Avropa Komissiyası (AK) 2024-cü ildə avrozona iqtisadiyyatı üçün artım proqnozunu əvvəllər gözlənilən 1,2 faizdən 0,8 faizə endirib. Avropa İttifaqı üzrə iqtisadi artım proqnozu isə 1,3 faizdən 0,9 faizə endirilib.
Musavat.com xəbər verir ki, Avropa Komissiyasının hesablamalarına görə, 2023-cü ildə avrozona və Aİ-nin ÜDM-i hər biri 0,5 faiz artıb.
Tənzimləyicinin proqnozuna görə, 2025-ci ildə avrozona iqtisadiyyatının artım tempi 1,5 faizə, Aİ-də isə 1,7 faizə qədər sürətlənəcək. Noyabrda tənzimləyici müvafiq olaraq 1,6 faiz və 1,7 faiz artım proqnozlaşdırmışdı.
Komissiyanın icmalına əsasən Avropa iqtisadiyyatında durğunluq əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, xarici tələbin azalması, pul siyasətinin sərtləşdirilməsi, həmçinin 2023-cü ildə fiskal stimullaşdırmanın qismən dayandırılması ilə əlaqələndirilir: "İqtisadiyyat keçən ilin ikinci yarısında texniki tənəzzüldən cüzi şəkildə qaçdı və birinci rübdə onun perspektivləri qeyri-müəyyən olaraq qalır".
Eyni zamanda inflyasiya proqnozları ilə bağlı müsbət cəhətlər də var: “Enerji qiymətlərinin kəskin düşməsi inflyasiya təzyiqlərinin geniş yayılmış və gözləniləndən daha kəskin azalmasına səbəb olub. Regional enerji təchizatı tələbi üstələməyə davam etdiyi üçün neft və xüsusilə qaz qiymətləri noyabrda gözlədiyimizdən xeyli aşağıdır".
AK qeyd edir ki, Qırmızı dənizdəki vəziyyətlə əlaqədar yükdaşıma xərclərinin artması ilə bağlı kiçik risklərə baxmayaraq, Avropada baza inflyasiyası davamlı olaraq yavaşlamağa davam edir:
“Ümumiyyətlə, bu il iqtisadi fəallığın tədricən sürətləndirilməsi üçün şərait qalmaqdadır”.
Avropa Komissiyasının proqnozuna görə, bu il avrozonada inflyasiya (HICP indeksi) 2023-cü ildəki 5,4 faizdən 2,7 faizə, 2025-ci ildə isə 2,2 faizə qədər zəifləyəcək. Noyabr ayında 2024 və 2025-ci illər üçün inflyasiya dərəcələri müvafiq olaraq 3,2 faiz və 2,2 faiz səviyyəsində proqnozlaşdırılırdı.
AK qlobal ÜDM-in (Aİ istisna olmaqla) 2024-cü ildə 3,3 faiz, 2025-ci ildə isə 3,5 faiz artacağını proqnozlaşdırır. 2023-cü ildə artım tempi, tənzimləyicinin hesablamalarına görə, 3,5 faiz təşkil edib.
Komissiyaya görə, Almaniya iqtisadiyyatı bu il 0,3 faiz və gələn il 1,2 faiz, Fransa - 0,9 faiz və 1,3 faiz, İtaliya - 0,7 faiz və 1,2 faiz, İspaniya - 1,7 faiz və 2 faiz artacaq.
Musavat.com