Avstraliyada iqtidar AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli hərbi ittifaqı) tərəfdaşlıq razılaşmalarının gerçəkləşdirilməsi fonunda nüvə sualtı təlim proqramının start götürdüyünü açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Baş nazir Entoni Albanesen bildirib.
Baş nazir vurğulayıb ki, ilk mərhələdə 200 hərbçi və Avstraliya universitetlərinin məzunları təlim və təkmilləşdirmə proqramına qatılacaq.
“Bu təşəbbüs yaxın iki ildə 200 nəfəri nüvə sualtı qayıqlarını idarə etmək və saxlamaq üçün lazım olan fənlər və peşələr üzrə öyrətməyə şərait yaradacaq”, – hökumət başçısı qeyd edib.
Onun sözlərinə görə, kadr hazırlığı və yenidənhazırlanma proqramının ilkin mərhələsində sənaye istehsalı və emalı, layihələrin idarə edilməsi və logistika prioritet istiqamətlər olacaq. 2040-cı ilə qədər bu və digər təhsil proqramları çərçivəsində ölkədə nüvə sualtı donanmasının tikintisi və istismarı ilə bağlı obyektlərdə 20 mindən çox yüksəkixtisaslı işçinin çalışacağı gözlənilir.