Bu gün saat 16:00-da 160 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobusda sərnişinlə sürücü arasında mübahisə yaranıb. Buna səbəb qadın sərnişinin avtobusa vaxtından tez minməyə çalışması olub.
Sürücü, avtobuslar arasında hərəkət etmə intervalına əsasən hələ çıxmayacağını və həmin dayandığı yerdən sərnişin götürülməsini qanuna uyğun olmadığını bildirib. O qeyd edib ki, bunun cəriməsi 100 manat olduğunu dəfələrlə xanıma bildirsə də, o buna məhəl qoymayaraq mübahisə etməyə başlayıb. Daha sonra isə həmin qadın, hətta əvvəlki dayanacaqdan minmiş sərnişini məcbur düşürtməyə çalışıb. Bu zaman isə qadınlar arasında da mübahisə başlayıb.
Zaman-zaman sürücülərin avtobusu dayanacaqda saxlamadıqlarına görə belə mübahisələrin şahidi oluruq. Bəs görəsən, illərlə davam edən bu problemin necə həll olunmalıdır? Nə kimi tədbirlər görülməlidir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov “Yeni Musavat” a mövzunu belə şərh edib: “Belə mübahisələrin aradan qalxması üçün istiqamətləndirilmiş işlər aparmaq lazımdır. İlk öncə insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. Avtobusları ancaq dayanacaqda saxlamalı və bu qaydaya əməl etməlidirlər. Həm sürücülər, həm də insanlar bunu gündəlik davranış tərzinə çevirməlidirlər. Digər istiqamətləndirilmiş iş isə dayanacaqdan kənarda saxlayaraq qaydaları pozan sürücülər haqda aparılmalıdır. Artıq sürücülər də bilməlidir ki, dayanacaqdan kənarda saxlamaq olmaz. Avtobusun saxlanmasını tələb edən şəxsin kimliyindən asılı olmayaraq qaydalara əməl etməlidir. Bu iki istiqamətdə iş görülsə və ciddi nəzarətdə olsa belə mübahisələr aradan qalxar”.
Ekpert onu da əlavə edib ki, ümumən insanlar arasında nəzəri mühitin, qarşılıqlı hörmətin ictimai normalara riayət etmək bacarığının formalaşması üçün işlər görülməlidir.
Flora Əsgərli
Musavat.com