Avrozonada inflyasiya gözləntiləri kəskin azaldı

Avrozonada istehlakçıların 2024-cü il üçün inflyasiya gözləntiləri noyabrda 4 faizdən 3,2 faizə qədər azalıb.

Bloombergin Avropa Mərkəzi Bankının (ECB) aylıq keçirdiyi istehlakçı sorğusunun nəticələrinə əsasən yaydığı məlumata görə, bu, 1,5 ildən çox müşahidə zamanı rekord aşağı göstəricidir.

Agentlik bildirir ki, bu, analitiklərin Avropa tənzimləyicisinin gələcək faiz dərəcələrinin azaldılması ilə bağlı təxminlərini təsdiqləyir. Bundan əvvəl ECB sədri Kristina Laqard vurğulamışdı ki, qısa müddətdə faiz dərəcələrində azalma gözləmək lazım deyil, bu, “yalnız rəsmilər inflyasiyanın hədəfə qayıdacağına əmin olduqda” baş verəcək. Bloombergin istinad etdiyi Almaniya Federal Bankının (Bundesbank) rəhbəri Yoahim Nagelin sözlərinə görə, faizlərin azaldılması “yaydan tez olmayacaq”.

Agentliyin ehtimalına görə, ECB inflyasiyanın yavaşlaması fonunda 2024-cü ildə faiz dərəcələrini dörd dəfə aşağı salmağa qərar verə bilər. Onun hesablamalarına görə, tənzimləyici iyun, sentyabr, oktyabr və dekabr aylarında depozit dərəcəsini 25 baza bəndi azaldacaq. Nəticədə ilin sonunda 3 faizə düşəcək.

Hazırda Avropa Mərkəzi Bankının baza faiz dərəcəsi illik 4,5 faiz, depozitlər üzrə faiz dərəcəsi 4 faiz, ECB-nin qısamüddətli kreditləri üzrə isə 4,75 faiz təşkil edir.

Musavat.com

16.01.2024 19:53
603