Avrozonada iqtisadi artım azalma ilə əvəz olunub

Avropa İttifaqı Statistika İdarəsi oktyabr ayı üzrə avrozonanın iqtisadiyyatına dair statistikanı açıqlayıb.

Musavat.com xəbər verir ki, idarənin ilkin hesablamalarına əsasən, oktyabr ayında avrozonada istehlak qiymətləri illik müqayisədə 2,9 faiz artıb. Beləliklə, inflyasiyanın sürəti sentyabrdakı 4,3 faizdən kəskin azalaraq 2021-ci ilin iyul ayından bəri minimum səviyyəyə düşüb.

Trading Economic analitiklərinin konsensus proqnozu avrozonada inflyasiyanın 3.1 faizə qədər azalmasını nəzərdə tuturdu.

Avrozonada enerji qiymətləri sentyabrda 4,6 faizlik azalmadan sonra oktyabrda illik 11,1 faizlik azalma nümayiş etdirib. Ərzaq, alkoqol və tütün məmulatlarının qiymətlərinin artım sürəti 8,8 faizdən 7,5 faizə, xidmətlər üzrə inflyasiya sürəti 4,7 faizdən 4,6 faizə enib.

Oktyabr ayında ərzaq və enerji xərcləri istisna olmaqla qiymət artımı (CPI Core index) 2022-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə enib - sentyabrdakı 4.5 faizdən 4.2 faizədək azalıb.

Statistika İdarəsinin digər məlumatına əsasən avrozonanın ÜDM-i üçüncü rübdə əvvəlki üç ayla müqayisədə 0,1 faiz azalıb. Buna baxmayaraq, illik ifadədə avrozona iqtisadiyyatında cüzi də olsa artım var - 0,1 faiz.

Trading Economics analitikləri orta hesabla iyul-sentyabr aylarında ÜDM-in rüblük ifadədə dəyişməyəcəyini və illik müqayisədə 0,2 faiz artacağını gözləyirdilər.

Yenidən işlənmiş məlumatlara görə, avrozona iqtisadiyyatı aprel-iyunda əvvəlki rüblə müqayisədə 0,1 faiz deyil, 0,2 faiz böyüyüb. İllik artım isə 0,5 faiz təşkil edib.

Avrozonanın aparıcı iqtisadiyyatına malik Almaniyanın ÜDM-i üçüncü rübdə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb, Fransada - 0,1 faiz artıb, İtaliyada - dəyişməyib, İspaniyada - 0,3 faiz artıb.

İlkin məlumatlara görə, ötən rübdə Aİ-nin ÜDM-i həm rüblük, həm də illik ifadədə 0,1 faiz artıb.

Musavat.com

31.10.2023 18:40
462