Avstriyada oktyabrın 9-da keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 8 namizədin yarışdığı marafonda dövlət başçısı Aleksandr Van der Bellen 54,6 faiz səslə önə çıxıb.
1944-cü il təvəllüdlü Aleksandr Van der Bellen iqtisadçı alimdir. Yaşıllar Partiyasının lideri, parlamentin aşağı palatasının və Vyana Şəhər Məclisinin üzvü olub.
2016-cı il dekabrın 4-də prezident seçilən Aleksandr Van der Bellen 2017-ci il yanvarın 6-da səlahiyyətlərinin icrasına başlayıb.
Prezident ümumxalq seçkisində 6 il müddətinə seçilir. Eyni şəxs dalbadal iki dəfədən artıq prezident ola bilməz.
Parlament respublikası olan Avstriyada hökumət 183 yerlik aşağı palataya seçkinin nəticələri əsasında formalaşır. Əsas fiqur hökumət başçısı – kanslerdir.