Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Paytaxtda "Kasko Sığorta" şirkətinin adından 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq edən Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fərid Cəlalov ifadə verərək özünü təqsirli bilmədiyini bildirib. O, hakim və prokurorun suallarına cavab verərək zərərçəkənlərlə bağlı məsələlərə aydınlıq gətirib. Cəlalov ittihamda zərərçəkən kimi tanınan şəxslərin əksəriyyətindən aldığı məbləğlərin qarşılığında onlara müxtəlif avtomobillər verdiyini vurğulayıb. Müəyyən şəxslərdən aldığı pulun müqabilində söz verdiyi avtomobilləri onlara təhvil verə bilmədiyini qeyd edib.

"Həmin şəxslər mənim vasitəmlə çox pul qazanıblar, pul qazananda ziyan da çəkiblər" deyərək Cəlalov məhkəmə zalında əyləşən zərərçəkənlərə iradını da bildirib.

Cəlalov ifadəsi zamanı yalnız üç məsələ üzrə özünü təqsirli bilib:

"Kamillə avtosalonda tanış olmuşuq. Maşın alıb gətirirdim, qonşular da görürdü. Zərərçəkmiş Yusif Babayev deyir ki, guya ona 29 min 200 manat ziyan vurmuşam. Bir neçə maşın satmışam. Üç ədəd 7 min manat dəyərində "Toyota Corolla" satmışam. Zərərçəkmiş Elşən Rüstəmov da qonşum olub, onu da Səbuhi gətirib. Deyir 29 min 500 manat pul verməliyəm. Elşən rayon qeydiyyatındadır, neçə dəfə yoldaşının adına maşın sənədləşdirmişəm. Pulunu verdiyi maşınları sənədləşdirib adına salmışam. Beş mini şişirdib 50 min yazıblar".

Zərərçəkən Səbuhi Rüstəmov deyir ki, 42 min 500 manat borcum var:

"Bu məsələ ilə bağlı Kamil Habillinin heç bir rolu yoxdur. Avtomobilləri dörd nəfər tanışının adına sənədləşdirmişəm. Seymura "Pajero", Əhlimana "Santa Fe", Eminə "X-35", Zaura isə "Sonata" vermişəm. Bilal Muradzadəyə 15-20 maşın vermişəm. Deyir ki, 97 min verəcəyim var. Ona bir neçə maşın vermişəm".

Təqsirləndirilən ifadəsi zamanı onu da bildirib ki, zərərçəkmiş Fəxri Cəfərova 197 min 500 manat borcu yoxdur: "O, 55 min manat bir, 30 min manat da bir verib. Qarşılığında hamısına maşın vermişəm. Taleh Mirzəyev deyir ki, 7 min manata borcum var. Onu ümumiyyətlə tanımıram. Rafiq Vəliyevə 3 min manat borcum var, "Toyota Corolla" verməli idim, 700 manatını qaytardım, qalanını verə bilmədim. Üç hadisədə özümü təqsirli bilirəm".

Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş qismində tanınıb və onlara ümumilikdə bir milyon manata yaxın ziyan dəyib. Kamil Habilli və Fərid Cəlalov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

02.09.2024 21:43
918