Avstriya Sənayeçilər Assosiasiyasının rəhbəri Georg Knill hesab edir ki, ölkənin Energetika Nazirliyi Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılmasına adekvat hazırlıq görməyib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə o, Vyanada keçirdiyi mətbuat konfransında danışıb.
Knillin fikrincə, Avstriyanın energetika naziri Rusiyadan qaz nəqlinin dayanması vəziyyətinə hazırlıq üçün çox gec fəaliyyətə başlayıb. Onun sözlərinə görə, nazir müəssisələrdən alternativ enerji təchizatçıları tapmağı tələb edib. “Bu, bizim gözlədiyimiz enerji siyasəti deyil, gələcək illər üçün sənayenin enerji mənbəyi kimi qaza ehtiyacı olacaq”. Knill hesab edir ki, hakimiyyət Avstriyanın bir təchizatçıdan asılı olmasına imkan verməyəcək ətraflı diversifikasiya planı hazırlamalıdır.
2018-ci ilin iyununda “Qazprom Export” MMC ilə OMV Gas Marketing & Trading GmbH arasında Rusiya təbii qazının Avstriyaya tədarükünə dair mövcud müqavilənin 2040-cı ilə qədər uzadılmasına dair saziş imzalanıb. Əvvəllər müqavilə 2028-ci ilə qədər qüvvədə idi. Müqavilə “al və ya ödə” prinsipinə əsaslanır, yəni OMV qazı faktiki qəbul etməsə belə, pul köçürməyə borcludur.
Avstriya Rusiya qazından imtina etmək niyyətini dəfələrlə bəyan edib. Bununla yanaşı, cari ilin may ayında ölkənin qaz idxalında Rusiya qazının payı 90 faiz təşkil edib.
Hazırda Ukrayna ərazisindən keçən tranzit xətti Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə nəqli üçün yeganə marşrut olaraq qalır.
Musavat.com