"Aygün Bəylər oğlan kimi böyümüşdü. Ağır təbiətli, kişi xasiyyətli idi. Ailədə biz beş bacı, bir qardaş olmuşuq. O heç zaman efirdə bacılarının adlarını çəkməyib. O heç zaman efirdə ailəmiz haqqında danışmayıb".
Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova qonaq olduğu "O üz" verilişində deyib.
Aparıcı Ülviyyə Xəlilbəylinin "Ölümündən sonra Aygün Bəylərin ailə söhbətləri daha çox müzakirə olundu. Onun həyat yoldaşı haqqında danışıldı. Hətta qızı Cahanın atasının yanına, Almaniyaya getməsi haqqında xəbərlər çıxdı" sözlərinə mərhumun bacısı belə cavab verib:
"Bunların hamısı reytinq xətrinə idi. Aygün sağ olsaydı, bu mövzular gündəm olmayacaqdı. Mənim onun həyat yoldaşının sosial şəbəkədə nə paylaşıb, nə paylaşmadığı haqda xəbərim yoxdur. Bacımın vəfatından sonra o bizlə danışmadı. Cahanın bibisi, əmisi oğlu zəng vurub başsağlığı vermişdilər və Aygünün 40 məclisindən sonra da əlaqə saxlamışdılar. Onlar Aygünün məzarı üstünə də ziyarətə gəlmişdilər. Onlar Almaniyada yaşayırlar. İki günlük Bakıya gəlmişdilər. Onlar pis insanlar deyillər".
Aygünün bacısı bildirib ki, onun hazırda Almaniyanın Berlin şəhərində yaşayan keçmiş həyat yoldaşı Rəsul Vilayət ilə heç bir əlaqəsi olmayıb:
"Aygünün həyat yoldaşı ilə şəxsi münasibətim olmayıb. Onunla danışmamışam və ondan məlumatım da yoxdur".
Xatırladaq ki, Aygün Bəylər təxminən 15 il öncə Rəsul Vilayətlə qeyri-rəsmi nikahda olub. 2009-cu ildə onların Cahan adlı qızı dünyaya gəlib. 14 yaşlı Cahan hazırda Bakıda xalasının himayəsində yaşayır. Rəsul Vilayət ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycanı tərk edərək Almaniyaya köçüb. O, hazırda Berlində özünün yaratdığı "Barini MUSIC Production" şirkətinə rəhbərlik edir. Berlindəki həyat yoldaşı ilə evlilikdən 3 övladının olduğu bildirilir - 2 oğlan, 1 qız.
Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.