“Axsaq ördəklərin” Berlində görüşü

“Politico” yazıb ki, Bayden artıq təqüddə hesab oluna bilər, Şoltzun daha kansler olmaq şansı yoxdur, Makron isə bu ilin yayındakı seçkidən sonra “axsaq xoruz”a çevrilib  

ABŞ Prezidenti Co Bayden Avropaya vida səfəri zamanı müttəfiqləri - Almaniya, Fransa və Britaniya liderləri ilə Berlində nələri müzakirə etdiyi dünya mediasının diqqətindədir.   Almanların bildirdiyinə görə, danışıqların əsas mövzularından biri Kiyev və Zelenskinin “qələbə planı”na əlavə yardımın göstərilməsi imkanları olub. Görüşə Ukrayna Prezidentuinin dəvət edilməməsi diqqət çəkib.  

Berlində keçirilən görüşdə Bayden çıxışında qeyd edib ki, Almaniya ABŞ-ın ən yaxın və mühüm müttəfiqlərindən biridir. Eyni zamanda, o, Almaniyanın Ukraynaya dəstəyinin  “yüksək qiymətə” malik olduğunu bildirib.  

Baydenin Ukrayna məsələsi ilə bağlı Avropa liderləri ilə apardığı danışıqların nəticələrinə dair xəbərlər Amerika mətbuatında birinci səhifələrdə yer almayıb.   Bu danışıqları “axsaq ördəklərin” görüşü kimi qiymətləndirənlər də olub.  “Politico” yazıb ki, Bayden artıq təqüddə hesab oluna bilər,  gələn il Şoltzun kansler ola bilmək şansı yoxdur,  Makron isə bu ilin yayında onun üçün fəlakətli seçkilərindən sonra “axsaq xoruz”a çevrilib. 

27fb858511704a90a93ce3b983a36a13.jpg (129 KB)

Müttəfiqlər Kiyevi taleyin ümidinə  buraxmayacaqlarını,  Ukraynaya maddi və hərbi dəstək verəcəklərini, xüsusən də gözlənilən qış ərəfəsində humanitar yardımın vacibliyini vurğulayıblar.  Zelenskinin “Qələbə planı”na gəlincə,  liderlər onu  “öyrənilməyə davam edir”. NATO silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi ilə bağlı da rəsmi bilgi yoxdur.  ABŞ və Almaniya Moskvanın bunun NATO-nu münaqişənin birbaşa iştirakçısına çevirəcəyi və cavab zərbələri ilə nəticələnəcəyi barədə xəbərdarlığını nəzərə alaraq Kiyevə buna razılıq verməyə tələsmir.  

Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, gələn il Kiyevə hərbi yardım iki dəfə azaldıla bilər. Paris artıq büdcə kəsiri ilə bağlı problemlərə görə Kiyevə vəd edilən 3 milyard avronun ayrılmasının mümkün olmayacağını bildirib.  Berlin də hələ bir müddət əvvəl gələn il Ukraynaya yardımının iki dəfə azalacağını bəyan edib.  Amma onlar  Qərb tərəfindən dondurulmuş Rusiya aktivlərindən gəlir şəklində zəmanətlə 50 milyard dollar verəcəklərinə söz veriblər.

Zelenskiyə gələn ay Ramstaynda virtual formatda görüşdə “Qələbə planı”nı müzakirə edəcəyi vəd edilib. Bəllidir ki, Bayden bu ay ən yüksək səviyyədə keçirilməsi nəzərdə tutulan görüşdə ABŞ-ı vuran qasırğaları əsas gətirərək iştirak etmədi və tədbir təxirə salındı. Virtual görüşlərdə isə bir qayda olaraq, taleyüklü qərarlar qəbul edilmir.

Təbii ki, Qərb liderləri Yaxın Şərq münaqişəsini də  müzakirə ediblər.  Bir il əvvəl İsrailə hücumun təşkilatçısı olduğu güman edilən HƏMAS-ın yeni lideri Yəhya Sinvarın öldürülməsi  ölkə lifderləri sevinclə qarşılayıblar.  Bayden deyib ki,  Sivarın öldürülməsi “İsrail, ABŞ və dünya üçün yaxşı gündür”. Artıq atəşkəs danışıqlarının qarşısında duran əsas maneə aradan qaldırılıb.   

Musavat.com

19.10.2024 21:47
1337