Qubada hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nübar İsazadə və İftixar Ağayevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 19-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsazadə 10 il və İ.Ağayev isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bu hökmdən onlar narazı qalıblar və apellyasiya şikayəti veriblər. Sumqayıt Apellyasiya Məhkəməsi hər iki şəxsin apellyasiya şikayətini təmin etməyib.
İttihama əsasən, N.İsazadə Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyevin tələbəsi olub və aralarında intim yaxınlıq baş verib. N.İsazadə işlədiyi elektronika mağazasının müdiri İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yayacağı ilə E.Əfəndiyevi hədələyib, ondan 75 min manat pul tələb ediblər.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.