"Leyla Bədirbəyli, Hökümə Qurbanova, Həsən Turabovun son gününü heç kim görmədi"
"Mən anayam, nənəyəm, müəyyən yaşa çatmış bir qadınam. Özümdən sonra nəsil yetişdirməliyəm. Çox təəssüflər olsun ki, Mədəniyyət və İncəsənət universitetindən səhhətimə görə uzaqlaşdım. Baxmayaraq ki, illərdir universitetdən çıxmışam, bu günə qədər telefonum tələbələrimin əlindən susmur. Hamısı zəng edib, maraqlanırlar, xoş sözlər deyirlər. Bu bir növ mənim insanlığımdır, cəmiyyətdə özümü təsdiqimdir ki, bir ana, bir aktrisa, bir vətəndaş kimi kiminsə köməyinə gələ bilirəmsə, kiməsə yarıyıramsa bu insan üçün böyük xoşbəxtlikdir".
Musavat.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib.
"Tanınmış aktyorlar xalqın içindən çıxırlar, öz istedadları ilə cəmiyyətdə yer tuturlar. Sənətkarlar vaxtında onlara qarşı olan hörmətlərindən, titullarından artıq başqaları üçün istifadə etməlidirlər. Aktyor, incəsənət xadimi eqoist olmamalıdır. Ancaq özümü fikirləşə bilmərəm, bu günahdır. Biz hamımız bir nəfər üçün, bir nəfər isə hamımız üçün olmalıyıq. Bu şüar altında biz işləməliyik. Əgər ömür vəfa edərsə çox istərdim, etməzsə də məndən sonra inandığım insanlar var, cavandırlar, istedadlıdırlar. Onlar fikirləşsinlər ki, bir aktyorla teatr olmur. Bir güllə bahar olmadığı kimi. Bir-birinin ayağından çəkmək, dayılarından, əmilərindən istifadə etmək heç vaxt onlara şərəf gətirməyəcək. Ən böyük sevgi xalqın sevgisidir. Əgər o səndə yoxdursa, olmayacaq da. İstedadı nə bölmək olmur, nə də ki, almaq. İstedad Allah vergisidir. Mən onu heç kimlə bölə bilmərəm. İstedadı olan insanlara meydan genişdir. İncəsənəti, mədəniyyəti xalq, dövlət qoruyur. Onların qayğısı, sevgisi olmasa biz heç nə edə bilmərik. Bu mümkün deyil. Biz yaradıcı insanlarıq", - deyə sənətkar deyib.
Sənətkar bəzi verilişlərdən də gileylənib.
"Efirlərdən də çox böyük narazılıqlarım var. Hər şeydən əvvəl bizim ağır mentalitetimiz var. Biz müsəlmanıq. Bayağı verilişlərə çıxmaq olmaz. Bu bizə yaraşmır. Biz efirsiz o qədər məsələləri həll etmişik ki. Bu vacib deyil efir vasitəsilə olsun. Hamının ehtiyacı var. Bizim korifeylərimiz olub. Leyla Bədirbəyli kimi, Hökümə Qurbanova kimi gözəllər gözəli aktrisalarımız olub ki, onların son günlərini heç kim görməyib. Bizim Həsənağa Turabovumuz var idi, oğlunu itirdi. Heç kim onu zəif görmədi. Dözə bilmədi, dünyadan da elə Həsənağa Turabov kimi getdi", - deyə xalq artisti Afaq Bəşirqızı deyib.
Sənətkar bildirib ki, hər zaman rejissorlara sərbəstlik verib.
"Biz tamaşanı quranda ümumi qurmuşuq. Çox sağ olsunlar rejissorlar ki, mənim fikirlərimlə razılaşıblar, mən onların fikirləri ilə razılaşmışam. Bir-birimizə qarşı addımlar atmışıq. Hansı təklif daha vacib, daha yararlıdır? Aktyor da insandır. Yaşından asılı olmayaraq səhnədən doymur, qocalmır. Əlbəttə, bilməlidir ki, artıq onun səhnə yerişi kövrəkləşib, zəifləyib. O səhnədən vaxtında getməlidir. Amma səhnədən doymursan", - deyə sənətkar bildirib.