böyük həcmdə sərmayə tələb olunacaq” - o deyib.

Ekspertə görə, neft-qaz gəlirləri yüksək olduqca, ölkə bu yükün ağırlığını hiss etməyəcək.

Musavat.com

31.10.2023 15:03
3247